“Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü”
Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.
Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizələr aparmışdır. Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarix üçün bu çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Mövcud olduğu bu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdır.
Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşamasına baxmayaraq, nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qalacağını vurğulayırdı. O deyirdi ki, biz nadir bir irsin varisləyirik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi.
Hər bir insan yaxşı bilir ki, firavan həyat, rahat yaşayış, rifah halının yüksəlməsi çətinliklərdən keçir. Müstəqillik və azadlıq kimi firavan həyat yaşamaq da qurbanlar bahasına, çətinliklə əldə olunur. Müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında ağır, məşəqqətli günlər yaşadı. Onsuz da, 1988-ci ildən Ermənistanın Azərbaycana torpaq iddiası ilə başlamış olduğu münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırmışdı. Ermənistandakı dədə-baba torpaqlarından deportasiya olunmuş soydaşlarımız Azərbaycana pənah gətirmişdi. Torpaqlarımızda müharibə gedirdi, çadır düşərgələrinin sayı gündən-günə artırdı. Dağlıq Qarabağ, həmçinin ətrafındakı ərazilər erməni qəsbkarları tərəfindən işğal olunmuşdu. Qarabağın dağlıq hissəsində Azərbaycan dövlətinin hakimiyyəti yox dərəcəsində idi. Məhz buna görə də, torpaqlarımızın xeyli hissəsi itirildi, ölkədə xaos, anarxiya baş alıb getdi, vətəndaş müharibəsi təhlükəsi yarandı, qardaş qırğını başlandı, qanunçuluğun əsasları ciddi şəkildə zəiflədi, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatdı, dövlətçiliyimiz və müstəqilliyimiz təhlükə qarşısında qaldı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli iclasında üçrəngli Azərbaycan bayrağını dövlət rəmzi kimi qəbul etdirməyə nail olması milli dövlətçilik ideologiyası baxımından Azərbaycanı ön mövqeyə çıxarmışdı. Çünki vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik rəmzi kimi qəbul edilmiş üçrəngli Azərbaycan bayrağının yenidən dövlət bayrağı səviyyəsində qəbul edilməsi hələ Sovetlər İttifaqının dağılmasından 11 ay əvvəl baş vermişdi. Bu, Azərbaycan tarixinin bütün zamanlar üçün çox şərəfli hadisəsidir.
Dövlət müstəqilliyi şəraitində ulu öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi bir neçə mühüm tədbir ölkəmizin həyatında tarixi hadisəyə çevrilmişdir.
Ulu Öndər qeyd edirdi ki – “Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.” Yeni qurulmuş Azərbaycan Respublikası müstəqil dövlət kimi demokratik hüquqi dövlət quruluşunu seçdiyini bəyan etsə də, məlum olduğu kimi XX əsrin sonlarının mürəkkəb ictimai-siyasi vəziyyətində müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir vəziyyətdə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxlaya bildi və inkişaf yolunu seçdi. Ulu Öndər deyirdi – “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir”
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın görkəmli lideri kimi ölkəmizi böyük inamla daha uğurlu sabahlara doğru aparır. Müstəqil Azərbaycanın mükəmməl dövlətçilik modeli yeni müstəqillik qazanmış ölkələr üçün də nümunədir. Ulu Öndərin sözləri ilə desək- “Bizim yolumuz Azərbaycanda dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlamaq, onu günü-gündən möhkəmləndirmək, dönməz, sarsılmaz, əbədi etməkdən ibarətdir.”
Arifət Əhmədova – Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru