Cəmiyyət 

ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ

ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ-Qızıl Orda və ondan törəmə tatar xanlıqları

(tarixi-etnoqrafik oçerklər)

K R I M  X A N L I Ğ I

Krım xanlığının itaət altına alınması Rusiya üçün hələ XVII əsrdən prinsipial önəm daşıyırdı. Birincisi, Qızıl Ordaya görə. Rus xalqını 300 il əsarət altında saxlamış Qızl Orda onun taleyini dəyişmiş, dünyagörüşündə, düşüncə və yaşayış tərzində silinməz izlər buraxmışdı. Kazan, Qasım, Həştərxan, Sibir xanlıqlarının, Noqay uluslarının işğalından sonrakı dövrdə Krım xanlığı Qızıl Ordanın sonuncu xələfi olaraq onun xofunu və vahiməsini diri saxlamış, fürsət düşdükcə, var gücü ilə ətrafa saçmışdı. Bu mənada varisi yaşadıqca Qızıl Orda təhlükəsi də rus çarlarının kabusu, daha dəqiq deyilsə, irreal deyil, məhz real təhlükə mənbəyi idi. İvan Qroznı, Boris Qodunov, Mixail Romanov, Böyük Pyotr kimi əzəmətli çarlar bu kabusun axırına çıxa bilməmişdilər. Əksinə, Krım xanlığı daha da güclənmiş, qüdrətini artırmışdı. Krım Cuci uluslarının tacı sayılırdı. Elə buna görə əski Qızıl Orda yurdlarının fütuhatını onun işğalı ilə zinətləndirmək Rusiya dövləti qarşısında təxirəsalınmaz və şərəfli bir vəzifə kimi dururdu. Lakin bu heç də asan olmamışdı.

Krım xanlığı elə bir qüdrət qazanmışdı ki, özü Osmanlı dövlətindən asılı ola-ola Kazan, Həştərxan xanlıqlarına, Şimali Qafqaz xalqlarına arxa çıxır, Noqay tayfalarını himayə edir, Ukrayna kazaklarının milli azadlıq hərəkatında aparıcı rol oynayırdı. Krım xanlığı elə bir gücə sahib idi ki, dəfələrlə Rusiyanı diz üstə çökdürmüş, 1521-ci ildən ta 1770-ci ilədək Moskvadan bac və xərac almışdı. Bu, yəqin dünya tarixində nadir hallardandı (bəlkə də yeganə haldı) ki, bir dövlət başqa başqa bir dövlətin “vassal”ına az qala 300 il ərzində vergi ödəsin.

Dünya dəniz ticarəti şəbəkəsinin Qərb dövlətləri tərəfindən bölüşdürüldüyü bir vaxtda Krım xanlığı Rusiyanın bu bölgüdən kiçik bir pay almaq niyyətini əngəlləyir, isti dənizlərə enmək yolunu kəsirdi. Qara dənizi şəriksiz hökmranlıq altına almış Osmanlı dövlətinin bu yolda ən güclü müttəfiqi məhz Krım xanlığı idi. Rusiyanın Xəzər dənizini bərəkətli Şərq bazarlarına müdaxilə üçün vasitəyə çevirmək siyasəti qarşısında da keçilməz qala kimi məhz Krım xanlığı dimdik dayanırdı. Həştərxan zəbt ediləndən sonra Rusiya, Hindistanla ticarətdə mühüm yer tutan Volqa-Xəzər ticarət yolunun böyük bir hissəsinə nəzarət edir, bu yola bütövlükdə sahiblənmək istəyirdi. Amma bu istiqamətdə Krım xanlarının güclü müqaviməti ilə üzləşirdi. Hətta Səfəvi dövlətinin zəifləməsindən istifadə edib Bakını, Dərbəndi, Xəzərin sahilindəki digər strateji məntəqələri ələ keçirəndə, “mavi” Qafqaz arzusunu gerçəkləşdirəndə də qarşısında Osmanlını və onun Qafqazdakı dəyişməz müttəfiqi, alınmaz qalası olan Krım xanlığını görmüşdü.

Digər tərəfdən, Rusiya, 1683-cü il Vyana uğursuzluğundan sonra dünya siyasətinin periferiyasına sıxışdırılan Osmanlı dövlətinə qarşı koalisiya qyrduğu Qərb dövlətləri (“Müqəddəs üçlük” və b.) ilə birlikdə yeni strateji xətt-hərəkət hazırlamışdı: Osmanlı zəiflədilib, beynəlxalq cameənin “xəstə adam”ına çevrilməli və son olaraq parçalanmalı idi. Təbiidir ki, Osmanlının ən güclü istehkamı olan Krım xanlığını aradan götürmədən onun axırına çıxmaq mümkün deyildi; rus çarizminin Krım məsələsində nümayiş etdirdiyi dönməzlik və prinsipiallığın bir başlıca səbəbi də bununla bağlı idi. Deyilənlərdən də göründüyü kimi, hara əl atsa, hansı səmtə üz çevirsə, qabağını kəsən Krım xanlığı Rusiyanı çoxdan narahat edirdi və bu kiçik, lakin güclü rəqibinin təxirəsalınmadan ram olunması çar hökuməti qarşısında uzun müddət prioritet vəzifə olaraq dəyişməz qalırdı.

…Krım xanlığının zəngin və qaynar tarixini müxtəlif vektorlar üzərində nəzərdən keçirmək mümkündür. Lakin araşdırmalar bütün bu vektorların az və ya çox dərəcədə iki əsas müstəvidə- əvvəlcə Osmanlı-Krım münasibətləri, sonralar isə siyasi mənafeləri eyniləşmiş Osmanlı-Krım birliyi ilə Rusiya arasında qarşıdurma müstəvisində kəsişdiyini göstərir. Biz də bu üzdən Krım xanlığının tarixini- digər kəsişmə nöqtələri də  nəzərə alınmaqla!- əsasən bu iki müstəvi üzərində izləməyin daha doğru olacağını düşünürük.

 

Qızıl Orda imperiyasının qəlpələrə parçalanıb daxili bütövlüyünü və əski qüdrətini itirdiyi XV əsrin əvvəllərində- Ulu yurd (Volqaboyu) Çingiz xanın nəvə-nəticələri arasında ölüm-dirim savaşına meydan olduğu bir vaxtda qardaş qırğınlarından cana doyan bir çox qəbilə və tayfalar Mərkəzi Asiyaya, Krıma və Qara dənizin şimalında yaşayan soydaşlarına pənah aparırdı. Bu ağır dövrdə Cuci xanın kiçik oğlu Tuka Temurun (Tuqay Teymur) soyundan, Toxtamışın törəmələrindən olan Hacı Girey Krım yarımadası və ucsuz-bucaqsız Qıpçaq çölünün (Dəşti-Qıpçaq) böyük bir hissəsi üzərində hakimiyyəti ələ almışdı və qohum tayfa və qəbilələrin Volqa hövzəsindən buraya köçmələrini təşviq edirdi. Qədim ata-baba torpaqları bildikləri Krımda bundan xeyli əvvəl məskən salmış köçərilər Qızıl Ordanın hər yerində olduğu kimi burada da öz qəbilə bəylərinin idarəsi altında yaşayırdılar. Krım xanlığının (mənbələrdə “Təxti-Kırım və Dəşti-Qıpçaq” adlanır) yaranmasında Şirin, Barın, Arqun və Qıpçaq kimi qəbilələrin müstəsna rolu olmuşdu. Xanlığı möhkəmləndirmək üçün tayfa aristokratiyasının dəstəyini qazanmaq istəyən Hacı Girey bu dəstək olmadan əsas məqsədinə catıb, Qızıl Orda torpaqlarını öz hakimiyyəti altında birləşdirə bilməyəcəyini yaxşı anlayır, “kəraçi bəyləri” ilə hesablaşır, onların vasitəsi ilə Krıma mümkün qədər daha çox əhalinin cəlb edilməsinə çalışırdı. Nüfuzlu Şirin qəbiləsinə mənsub  süvari qüvvələrinin davamlı olaraq Krım yarımadasına köç etməsi onun gücünə güc qatır, mövqeyini möhkəmləndirirdi. 1441-ci ildə Hacı Girey öz adına sikkə kəsdirmiş (xanlığın yaranması bu tarixdən hesablanır), təqribən eyni vaxtda Qızıl Orda taxtına iddiasını ortaya qoymuşdu. Amma bunun üçün əvvəlcə Krım üzərində tam nəzarəti ələ almaq, yarımadanın sahil hissəsində koloniyalar halında geniş ticarət fəaliyyəti ilə məşğul olan genuyalıların təsir dairəsini məhdudlaşdırmaq, onları özünə tabe etdirmək lazım gəlirdi. Hacı Girey bu vəzifənin öhdəsindən gəlməyi, hökmünün yalnız çöllərdə deyil, bütün yarımada ərazisində keçdiyini sübuta yetirməyi həqiqi bir Orda xanı kimi özünü təsdiqləməyin vacib şərti hesab edirdi. Bu, həm də xanlığın siyasi və iqtisadi yüksəlişi üçün həyati əhəmiyyət daşıyırdı.

Yarımadanın ən böyük şəhəri Kəfədə (Feodosiyada), habelə şərqdəki Kerç, Taman, Azak (Azov), qərbə doğru Sudak (bəzi mənbələrdə Suğdak) , Balıkoğa (bəzi mənbələrdə Balıklava, Balıklağo və ya Balaklava şəklində keçən Cembalo), bir qədər içərilərdə isə Mənkub və İnkerman (Kalamiti qalası kimi də tanınır) şəhərlərində və ətraf sahilyanı ərazilərdə  hakimiyyət faktiki olaraq genuyalılara məxsus idi. Tarixşünaslıqda qəbul olunmuş ümumi rəyə görə, onlar hələ XIII əsrdə Qızıl Orda hökmdarı Məngü Timurun (1266-1280) icazəsi ilə Kəfədə ticarət fəaliyyətinə başlamış, sonradan digər liman şəhərlərini də ələ keçirmiş, böyük donanma qurmuş, anbarlar tikdirmiş, geniş bir şəbəkə qurmuşdular. Venesiya və Genuya tacirlərinin nəzarət etdikləri bu liman şəhərlərinə gələn gəmi və karvanlardan alınan damğa vergisi Qızıl Ordanın başlıca maliyyə qaynaqlarından olmuşdu. İtalyan tacirləri sonradan Kəfəni satın almış, adıçəkilən limanlara sahiblənmiş, Qara dənizdə irimiqyaslı beynəlxalq ticarət və logistika qovşağı yaratmışdılar. Liman şəhərləri və ətraf yaşayış  məntəqələri Genuyadan təyin olunan konsul və ya podestalar tərəfindən idarə edilirdi. 1434-cü və 1459-cu illərdə Kəfə Podestalığının səlahiyyətləri artırılaraq Pera Podestalığı (Konstantinopol) ilə bərabərləşdirilmişdi. Konsullar təyin edilərkən Genuya hökumətindən başqa heç bir hakimiyyəti tanımayacaqlarına and içirdilər (Krım xanlığı da istisna deyildi). Beləliklə, genuyalılar Qara dənizdəki bu mühüm koloniyalar şəbəkəsini əllərində möhkəm saxlayır, strateji önəm daşıyan, Şərqi Avropanı Kişik Asiya və Ağ dəniz hövzəsi ilə birləşdirən dəniz yollarına nəzarət edirdilər. Xanlığın yeni yaradıldığı dövrdə bu vəziyyətlə barışmaq məcburiyyətində qalan Hacı Girey xan gücləndikcə yarımadanın Qara dəniz sahilləri üzərində üstünlük qazanmağa çalışır, bu istiqamətdə ardıcıl addımlar atırdı. Əvvəlcə Kəfə Podestalığına aid limanların hakimləri arasında ziddiyyətlərin güclənməsindən istifadə etmiş, Mənkub knyazı ilə Genuyaya qarşı birgə mübarizə aparmaq haqqında razılığa gəlmişdi. Digər şəhərlərdən fərqli olaraq Sudak, Mənkub və Balıklağo əhalisinin böyük bir qismi Rum-ortodoks kilsəsinə mənsub idi və katolik genuyalıların hakim mövqeyi onları qane etmirdi. Daha güclü olan Mənkub knyazı Balıklağonu itaət altına salmaq istəyirdi.

Mənkub knyazlığı ilə ittifaqa girməklə həqiqi məqsədini faş etmiş olan Hacı Girey xan 1434-cü ildə Solhat (Krımın köhnə paytaxtı) yaxınlığında genuyalılarla açıq döyüşə girərək, onların əsas qüvvələrini sıradan çıxarmış, Balıkoğanı mühasirə edib ələ keçirmiş, qarşı tərəf barışığa getməyə məcbur olmuşdu. Təfsilatı bilinməyən bu anlaşmaya əsasən, genuyalıların Krım yarımadası üzərində Hacı Girey xanın hakimiyyətini tanıdığı şəksizdir. Bu, həmin dövrün beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutan bir xarici güc tərəfindən xanlığın mövcud sərhədləri daxilində legitim dövlət kimi rəsmən qəbul olunması demək idi və Hacı Gireyin strateji məqsədləri baxımından mühüm əhəmiyyət daşıyırdı. Məlumdur ki, Krım xanı bu anlaşmanı yüksək qiymətləndirmiş və diplomatik münasibətlərində həmin sənədə istinad etmişdir. Yarlıklarında “hökmü keçən yerlər”i sadalayarkən Kəfə, Kerç, Kopa və Tamanı xatırlatması da buna dəlalət edir. Genuyalılar isə yaranmış sülh şəraitində əllərində olan limanlarda sərbəst ticarət fəaliyyətlərini davam etdirmək hüququnu saxlamış, belə demək mümkünsə, status-kvonu qorumağı bacarmışdılar. Qızıl Orda torpaqlarını yenidən (öz hakimiyyəti altında) birləşdirmək haqqı uğrunda qanlı mübarizəsində Hacı Gireyin Kəfə də daxil olmaqla Krım yarımadasının yüksək hakimi kimi tanınması, əlbəttə ki, ona müəyyən siyasi dividend verirdi. Amma qarşıya qoyduğu böyük  məqsədlərə çatması üçün heç də kifayət deyildi.

Bu dövrdə Osmanlı hökmdarı Fateh Sultan Məhməd (hakimiyyəti: 1451-1481) də Qara dəniz strategiyasının tərkib hissəsi olaraq sahil şəhərlərini ələ keçirmək siyasəti yeridirdi. 1204-cü ildən-  İstanbulun səlib qüvvələri tərəfindən zəbt olunmasından etibarən latın qəsbkarları ilə Bizans və erkən Osmanlı arasında başlayan gərgin mübarizə səngimək bilmirdi. Doğrudur, İstanbulun fəthi bu vaxta (1453) qədər Qara dənizdə, eləcə də Egey dənizində boğazlara və əsas liman şəhərlərinə hakim olmuş Venedikt və Cenevizin (Venesiya və Genuyanın) iradəsini dərindən sarsıtmışdı. Amma bir çox qalalar hələ də xaçlı quldurların nəzarətində qalmaqda idi. Onlar arası kəsilməyən basqınları ilə yerli ortodoks xrisian və müsəlman əhalini qorxu altında saxlayır, ziyankarlıq törədirdilər.  Boğazlara sahib olandan sonra beynəlxalq münasibətlərdə Bizansın coğrafi-sosial varisi kimi əsas rol oynamağa başlayan Osmanlı dövləti onun quruda olduğu kimi, dəniz ərazilərində də hakimiyyətə tam şəkildə yiyələnmək, “latın dəniz quldurluğuna” son qoymaq, limanlarda təhlükəsizliyi təmin etmək, beləliklə, dünya dəniz ticarətində mövqelərini gücləndirmək xətti götürmüşdü. Bu istiqaməti öz hökmranlığının prioritetlərindən birinə çevirən Sultan Məhməd diqqətini ilk növbədə Şimali Anadolu və Egey dənizinə cəmləşdirsə də Qara dənizdəki ticarət mərkəzlərini bir an belə nəzərdən qaçırmırdı. Hacı Girey xan da Sultanın məqsədlərini yaxşı anlayırr və Kəfə Podestalığına qarşı mübarizəsində Osmanlı dövlətinin gücündən, ələlxüsus da, qala divarlarını dağıtmaq təcrübəsindən faydalanmaq istəyirdi. Beləliklə, iki türk dövlətinin yaxınlaşması üçün ortaq tarixi maraqlar yaranmış və onlar arasında 1454-cü il müqaviləsinin imzalanması məhz bu maraqlarla şərtlənmişdi.

Müqavilədə Kəfənin birləşmiş Osmanlı-Krım qoşunları tərəfindən mühasirəyə alınıb fəth edilməsi və şəhərin Krılm xanlığının idarəçiliyinə verilməsi nəzərdə tutulurdu. Osmanlı dövlətinin yalnız qənimətlə kifayətlənməyə razılaşma səbəbləri bu günə qədər də müəmmalıdır. Hadisələrin sonrakı inkişafından nəticə çıxararaq düşünmək olar ki, Fateh bu səfər zamanı bölgədəki real vəziyyəti dəyərləndirmək, rəqibinin və müttəfiqinin gücünü yoxlamaq istəmişdir. Osmanlı və Krım xanlığı arasında ittifaq əldə olunmasının Kəfədə böyük qorxu və narahatlıq yaratması, tacirlərin Genuyadan hərbi yardım tələb etmələri sənədlərlə təsdiqini tapır. Lakin o da məlumdur ki, Dəmir Kahyanın komandanlığı altında Osmanlı donanmasının dənizdən, 6 minlik Krım qoşununun qurudan mühasirəyə almasına baxmayaraq, şəhər təslim olmayıb. Buna baxmayaraq birgə əməliyyatın nisbi qələbə ilə başa çatdığını söyləmək də mümkündür: genuyalılar müttəfiqlərin şərtlərini qəbul etmiş, onların hər ikisinə illik xərac ödəmək öhdəliyi götürmüşlər. Bundan sonra Osmanlı dövlətinin Kəfəni rahat buraxması, hadisələrə seyrçi qalması təəccüblü görünsə də müttəfiqlər arasında fikir və mövqe ayrılığı ehtimalını qüvvətləndirir. Üstəlik 1455-ci ildə Hacı Girey xanla oğlu Heydər arasında baş verən daxili toqquşmada genuyalılar Heydəri dəstəkləmiş, Fateh isə məsələyə müdaxilə etməmişdir. (Qəbilə başçıları tərəfindən qəbul olunmayan Heydər çox keçmədən Litva krallığına sığınmaq məcburiyyətində qalmış, Hacı Girey yenidən taxtına qayıtmışdır.)

1466-cı ildə Hacı Girey xan vəfat etdi və onun oğlanları, xüsusilə Nurdövlət və Məngü arasında taxta sahib olmaq uğrunda mübarizə başladı. Əslində, “ata mülkü”nü bölüşdürə bilməyən qardaşlar arasında taxt qovğaları Qızıl Orda varisləri üçün pis bir ənənəyə çevrilmişdi. Nurdövlətlə Məngü arasında təqribən yeddi il davam etmiş daxili müharibə də bu ənənə çərçivəsində qiymətləndirilməlidir. Ancaq yaddan çıxarmayaq ki, bu müharibədə xanlığın ərazisi viran qalmış, günahsız insanlara böyük ziyan dəymişdi. Bu yeddi ildə taxtda tez-tez bir-birini əvəzləyən oğlanlarının hakimiyyət ehtirası üzündən Hacı Girey xanın gərgin səyləri nəticəsində qərarlaşmıış siyasi balans və iqtisadi sabitlik alt-üst oldu. Ən pisi isə bu idi ki, qardaşlar taxtda duruş gətirmək üçün nüfuzlu tayfa başçıları ilə yanaşı, özlərinə xaricdə də himayədarlar axtarır, Böyük Ordanın, Genuyanın, Polşa-Litva knyazlığının və b. qəyyumluğu müqabilində onlara müxtəlif vədlər verməkdən çəkinmirdilər. Sövdələşmələr kələfi kifayət qədər dolaşıq olsa da, hadisələrin sonrakı gedişi və ümumiyyətlə, Krım xanlığı tarixində iz qoymuş iki məsələ diqqəti xüsusilə cəlb edir.

Birincisi, bölgədəki siyasi qüvvələr arasında özünə yeni-yeni yer tutmağa başlayan Moskva knyazlığının ilk dəfə olaraq Krımdakı daxili mübarizələrə qarışmaq imkanı qazanmasıdır. İğtişaşların əvvəlindən Nurdövlət, atasının qəvi düşməni olan Böyük Orda xanlığına arxalanırdı. “Saray xanları” (Böyük Orda Qızıl Ordanın varisi kimi hələ də onun paytaxtı Saray şəhərini əlində saxlayırdı) isə Polşa-Litva knyazlığı ilə ittifaqa girmişdilər. Düşdüyü vəziyyətdə Məngü Gireyin (Nurdövlətlə müharibədə o və tərəfdarları Böyük Orda xanları, dolayısı ilə Polşa-Litva knyazlığı  qarşısında təklənmişdi; Osmanlı dövləti isə gözləmə mövqeyi tuturdu) müttəfiq ola biləcəyi yeganə regional güc- Polşa-Litva ilə ədavəti şübhə doğurmayan Moskva knyazlığı idi. Perspektivdə bu ittifaqın Krım xanlığı, yaxud Moskva üçün daha faydalı olması məsələsini hələlik sərf-nəzər etsək, Məngü Gireyin düşdüyü situasiyada ruslarla yaxınlaşması tamamilə anlaşılan idi.

Diqqət yetirilməsi lazım gələn ikinci məsələ Genuyanın vətəndaş müharibəsi nəticəsində fürsət tapıb, yarımada üzərində nəzarəti ələ almaq niyyətinə düşməsi və bu yöndə müəyyən addımlar atmasıdır. Mərhum Hacı Girey xanın oğullarından gah birinə, gah da digərinə dəstək verən genuyalılar bir müddət cərəyan edən hadisələri (və xanlığı) istədikləri səmtə istiqamətləndirməyi bacarmışdılar. İşlər o həddə çatmışdı ki, Girey qardaşlarının Kəfə konsulu və onun arxasında duran Genuyanın istəklərinə boyun əyməkdən başqa çarələri qalmamışdı. 1469-cu ilin payızında Osmanlı qoşunları Yaqub bəyin komandanlığında Kəfəni ikinci dəfə mühasirəyə alanda Məngü Gireyin Krım xanı sifəti ilə (tarixçilər bu qısamüddətli və müvəqqəti xanlıq dövrünü onun birinci səltənəti hesab edirlər) Fateh Sultan Məhmədə etiraz məktubu (notası?) göndərməsi deyilənlərə bariz misaldır. Məngü Girey, şübhə yoxdur ki, Fatehdən mühasirəni dayandırmağı məhz genuyalıların sözü ilə tələb etmişdi. Osmanlı sultanı üçün Krım, xüsusən, yarımadanın sahil limanları nə qədər mühüm önəm kəsb etsə belə onun bir müddət baş verənlərə qarışmaması, hadisələri müşahidə etməklə kifayətlənməsi də, görünür, Məngünü cəsarətləndirmişdi. Müşahidələr isə artıq Krım xanlığının suverenliyinin təhlükə altında olduğuna şübhə yeri qoymurdu.

Nəhayət, 1475-ci ildə xanlıqda vəziyyətin son dərəcə gərginləşməsi (Məngü Girey genuyalılar tərəfindən aldadılıb zindana atılmışdı, buna etirazını bildirən qəbilə başçılarına isə təzyiqlər göstərilirdi) və Şirin bəyi Əminekin yardım istəməsi Fateh Sultan Məhmədi Krım məsələsinə əncam çəkməyə vadar etdi. Əminek bəyin sultana müraciətinin səbəbi (əslində, vəsiləsi)- ilk baxışdan belə görünməsə də- onun siyasi oriyentasiyası ilə bağlı idi. 1474-cü ildə vəfat edənə qədər şirinlərin bəyi Mamak, onun sağ əli isə Əminek olmuşdu. Təbii ki, Mamak öləndə də tayfanın böyük əksəriyyəti Əminekin tərəfində idi. Lakin bəy seçkisi ərəfəsində Mamakın dul qadını genuyalıların təsiri altında şirinlərin başına Sartak adlı başqa birinin gətirilməsində israr edirdi. Təkcə şirinlərin deyil, Krımda qərarlaşmış qəbilə arstokratiyasının öndərliyinə Osmanlı tərəfdarı olan Əminekin gəlməsini  istəməsələr də, qəbilənin qərarını dəyişdirməyə, aydın məsələdir ki,  genuyalıların gücü yetməzdi. Odur ki, başqa yol tutaraq, oyuncağa çevirdikləri Krım xanının Sartakın tərəfini tutmasına, seçkinin nəticələrinə rəğmən, Şirin bəyi kimi Əmineki deyil, onu tanımasına nail oldular. Şirinlər, təbii ki, bunu özlərinə qarşı  görünməmiş bir həqarət kimi qiymətləndirib, üsyan qaldırdılar. Məngü Girey qorxusundan Kəfəyə qaçmağa məcbur oldu, orada isə genuyalıların zindanına  atıldı. Əminek, qəbiləsi tərəfindən seçilmiş Şirin bəyi sifəti ilə yardım üçün Osmanlı dövlətinə müraciət etdi. Yaranmış vəziyyətdə Fateh Sultan Məhmədin Krım xanlığına hərbi müdaxiləyə başlamaqdan başqa yolu qalmırdı. Tezliklə Gədik Əhməd Paşanın komandası altında göndərilən Osmanlı donanması Kəfəni mühasirəyə almış, cəmi 3-4 günə fəth etmişdi. Kerç, Suğdak və  Balıklava müqavimət göstərmədən təslim olmuş, ardınca Gözləvə, Taman və Azak  limanları asanlıqla ələ keçirilmişdi. Müqavimət göstərən Mənkub qalası da çox keçmədən alınmışdı. (Amasra, Sinop və Trabzon isə hələ 1461-ci ildən Osmanlı hakimiyyəti altında idi.) Nəticədə Əminek bəylə dil tapıb, münasibətlərini qaydasına salan Məngü Girey Krım taxtına oturmuş, Fateh Sultan Məhməddən “İki qitənin qoruyucusu və iki dənizin xanı” ünvanını almışdı.

Kəfə mərkəz olmaqla Osmanlı sancağının (vilayətinin) təsis edilməsi və xanlığın Osmanlı himayəsinə alınması təkcə Krım tatar xalqının deyil, bütün bölgə xalqlarının tarixində köklü dəyişikliklərə yol açdı. Regiona müsəlmanların hamisi kimi daxil olan Osmanlı dövləti tez bir zamanda bölgə siyasətinin önəmli faktoruna çevrildi və oyun qaydalarını öz lehinə dəyişdi. Artıq bütün tərəflər Böyük Orda xanlarının Krım siyasətində olduğu kimi Osmanlı faktoru ilə hesablaşmaq, onun mənafelərini gözləmək məcburiyyətində idilər. Genuyalılar sərt şəkildə cəzalandırıldı. Onlar nəinki Krım xanlığının daxili işlərinə qarışmaq imkanından, həm də Qara dənizdə iki yüz ildir, idarə etdikləri gəlirli ticarət şəbəkəsindən biryolluq məhrum oldular. İmzalanmış (?) müqavilənin mətnini görən olmasa belə, ümumi qənaət bundan ibarətdir ki, razılaşmaya əsasən, əvvəllər genuyalıların nəzarət etdikləri Kəfə, Balıklava, Mənkub, İnkirman, Azak, Kerç, Suğdak, Taman, Özi qala-şəhərləri ətraf ərazilərlə birlikdə birbaşa Osmanlı hakimiyyətinə keçmiş, yarımadanın çöl nahiyələri, habelə Azak, Taman və Həştərxan arasındakı noqay-çərkəz məntəqələri isə Krım xanının əmrində qalmışdır. Krım xanlığı ilə Genuya arasında mövcud sərhədlər dəyişdirilməmiş, yalnız Genuyanı Osmanlı hakimiyyəti əvəz etmişdi. Bundan əlavə, Kəfə, Özi (Oçakov) və Azak (Azov) qalalarında Osmanlı sancaqbəyinə (vali, canişin) tabe olan yeniçəri qarnizonlarının yerləşdirildiyi də məlumdur. Müxtəlif vaxtlarda vali vəzifəsinə padşahın oğlanlarının və nəvələrinin təyin edildiyini (Qanuni Sultan Süleyman da şahzadəliki dövründə Kəfə valisi olmuşdu) tarixdən bilirik. Beləliklə, Krım xanının idarəçilik sahəsi və səlahiyyətləri olduğu kimi qalır, öz sektorunda onun hərəkət sərbəstliyi məhdudlaşdırılmırdı. Lakin elə buradaca qeyd edək ki, Kəfə və digər liman şəhərlərinin, sahil ərazilərinin Osmanlı dövləti tərəfindən ilhaq edilməsi Krım xanlığında heç də birmənalı qiymətləndirilməmiş, zaman-zaman müxtəlif təfsirlərə, fikir ayrılıqlarına və bəzi hallarda açıq qarşıdurmalara səbəb olmuşdur. (Maralıdır ki, bəzi tarixçilər Krım xanlığı ordusunda topçu birliklərinin yaradılmamasını da Osmanlının Kəfəni əlavə təhlükədən qorumaq cəhdi ilə izah edirlər.)

Ümumiyyətlə, tarixşünaslıqda Osmanlı-Krım münasibətləri bir qayda olaraq “himayəçilik” və “vassallıq” (asılılıq) kimi anlayışlar çərçivəsində nəzərdən keçirilsə də, müşahidə və müqayisələr bu münasibətlərin ixtiyariliyi və qeyri-requlyarlığı ilə unikal səciyyə daşıdığını isbat edir. Açıq-aydın görsənir ki, bu münasibətlərin bir çox cəhətlərdən müttəfiqlik, hərbi-siyasi tərəfdaşlıq statusuna bağlılıqdan (asılılıqdan) daha yaxın olmasını vurğulayan tarixçilər yanılmırlar. Nüanslara çox da varmadan deyə bilərik ki, Krım xanlarına Osmanlı təbəəliyində olan digər hökmdarlarla müqayisəyəgəlməz bir  üstünlük verilmişdir. Hətta Vyana məğlubiyyətindən sonrakı böhran dövründə  xanədanlığının osmanlılardan krımlı gireylərə keçməsi ehtimalı da mümkün çıxış yollarından biri kimi müzakirə edilmiş və hakim sülalə  təmsilçilərinin ciddi narahatlığına səbəb olmuşdur. Krım xanlarının əlahiddə statusu dövlət protokolunda da əksini tapmışdır: Qanuni Sultan Süleymanın Əflak səfərində əsası qoyulmuş ənənəyə görə, Osmanlı iyerarxiya nərdivanında Krım xanının yeri padşahdan aşağıda, vəziri-əzəmdən (baş vəzirdən) yuxarıda müəyyən edilmişdi. Göründüyü kimi, imperiyanın siyasi strukturunda Krım xanlığının statusunu yarımmüstəqil, “məhdudlaşdırılmış suverenliyə” malik avtonomiya kimi səciyyələndirmək daha düzgün olacaqdır. Xüsusən Osmanlı himayəçiliyinin ilk dövründən danışarkən bu fikir təsdiqini daha asanlıqla tapır: Krım xanları öz adlarına sikkə kəsdirmək, xütbə oxutdurmaq, xanlığın ilkin ərazisini istədikləri kimi idarə etmək kimi hüquqlara malik idilər ki, bu da dövrün siyasi etiketində suverenlik göstəriciləri kimi qiymətləndirilirdi. Xanlar həmişəki kimi qəbilə aristokratiyası tərəfindən seçilir, amma Osmanlı sultanının baratı ilə təsdiqlənirdi. Mövcud ədəbiyyatda Krım xanlarının birbaşa İstanbuldan təyin olunması təcrübəsinin Qazi Gireydən (1524) başladığı qeyd edilir. Krım xanı öz oğlanlarından birini “əmanət” kimi İstanbula göndərirdi. Xanzadələr orada əsl sultanlar kimi qarşılanır, böyük hörmət-izzət, yüksək təhsil və təlim görür, idarəçilik qaydalarını mənimsəyirdilər. İstanbulun Krım xanlığına namizədləri də əksər hallarda həmin “əmanət”lər arasından seçilirdi.

Fikrimizcə, bu müstəsna status Krım xanlığında asılılıq anlayışına münasibətdə tarixən formalaşmış ənənəvi baxışlarla əlqələndirilməlidir. Bu mənada xanlığın yaranışının ilk dövrlərindən Krım xanədanı mənsublarının Şimali Qafqaz xalqları arasında tərbiyə alması, bu zəmində spesifik “atalıq” təsisatının formalaşması və həmin təsisatın de-yure və de-fakto asılılıq əlaməti kimi qiymətləndirilməsi kimi olduqca maraqlı xüsusları xatırlatmaq lazım gəlir. Krım xanlarından III Məhəmməd və onun iki oğlunun, Səfa Gireyin, Bahadır xanın oğlu Mübarəkin, digər bir sultan olan Özbəyin Çərkəz diyarında yaşayıb böyüdükləri, təlim-tərbiyə aldıqları məlumdur. Evliya Çələbinin yazdığına görə, XVII əsrin ortalarında “hər bir çərkəz tayfasının öz Gireyi” varmış. Tarix kitablarından həmçinin 1563-cü ildə adıq (adıgey) bəylərindən Sibok və Kanukun xahişi ilə Krım xanının, o vaxt gənc olan sultan İslam Gireyi onlara canişin təyin etdiyini öyrənirik. Sonradan İslam Gireyin bəzi törəmələrinin bu diyarda yaşamaları, atalıq tayfalarla olduqca sıx münasibətlər saxlamaları nəticəsində adıqlar arasında Gireylər nəslinin yaranması da (onlara “Adıq gireyləri”deyirlər) dəqiq bəllidir. Topladığımız materiallar əsasında “atalıq” təsisatının mahiyyətini qısa şəkildə belə izah eləyə bilərik: krımlı gireylər və yaxud hər hansı başqa mötəbər bir nəsil (ailə) oğullarını tərbiyə olunmaq üçün Çərkəz diyarına, öz təbəələrindən seçdikləri ailələrə, yaxud sadəcə “kunak”larının (“qonaq”) yanına göndərmiş və vassallıq münasibətlərini bu yolla rəsmiləşdirmişlər. Belə ki, Krımdan “övlad” götürməklə çərkəzlilər Girey xanədanı (yaxud konkret bir şəxs) qarşısında asılılığını qəbul etmiş sayılırdı. “Atalıq” məktəbini keçən oğlanlar qaldıqları ailənin (nəsil və ya tayfanın) övladları sayılmış və sonralar da onlarla əlaqəni üzməmiş, zərurət yarandıqda onları müdafiə etmiş, hətta onların tərəfində döyüşmüşlər. Çərkəz ailə və tayfalarını Krım xanlığının adi hal alan basqınlarından qorumuş atalıq sistemi həm də onlar arasında hərbi-siyasi himayə xarakterli vassal-süzeren münasibətləri olduğunu ifadə etmişdir. Lakin bu, klassik vassal-süzeren münasibət sistemindən köklü şəkildə fərqlənən unikal bir asılılıqdır və zəif tərəfi siyasi müstəqilliyindən heç də məhrum etmir. Bir fakt. Krımda Fransanın konsulu olmuş Qlavani Ksaverno şəxsi müşahidələri əsasında belə bir nəticəyə gəlmişdi ki, “Krım xanı adıqların qarşısında istəmədikləri bir tələb qoyarsa, onlar çəkinmədən bu tələbi rədd eləyə bilirlər”. Göründüyü kimi, “atalıq” sistemi ilə erkən Osmanlı-Krım xanlığı münasibətləri arasında “yüngül” də olsa, analogiya aparmaq  və hər ikisini “nominal asılılıq tipi” kimi səciyyələndirmək mümkünsüz deyil.. ….

Osmanlı imperiyası ilə Krım xanlığı arasında bağlılıq münasibətlərindən söz açarkən, vergi münasibətlərinin özünəməxsus formada tənzimlənməsi də xüsusi qeyd olunmalıdır. Krım xanları imperiya xəzinəsinə vergi ödəmir, əvəzində müharibələr zamanı Osmanlı ordusuna  qoşun göndərir, əldə olunan qənimətdən müəyyən pay da ala bilirdilər. Məlum olduğu kimi, o dövrdə vergi (bac/xərac) məsələsi dövlətlər arasında himayəçilik-bağlılıq (asılılıq) münasibətlərinin başlıca şərti və təzahürü sayılırdı. Görünür, məhz vergi ödənişini əvəz etdiyi üçün qoşun təminatı ilk vaxtlardan Krım xanlığı qarşısında imperativ tələb kimi qoyulmuş və daim sərt şəkildə gözlənilmişdir. Hələ Məngü Girey xan 1484-cü ildə ilk dəfə 50 minlik qoşunla II Bayezidin Akkirman və Kili səfərində iştirak etmiş, krımlıların göstərdikləri igidliklər sultan tərəfindən təqdir olunmuş, bir çoxları qiymətli hədiyyələrə layiq görülmüşdü. Sonralar kalqaylardan Emin Gireyin (1543), Adil Gireyin (1578), eləcə də II Məhəmməd Girey (1579) və digər Krım xanlarının şəxsən başçılıq etdikləri qoşun birlikləri Osmanlı dövlətinin Macarıstana yürüşlərində, Osmanlı-Səfəvi hərbi əməliyyatlarında bu ənənəyə sadiq qalmış, Azərbaycan Səfəvilərinə və Avstriyaya qarşı uzunmüddətli müharibələr aparıldığı 1578-1618-ci illərdə imperiya ordusunun tərkibində mühüm yer tutmuşlar. Lakin orası da var ki, Osmanlı hökuməti ilə Krım xanları arasında ziddiyyət və münaqişələr də daha çox bu müstəvidə ortaya çıxırdı. Müxtəlif səbəblər və narazılıqlar ucundan Krım xanlarının hərbi səfərlərə qoşun göndərmək tələbini yerinə yetirmədikləri, yaxud bunu bacarmadıqları, eləcə də döyüş meydanında itaətsizliyə görə cəzalandırıldıqları az olmayıb. Bir neçə faktı xatırladaq.

Krım xanlığı tarixində ən parlaq şəxsiyyətlərdən olan Sahib Girey xan (hak. 1532-1551) Osmanlı vəziri Rüstəm Paşa ilə münasibətləri korlamış, üstəlik onun Gözləvə limanını, hətta Kəfəni ələ keçirmək istəməsi haqqında dedi-qodular yayılmışdı.  Bununla belə Sahib xanın faciəli ölmünün əsl səbəbi Sultan Süleymanın İran səfərinə qoşun göndərmək tələbinə qarşı çıxması olmuşdu. II Məhəmməd Girey xan (hak. 1577-1584) isə “hərbi cinayətə” bir deyil, iki dəfə yol vermişdi. Əvvəlcə Azərbaycan Səfəvilər dövlətinə qarşı müharibədə Bərdə, Gəncə və Şirvan üzərinə uğurlu yürüşlər keçirməsinə rəğmən, Osmanlı sərdarı Lala Mustafa Paşanın öz yerinə Özdəmiroğlu Osman Paşanı qoyub İstanbula qayıtmasına qəzəblənərək, bir Krım xanının aşağı rütbəli bir paşanın əmri altında döyüşməsini özünə yaraşdırmamış  və qoşunu sultanlardan Adil, Qazi və Mübarəkə tapşırıb geri qayıtması ilə narazılığa səbəb olmuşdu. Amma bu dəfə Krım ordusunun və xanzadələrin döyüş meydanında göstərdiyi igidliklərə görə onun özbaşınalığına göz yumulmuşdu. Məhz Məhəmməd xanın şəxsi şücaəti sayəsində Adil, Qazi və Mübarəkin yardımına yetişməsi, türk vaqeənəvislərinin (İbrahim Peçevi və b.) də qeyd etdikləri kimi, Ərəş döyüşünün taleyini həll etmişdi. Dörd gün davam edən və Ərəş xanının həlak olması, xeyli qənimətin ələ keçirilməsi ilə nəticələnən həmin döyüşdə Krım xanının göstərdiyi fədakarlıq Babi-Alidə yüksək qiymətləndirilmişdi. Lakin 1578-ci il döyüşlərində Osmanlı komandanlığının etirazına məhəl qoymadan Şirvan cəbhəsini tərk etməsi II Məhəmməd Gireyi padşahın gözündən salmış, onun qəzəbinə düçar etmişdi. Əslində, Məhəmməd xanın qoşunun əsas hissəsini Osmanlı cəbhəsində qoyub, özünün kiçik bir dəstə ilə təcili Krıma qayıtma səbəbi Rusiya cəbhəsində yaranan dəyişikliklərlə bağlı idi. Xan, çoxdan gözlədiyi fürsəti əldən buraxmaq istəmir, yaranmış əlverişli vəziyyətdən yaralanmağa çalışırdı. Rusiya uzun müddətdən bəri İsveç və Litva knyazlığı ilə apardığı gərgin müharibələr nəticəsində zəifləmiş, indi isə Polşa və kazakların hücumuna məruz qalmışdı. İqtisadiyyatın çökməsi Rusiya əhalisinin aşağı təbəqələrində narazılığı artırırdı. Əsas rəqibinin böyük ictimai çaxnaşmalar ərəfəsində olduğunu yaxşı başa düşən II Məhəmməd Girey Kazan və Həştərxanın qaytarılması müqabilində İvan Qroznıya polyaklarla mübarizədə hərbi ittifaq vəd etmişdi və bu yöndə qızğın diplomatik iş aparırdı. O, Kazan və Həştərxanın rus işğalından azad olunmasını daha vacib sayır və xanlığı üçün həyati əhəmiyyət daşımayan Şirvan cəbhəsində Osmanlı paşasının komandası altında Krım bölüklərinə rəhbərlik etməyi oğullarına tapşıraraq bu məsələ ilə şəxsən məşğul olmaq üçün geri qayıtmaqda özünü haqlı bilirdi. Elə buna görə hərbi əməliyyatların qızğın çağında onu aradan götürmək əmri ilə Krıma göndərilmiş Özdəmiroğlu Osman Paşaya təslim olmağı haqsızlığa boyun əymək hesab edirdi. II Məhəmməd xan əvvəlcə Kəfədə iqamət edən Osman Paşanı Solhata çəkib orada onun işini bitirmək istəmiş, paşanın aldanmadığını görüb Kəfəni mühasirəyə almış, bir müddət sonra isə hadisələrin gedişatından Osmanlı qüvvələrinə bata bilməyəcəyini anlayaraq, Noqay uruğlarına qaçmaq istəmiş, lakin 1584-cü ilin dekabrında qardaşı Alp Girey tərəfindən yaxalanaraq öldürülmüşdü. Onun həlak edilməsi ilə bütöv bir eranın- işğal altındakı Qızıl Orda torpaqları uğrunda aktiv mübarizə dövrünün başa çatdığı mütləq nəzərə alınmalıdır. II Məhəmməd Girey xanın ölümü bir çox tarixçilər tərəfindən eyni zamanda Krım xanlığının müstəqillik mübarizəsinin də sonu kimi qiymətləndirilir. Zira məlum olduğu kimi, Krım məscidlərində oxunan xütbələrdə Osmanlı padşahının adının (xəlifə sifəti ilə) yerli xanlardan əvvəl çəkilməsi ənənəsi məhz II Məhəmməd Gireydən sonra taxta çıxmış II İslam Girey dövründən başlanır.

Osmanlı-Krım münasibətlərinin spesifikliyinə dəlalət edən daha bir cəhət isə, heç şübhəsiz, xanlığa xarici siyasətdə müəyyən müstəqilliyin verilməsi ilə bağlıdır. Qərbdə Avstriya, şərqdə Səfəvilərlə amansız müharibələr aparan Osmanlı dövləti cənub siyasətini “sultanın dostuna dost, düşməninə düşmən olmaq” təəhhüdü götürən, onun siyasi mənafelərini hər şeydən uca tutmağa and içən Krım xanlarına həvalə etmişdi. Böyük Ordanın, Moskva knyazlığının, Qızıl Orda varislərinin, kazak və çərkəz hərbi qüvvələrinin ardı-arası kəsilmək bilməyən toqquşmalarına meydan olan Dəşti-Qıpçaq ərazilərinə nəzarət üçün kart-blanş alan Krım xanları xüsusən ilk mərhələdə özlərini müstəqil hökmdar sanır, Cuci ulusunun qanuni varisləri, “ulu taxtın sahib”ləri kimi aparır, xarici siyasətlərini bu yöndə qurur, çox vaxt himayə altında olduqlarının fərqinə belə varmadan Kazan, Həştərxan, Sibir xanlıqlarını, Noqay Ordasını, Şimali Qafqaz xalqlarını, sonralar isə Ukrayna kazaklarını öz hakimiyyətlərinə tabe etdirməyə çalışır və bir çox hallarda buna nail olurdular. Osmanlı padşahları isə bəzən yerli ənənələrə və Çingiz yasalarına hörmət naminə onların “sərbəstlik” və “şıltaqlıq”larına göz yumur, maraqlar üst-üstə düşəndə onlara yardım da göstərirdilər. Qeyd etdiyimiz kimi, Krım xanlarının hüquqi statusu dəqiq müəyyənləşməmişdi və padşahlarla xanların qarşılıqlı münasibətlərinə nəzərən tənzimlənirdi (bir çox başqa məsələlər kimi xanların statusu da hüquqi həllini tədricən tapmışdır). Osmanlı sarayında Krımla münasibətlər, haqlı olaraq, iki müxtəlif idarəçilik sisteminin (Qızıl Orda və Osmanlı sistemlərinin) simbiozu kimi qiymətləndirilir, inteqrasiyanın tədriciliyi xətti gözlənilirdi. (Unutmayaq ki, Osmanlı dövlətçiliyinə xas olan sancaq, əyalət tipli ərazi-idarəçilik vahidləri Krım xanlığında sona qədər qəbul edilməmiş, ənənəvi qəbilə-tayfa münasibətlərinə əsaslanan idarəçilik tipinə üstünlük verilmişdi.) Bu və digər müxtəlifliklərə görə də Osmanlı sarayında Baxçasarayın ənənəvi diplomatik kursuna və maneralarına dözümlü yanaşılır, hətta meydana gələn ziddiyyətlər də xüsusi zərurət olmadığı hallarda bir o qədər qabardilmırdı.

Qarşılıqlı anlaşılmazlıqlara, ziddiyyət və əksliklərə rəvac verən uyğunsuzluqlar isə kifayət qədər idi. Lakin zənnimizcə, burada bunları sadalamağa hacət yoxdur, təfərrüata varmaq işimizi ancaq çətinləşdirə bilər. Əgər konkretikliyə varmadan bu dolaşıq kələfi çözmək, Osmanlı-Krım münasibətlərini (xüsusilə ilk mərhələdə) adekvat anlamağa çalışırıqsa, zənnimizcə, bir mühüm xüsusu daim yadda saxlamaq yetərlidir. Bu da tərəflərin strateji maraqlarının məxsusiliyi, heç də həmişə uzlaşmaması, çox hallarda ziddiyyət təşkil etməsidir. Osmanlı imperiyası  Krımda bütün sahələr üzrə, o cümlədən, idarəçilikdə tədrici islahatlar aparmaqla vahid dövlət sisteminin oturuşmasına və möhkəmlənməsinə, qarşıya çıxan maneələrin operativ surətdə ortadan qaldırılmasına çalışırdı. Bunsuz Krım elitasının “yerli qayda-qanunlar”a istinad etməklə xanlığın əzəli suverenliyini mümkün həddə qorumaq və artırmaq uğrunda mübarizəsinə son qoymaq mümkün olmazdı. Zira yaranış dövründə tarixi şəraitin diqtəsi altında formalaşmış Osmanlı-Krım münasibətlərinin unikallığı zaman keçdikcə özünü bir tərəfdən Osmanlının Krımı “zəbtü-rəbt altına almaq”, o biri tərəfdən Krımın “dədə-baba hüquqları”nı mümkün qədər mühafizə etmək əzmində büruzə verirdi. Dövləti-Aliyyə, zaman keçdikcə, “ortaq məxrəc” axtarışlarından usanır, Krım xanlarının hədsiz ambisiyalarını cilovlamağa, onları tam şəkildə itaət altına almağa cəhd göstərir, Krım xanları isə buna rəğmən, qonşu və qohum xanlıqları, Qızıl Ordanın keçmiş vassallarını özlərinə tabe etdirmək, nəinki “ulu yurd”un, bütün regionun hakiminə çevrilmək, bunun üçün lazım gələndə Osmanlı dövlətinin maraqlarını arxa plana keçirmək niyyətlərindən əl götürmür, daim böyüməyə, güclənməyə və hakimiyyət coğrafiyalarını genişləndirməyə can atırdılar. Yuxarıda 1569-cu il Həştərxan yürüşündən bəhs açarkən onun baş tutmaması səbəblərindən biri kimi Krım xanının pozucu roluna işarə etmişdik. XVII əsr tarixçisi İbrahim Peçevinin açıq-aşkar qeyd etdiyi kimi, Dövlət Girey bu yürüşün uğur qazanmasını əvvəldən istəməmiş və Osmanlı dövlətinin “taxt eli”ndə güclənməsinin onun mövqeyini sarsıdacağını düşünmüşdür: “Allahın hikməti, düşməndən qorxmaq üçün heç bir səbəb yox ikən, ərzaq və lazımi vasitələr bol miqdarda ikən bir dedi-qodu yayıldı. “Buranın qışı üç ay qabaqdan gəlir, adamın əli-ayağı /elə donur ki,/ işləmir”,- deyilirdi. Bu sözə inananlar bir-birini gözləmədən çıxıb getdilər. Bəzi kimsələrin inancına görə, bu şaiyəni Krım xanı çıxarmış, əskərləri qorxutmuşdu. Xan özü isə başqa şeydən qorxurdu: əgər Osmanlı əskəri qurudan və dənizdən Qıpçaq çölü və Şirvan tərəfə gedib-gəlməyə başlarsa, tatarların gözdən düşəcəyini, hətta Krımın əlindən çıxa biləcəyini düşünürdü”. Anlaşıqlı olsun deyə daha sadə söyləsək, o vaxta qədər Həştərxanla Azak (Azov çayı) arasındakı ərazi Krım xanının idarəçiliyində idi. Yürüşün müvəffəqiyyətlə başa çatıb, Həştərxanın Osmanlı hakimiyyəti altına düşməsi, həmin ərazilərin, hətta Krımın özünün də itirilməsi, xanlığın Osmanlı əyalətinə çevrilməsi demək olardı. Dövlət xanı qorxudan da bu idi. Təsadüfi deyil ki, yürüşdən sonra Rusiya ilə apardığı danışıqlarda Dövlət Girey Kazan və Həştərxanın ata-baba mülkü olduğunu söyləmiş və bu torpaqların qaytarılmasını tələb etmişdi. Həmin danışıqlar zamanı Krım xanı yürüş zamanı Həştərxana gələn rus qüvvələrinə əlverişli şərait yaratdığını da boynuna almışdı (X.İnalcıq. “Osmanlı-Rusiya rəqabəti”).

Krım xanları müstəqil hərəkət imkanlarını genişləndirmək, prioritet üstünlüyü yerli hakimiyyətin möhkəmlənməsinə vermək cəhdlərini sonralar da (bəziləri xanlıq imperiyanın daxilində əriyib onun bir parçasına çevrilənə qədər, bəziləri isə sona qədər) açıq, yaxud gizli şəkildə davam etdirmiş, bu yolda, gətirilən misaldan da gördüyümüz kimi, xəyanətdən və fəlakətlər törətməkdən belə çəkinməmişlər. Davranışlarını törə və yasalarla əsaslandırmalarına, yaxud istəklərinin Osmanlının zərərinə olmadığını səmimi şəkildə düşünmələrinə rəğmən, maraqların haçalandığı və münaqişəyə girdiyi belə halları, zənnimizcə, yalnız bir şeylə izah etmək mümkündür- Krım xanlarının separatçılıq və siyasi müstəqillik meylləri ilə!  Onlar böyük Çingiz xanın nəvə-nəticələri olaraq dünyaya itaət deyil, hökm etmək üçün gəldiklərinə sidq-ürəkdən inanır, Qızıl Ordanın həqiqi varisləri kimi öz doğma yurdlarında kimdənsə asılılığı qəbul etmir, Osmanlı himayəsindən qurtulmaq üçün yollar axtarırdılar. Qarşı tərəf isə, təbiidir ki, bununla barışmır, onları daim nəzarətdə saxlamağa, onların axın və səfərlərini dövlətin ümumi  mənfəətlərinə yönəltməyə çalışır, xanlığın müstəqillik imkanlarını hər vəchlə daraldırdı. Bu məntiqlə güclü, passionar ruhlu, ipə-sapa yatmayan xanlar potensial təhlükə mənbəyi sayılır, təzyiq altında saxlanılır, müxtəlif bəhanələrlə taxtlarından salınırdı. Osmanlı hökuməti bu məqsədlə əksər hallarda Krımdakı qəbilə aristokratiyasının nüfuzundan istifadə edir, xanların güclənməsini istəməyən tayfa başçılarından dəstək alırdı. Təəssüf ki, tez-tez baş verən sui-qəsd və hakimiyyət dəyişiklikləri son nəticədə Krım xanlığını zəiflətmiş, baratla təyin olunan xanların təşəbbüskarlıq ruhu və passonarlığı getdikcə öləzimiş, intriqa və çəkimələr düşmən dəyirmanına su tökmüşdür…

 

Qeyd etdiyimiz kimi, Osmanlı himayəsinə keçdikləri illərdə Krım xanlarının Böyük Orda ilə  “ulu taxt” (nominal olaraq paytaxt Saray) uğrunda mübarizəsi hələ sona çatmamışdı. 1476-cı ildə Məngü Girey böyük bir qüvvə ilə İdil hövzəsinə axın etdi, lakin Seyid Əhməd xanın güclü müqaviməti ilə rastlaşaraq, ona məğlub oldu, ağır yaralı vəziyyətdə Qırxərə (Çufutqalaya) geri çəkildi. Böyük Orda xanı isə paytaxt Solhatı mühasirəyə alıb Krımı (Osmanlını qəzəbləndirməmək üçün Kəfə və ona tabe olan digər məntəqələrə toxunmadan) ələ keçirdi, 40 günlük mühasirədən sonra Nurdövləti taxta çıxardı. Yardım üçün İstanbula gedən Məngü Girey xan  1478-ci ildə Şirin bəyi Əminekin vəsadəti əsasında taxtın qanuni sahibi kimi yeniçəri qoşunu ilə qayıdıb hakimiyyətini (və mübarizəsini) davam etdirdi. Aydın məsələdir ki, Osmanlı dövləti himayəsinə aldığı Krım xanlığını Polşa-Litva knyazlığı ilə ittifaqa girmiş Böyük Orda xanlarından qorumağı özünə borc bilirdi. Lakin bu, heç də Məngü Gireyin “taxt eli” uğrunda mübarizəsini dəstəkləmək mənasına gəlmirdi. Krım xanı isə Böyük Ordaya münasibətdə aqressiv strategiya yeridir, Osmanlı dövlətinə bağlılığını hər fürsətdə nəzərə çarpdırmaqla yanaşı Saraya qarşı davakar siyasətində Moskva knyazlığının Polşa-Litva ilə düşmənçiliyindən də yararlanmağa çalışır, ruslarla hələ xeyli əvvəl yaratdığı müttəfiqlik əlaqələrini  genişləndirərək, onları Osmanlılarla yaxınlaşdırmaq xətti yeridir və müəyyən mənada buna nail ola bilirdi. Yuxarıda deyildiyi kimi, Məngü Girey və xələflərinin Qızıl Ordanı “diriltmək”, bərpa etmək istəkləri Osmanlı dövlətinin Qara dənizdə şəriksiz hökmranlıq kursuna qətiyyən uyğun gəlmirdi. Lakin “ulu yurd”a vərəsəliyin “küffarla ittifaq edən” Böyük Orda xanlarına keçməsi yolverilməz olardı. Krım xanlığı Osmanlı himayəsini qəbul etməklə öz üzərinə bu dövlətin cənub sərhədlərini ruslardan və Polşa-litvalılardan qorumaq öhdəliyi götürmüşdü və bölgədə güc mərkəzinin Böyük Orda və müttəfiqlərinin lehinə dəyişməsi mövcud sərhədlərin təhlükəsizliyi üçün yeni risklər yarada bilərdi. Bu mənada Osmanlıların Məngü Girey və onun müttəfiqi olan rusları Saray xanlarından müdafiə etməsi və 1502-ci ildə Krımın Böyük Orda üzərində qələbə çalmasına dəstək verməsi daha çox bölgədə yaranmış siyasi konyunkturadan irəli gəlirdi. Digər tərəfdən Böyük Ordanın süqutundan sonra Krımın ruslara münasibətində tədrici dönüş başlamış, 1510-cu ildə isə Məngü Girey, Çingiz xan törəmələrinin Ukrayna və Belarus torpaqlarına tarixi haqlarından imtina edərək Polşa və Böyük Litva knyazlığı ilə (1569-cu ildə bu dövlətlər Reç Pospolita adı altında birləşmişdilər) Moskva əleyhinə ittifaq müqaviləsi imzalamışdı. Doğrudur, sonradan bu müqavilənin Osmanlı ilə əlaqələrdə müəyyən çətinliklər yaratdığı məlumdur, amma həqiqət naminə deyilməlidir ki, “ulu taxt”ın Krıma keçməsindən sonra da Məngü Girey (bəzi mənbələrə görə, sultan bu münasibətlə onu “taxt-alğan” titulu ilə şərəfləndirmişdir) Osmanlı ilə münasibətləri yenidən nəzərdən keçirməmiş, əksinə, yeznə-qayın olduqları Yavuz Sultan Səlimin nüfuzunun yüksəlməsi üçün səy göstərmiş, ikitərəfli əlaqələrin ardıcıl olaraq genişlənməsinə və dərinləşməsinə çalışmışdı.

Lakin onun ölümü (1514)  və taxta oğlu Məhəmməd Gireyin çıxması ilə xanlıqda müstəqillik tərəfdarlarının mövqeyi güclənmiş və aşkar cizgilər almış, Osmanlı təsirinin yayılmasına qarşı tədbirlər artırılmış, xarici siyasətdə Cuci yurdlarının alınması və buna maneçilik göstərən Moskva ilə münasibətlərin sərtləşdirilməsi siyasi kursun əsas istiqamətlərinə çevrilmişdir.

N.MUSTAFA

(ardı var)

Daha çox xəbərlər