Region Xəbərləri 

Ulu Öndərin hüquqi dövlət sahəsində misilsiz xidmətləri

22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günüdür !
Ulu Öndərin hüquqi dövlət sahəsində misilsiz
xidmətləri
İstər 1969-1982-ci illərdə Respublikaya birinci rəhbərliyi dövründə, istərsə də 1993-cü ildən etibarən prezident seçildikdən sonra ölkənin ictimai həyatında müxtəlif sahələrdə baş verən dəyişikliklərlə yanaşı hüquqi dövlət quruculuğu sahəsində də xeyli uğurlara imza atıldı. Hələ XX əsrin sonlarına yaxın (1991-1992-ci illər) ölkə əhalisinin hüquqlarının tapdalandığı, hərc-mərcliyin olduğu bir vaxtda əhali öz gələcək taleyini Heydər Əliyevə etibar etdi. Heydər Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində uğurlu siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Ölkədə qanunçuluğa ciddi sürətdə əməl olunması, ictimai-siyasi fəallığın sürətli artımı istiqamətində əsaslı islahatlar keçirilmişdir. Sabitliyin yaradılması, qayda-qanunun güclənməsi üçün 1994-cü ildə Cinayətkarlıqla mübarizəyə yönələn tarixi fərman imzaladı.
Hələ Azərbaycan Xalq Cümhuriyyəti yarandığı vaxtdan etibarən (1918-ci il 28 may) ədliyyə sahəsinə xüsusi diqqət yetirilmiş, həmin dövrdən etibarən ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmişdir. Buna baxmayaraq 1937-ci ildə çox az səlahiyyətlərə malik quruma çevrilən Ədliyyə nazirliyi 1957-ci ildə tamamilə ləğv edildi. Ədliyyə nazirliyinin əsaslə sürətdə təsis olunması, həmin sahə üzrə geniş islahatlar planı Heydər Əliyevin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Bunun məntiqi nəticəsi olaraq 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit şəkildə fəaliyyəti təmin edilmişdir. Ümumiyyətlə ədliyyə işi təkmilləşdirilmiş, gələcək inkişafı üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
Heydər Əliyevin siyasi uzaqgörənliyinin, eyni zamanda siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkənin bütün strateji sahələrinə əsaslı təsir göstərməklə yanaşı, Azərbaycanda hüquqi islahatların yeni mərhədə aparılmasına geniş imkanlar açmışdır. 1995-ci il 12 noyabrda ölkənin ilk konstitusiyasının imzalanması ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, insanların hüquq və azadlıqlarını təminatı ön plana çəkilmişdir. Konstitusiyada məhkəmə-hüquq islahatlarının keçirilməsi üçün əsaslı zəmin yaranmışdır. Respublikamızda daxili məsələlər yalnız hüquqla, xarici məsələlərdə isə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə əks olunan maddələrlə məhdudlaşır.
Heydər Əliyevin 1994-cü il 9 avqust tarixli “ Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarınının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı imzalanması ilə ölkədə qanunun aliliyinin əsas istiqamətlərinin ön plana çəkilməsində müstəsna əhəmiyyətə malik olmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması, habelə əfvetmə institunun bərpa edilməsi ulu öndər Heydər Əliyevin necə böyük mənəviyyata sahib olduğunu göstərir. Bu qərarlardan sonra davamlı şəkildə respublikamızda əfv fərmanlarının verilməsi, məhkumların bağışlanması müsbət ənənə halını almışdır. 1995-2003- cü illərdə Heydər Əliyev tərəfindən 32 əfv fərmanı verilmiş, bu fərmanlar nəticəsində 3091 məhkum azadlığa çıxmışdır. Heydər Əliyevin təşəbbüsü nəticəsində Milli Məclis 1996-2003- cü illərdə 8 amnistiya haqqında qanun imzalanmış, bunun nəticəsi olaraq isə, 21 mindən artıq məhkum azadlığa buraxılmış, bəzilərinin isə cəzasının çəkilməyən hissəsi yarıya qədər azaldılmışdır. Qəbul edilən bu qərarlar nəticəsində cəmiyyətə mənəvi dəyərlər, hümanizm hissi aşılanması ilə bərabər cinayətkarlığın dinamikasının əsaslı azalmasına gətirib çıxardı. 1998- ci il fevralın 10-da ölüm hökmü tamamilə ləğv edilmiş, Azərbaycan şərqdə bu tarixi qərarı verən ilk ölkə olmuşdur.
Heydər əliyev tərəfindən imzalanmış 1996-cı il 21 fevral tarixli sərəncamı yaradılan Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanan “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar ölkəmizdə nəhkəmə-hüquq islahatları sahəsində atılan əsaslı addımlar olmaqla yanaşı müstəqil məhkəmə siyasətinin yaradılmasına və fəaliyyətinə imkan yaratmışdır. Ümumiyyətlə bu qanunlarla yanaşı Milli Məclisdə hüquqı islahatlara aid “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “ Azərbaycan respublikasının vətəndaşlığı haqqında”, “Bələdiyyələrə seçkilərin qaydaları haqqında”, “Bələdiyyələrin statusu haqqında” və s. qanunlar qəbul olundu.
1998- ci il iyunun 18-də Heydər Əliyevin fərmanı ilə təsdiq olunan “Azərbaycanda insan hüquqların müdafisəinə dair Dövlət Proqramı” hüquqi islahatlar sahəsində əsaslı addımlar atıldı. Respublikamızda insan hüquqlarının qorunması istiqamətində ən mühüm əldə olunmuş nailiyyətlərdən biri də 1998-ci ilin avqustunda imzalanan “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum imzalanmışdır.
Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasına “xüsusi qonaq” statusu almış, 2001-ci ilin yanvar ayının 25-də isə onun tamhüquqlu üzvü olmuşdur. Bu təşkilatla səmərəli əməkdaşlıq çərçivəsində milli qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılmasına, davamlı məhkəmə-hüquq islahatlarının aparılmasına əlverişli şərait yaratmışdır.
28 dekabr 2001-ci ildə “ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Konstitusiya Qanunu ” qəbul edilmişdir. Həmçinin əfv sərəncamı ilə “ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında ” Konstitusiya Qanunun 1.7-ci maddəsinə əsasən Ombudsman tərəfindən verilən müraciətlər nəzərə alınmaqla 72 nəfər məhkum əfv olunmuş, daha 14 nəfərin isə cəzasının çəkilməyən hissəsi yarıya endirilmişdir.
Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi xüsusi diqqətin, o cümlədən ədliyyə işçilərində mənəvi stimul yaradılması, ədliyyə sahəsində tarixi irsin qorunmasının məntiqi yekunu olaraq Heydər Əliyev tərəfindən 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin əsasnaməsinin təsdiq edildiyi gün-22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur.
Uğurla nəticələnən islahatlarla ölkədə 1991-1992-ci ildə baş verən geriləmələr aradan qaldırılmış, xüsusilə ölkə ərazisində hüquqi sahədə xeyli işlər görülmüşdür. Heydər Əliyevin düzgün uzaqgörənliklə həyata keçirdiyi bu islahatlar, qəbul etdiyi qanun və sərəncamlar ölkədə qanunun aliliyinin ən ümdə məsələ olmasını diqqət mərkəzinə çıxarmışdır.
ƏDƏBİYYAT SİYAHISI
1. R.Mehdiyev. Yeni siyasət: inkişafa doğru. 2-ci cild. Bakı:Oskar MTM, 2008, 343 s.
2. Y.Mahmudov. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti.Bakı: Təhsil nəşriyyat, 2002, 322 s.
3. Heydər Əliyev Azərbaycan dövlət quruculuğunun banisidir-mühazirələr toplusu. Bakı: MTM-İnnovation MMC, 2017, 158 s.
4. F.Məmmədov. Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi.
5. F.Qurbanov. Heydər Əliyev və Azərbaycan Ədliyyəsi. Qanunçuluq, 2009.
6. Heydər Əliyev II cilddə. 1ci cild.Bakı: Turxan NPB, 2013, 500 s.
Quliyev Səbuhi
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun magistrantı,
Bərdə Regional Ədliyyə idarəsi
İcra və Probasiya şöbəsinin könüllüsü.

Daha çox xəbərlər