Cəmiyyət 

Beynəlxalq tədbirlər üçün ideal məkan

Azərbaycan X Qlobal Bakı Forumuna ev sahibliyi edərək «Dünya bu gün: çağırışlar və ümidlər mövzusunda yeni yanaşmaları ilə növbəti dəfə dünyanı heyrətləndirəcək

Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəz kimi hər zaman dünyanın diqqətindədir. Bu, ondan irəli gəlir ki, həmin beynəlxalq əhəmiyyətli tədbirlər üçün hansı mövzu seçilirsə-seçilsin Azərbaycanın həmin məsələnin həlli ilə bağlı reallığa söykənən, dövrün çağırışlarına cavab verən yanaşması olacaq. Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Onun ardınca martın 9-11-də Azərbaycan paytaxtında X Qlobal Bakı Forumu keçiriləcək. Forumun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” olacaq. Qeyd edək ki, ötən il “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda Azərbaycan bu tribunadan dəyişən dünyaya yeni yanaşmalar ortaya qoymağa çağırışlar etdi. Bu günün isə çağırışı yeni dünya düzəninin yenidən formalaşdırılmasıdır.

Hər dövrün öz tələbi olmaqla yanaşı, hədəflərə çatmaq üçün birgə səylərin göstərilməsi, yeni yanaşmaların ortaya qoyulması da mütləqdir. Artıq postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında bu məqama diqqəti yönəldir ki, indi biz sülh haqqında danışırıq: “Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsaq, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik.»

Azərbaycan bu istəyini yalnız bu gün ifadə etmir. Ölkəmiz 30 illik işğal dövründə daim bu bəyanatla çıxış edirdi ki, ikili standartlara əsaslanan siyasətə son qoyulsun, artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək göstərilsin, Ermənistan işğalçılıq siyasətinə görə beynəlxalq hüquq çərçivəsində layiqli cəzasını alsın. Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan, dünya güclərinin maraqları naminə həlli prosesi uzanan Qarabağ münaqişəsi regionun iqtisadi inkişafında maneə kimi dəyərləndirilirdi. 30 il dünyadan ədalət gözləyən Qarabağ münaqişəsi sonda dövlətimizin qətiyyəti, rəşadətli Azərbayan Ordusunun gücü, qüdrəti sayəsində tarixə gömüldü. Ermənistan o zamanlar vaxt udmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi. Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu. Nəticə o oldu ki, Ermənistanın ideoloji bazası tamamilə darmadağın edildi. Otuz illik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, onlar dünya ictimaiyyətinin gözündə işğalçı və təcavüzkar oldular.

Dövlət başçısı İlham Əliyev ötən il IX Qlobal Bakı Forumunda regionun gələcəyi ilə bağlı Azərbaycanın yeni yanaşmalarından bəhs edərkən bu fikri xüsusi qeyd etmişdir ki, biz 30 il itirdik və erməni işğalı olmasa idi, Cənubi Qafqaz bu gün daha müasir, dinamik və daha geniş iqtisadi potensiala malik region ola bilərdi.

Bu reallığı da qeyd edək ki, hər bir beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanın, o cümlədən iştirakçı dövlətlərin malik olduqları potensialın təqdimatında əhəmiyyətli rol oynayır. Ötən ilki tədbirə 50-dək ölkədən nümayəndə heyətləri, o cümlədən dövlət başçıları, nazirlər, sabiq prezidentlər, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli şəxsləri qatılmışdı. Forumdakı nitqində ölkə Prezidenti İlham Əliyev əsas diqqəti postmünaqişə dövrünün reallıqlarına yönəldərək Azərbaycanın regionda yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyinin güclənməsindən, bu hədəflərə nail olmaq üçün bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasından bəhs edərək sülh müqaviləsinin imzalanmasının vacibliyini bəyan etmişdi. Təbii ki, atılan addımlar qarşılıqlı olmalıdır. Nəzərə alsaq ki, Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü 44 günlük İkinci Qarabağ müharibəsində dünyaya sübut etdi, bu halda Ermənistanın Vətən müharibəsində aldığı dərsi unutmuş kimi sülh müqaviləsinin imzalanmasında tərəddüdlər içərisində vurnuxması diqqətdən kənarda qala bilməz. Təbii ki, bu tərəddüdlərin əsasında Ermənistanın keçmiş ATƏT-in Minsk qrupunun vasitəçiliyinin bərpa edilməsi istəyi dayanır. Dövlət başçısı buna cavab olaraq daim bildirir ki, Minsk qrupunun fəaliyyəti sıfırla nəticələnib. ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir: «Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida deyil, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır.»

Martın 9-11-də keçiriləcək X Qlobal Bakı Forumunun mövzusuna gəlikdə isə “Dünya bu gün: çağırışlar və ümidlər” özündə bütün məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev bu günlərdə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə də bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir. Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir.

Çağırışlar sırasında regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi prioritet məsələ kimi öndədir. Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur. Çünki bütün dövlətlər dünyanı daha da təhlükəsiz etmək üçün bir-biri ilə daha yaxın olmağa səy göstərir.

Qeyd edək ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Forumlarda dünya gündəminin aktual mövzuları, qlobal problemlər müzakirə olunur. Dünyanın bir sıra sabiq dövlət və hökumət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə, dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində təsis edilib.

Bu reallığı da əminliklə qeyd edirik ki, dövlət başçısının həyata keçirdiyi uğurlu, sistemli və məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə, eyni zamanda, ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri ən yüksək səviyyədə qurulub. Bu münasibətlərin sayəsində dövlətimizin ikitərəfli və çoxtərəfli əlaqələri milli maraqlarımıza uyğun formalaşaraq gələcək hədəflərimizin yerinə yetirilməsində mühüm rol oynayır. Dövrün yeni çağırışları sabaha olan ümidləri daha da artırır. Azərbaycanın nüfuzunun artması, ümummilli məsələlərlə bağlı dövlətimizə göstərilən münasibət aparılan xarici siyasət kursunun əhəmiyyətli nəticələrindəndir. Artıq ölkəmiz regionun lider dövləti olaraq dünyada sayılıb-seçilən, söz sahibi olan, özünün müstəqil siyasəti ilə dünya dövlətləri arasında layiqli yerini və rolunu daha da möhkəmləndirən ölkələr sırasındadır. Azərbaycanın, paytaxt Bakının bir çox beynəlxalq və regional tədbirlərə, forumlara ev sahibliyi etməsi uğurlu siyasətin nəticələridir. Azərbaycan tarixi Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yaratdı. Bu reallıqların özündə ehtiva etdiyi çağırışları və onların yaratdığı ümidləri geniş şərh etməyə ehtiyac yoxdur. Sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi olan Azərbaycan hər zamanda dünyada sülhə, təhlükəsizliyə öz töhfələrini verməyə səy göstərir. Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkədir.

Daha çox xəbərlər