Milli Məclisdə 17 ildir müzakirəsi gözlənilən Rəqabət Məcəlləsi iqtisadiyyata nə vəd edir? – ŞƏRH
Uzun illərdir haqqında müzakirələr aparılan, təkliflər səsləndirilən Rəqabət Məcəlləsinin layihəsi artıq hazırlanıb və Milli Məclisdə müzakirəyə çıxarılacaq.
ARANTV.AZ xəbər verir ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən Rəqabət Məcəlləsi layihəsi bundan öncə İqtisadiyyat Nazirliyi və Nazirlər Kabinetinə təqdim edilib. Ötən il bu barədə məlumat yayan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirib ki, rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir.
Məcəllə haqqında Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov xatırladıb ki, layihə hələlik parlamentə təqdim edilməyib. Buna görə də konkret hansı məsələlərin orada əks olunduğu məlum deyil:
“Amma Rəqabət Məcəlləsinin hazırlanması prosesində və keçirilən fərqli görüşlərdə, məcəllənin ümumi istiqamətləri ilə bağlı məlumatlar bölüşdürülüb, fikirlər səsləndirilib. Ümumi yanaşdıqda, məcəllə iqtisadiyyatda rəqabətin gücləndirilməsinə xidmət edəcək. Sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsi, istehsalın artırılması, rəqabətin inkişafı əsas prinsiplərdir.
Uzun müddət müzakirə edilən bu layihənin qəbulu çox vacibdir. Çünki sahibkarlığın institusional olaraq dəstəklənməsi, iqtisadiyyatın yaxından qorunmasına istiqamətlənəcək. Sənəd xüsusilə, sahibkarların hüquqlarının müdafiəsi, gizli iqtisadiyyatın payının azaldılması bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı fəaliyyətlərin genişləndirilməsinə dövlət dəstəyinin artırılmasına xidmət edəcək. Rəqabət Məcəlləsinin iqtisadiyyatın “ağardılması”, “gizli iqtisadiyyat”ın minimallaşdırılması baxımından kifayət qədər təsirləri olacaq. Məcəllənin qəbul edilməsi bütün hallarda pozitivdir”.
Xatırladaq ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.

