İdman 

Nazim Babayev: “Artıq həvəs qalmamışdı, yeni başlanğıc lazım idi” – MÜSAHİBƏ

“Cəmi üç həftə məşq etmişəm və səkkiz metr nəticə göstərmişəm. Üzərimdə işləsəm, 8,2 metr və 8,3 metr nəticə də göstərə bilərəm. Müəyyən problemləri aradan qaldırsaq, Paris-2024-ə vəsiqə qazanmaq və orada uğurlu çıxış etmək olar”.

Bu sözləri “Report”a müsahibəsində Azərbaycan atleti Nazim Babayev deyib.

Həmin müsahibəni təqdim edirik:

– Uzunluğa tullanma növündə Azərbaycan çempionatının qalibi oldunuz. Turnirlə bağlı təəssüratınız necədir?

– Yarış mənim üçün uğurlu alındı. Nəticə qazanmaq üçün külək və digər amillər qaydasında idi. Hər cəhdimdə nəticəni artırırdım. Sonuncu cəhddə səkkiz metr nəticə göstərdim. Bəlkə də, düzgün yerə düşsəydim, 1978-ci ildə 8,03 m göstəricisinə nail olan Vladimir Çepelyovun rekordunu da qıracaqdım. O, Azərbaycan SSRİ-nin tərkibində bu nailiyyətə imza atıb. Son 45 ildə isə buna yaxın düşən ilk azərbaycanlı atletəm. Bu, mənim yeni növdə ilk yarışım idi. İlk turnirlər bir az çətin olur. Sonradan daha yaxşı uğurlar əldə etmək mümkündür. Səkkiz metr çox gözəl nəticədir. Mənim üçün yeni növ olsa da, hazırda Avropa reytinqində 6-cı pilləyə qalxmışam. İnanıram ki, bunu daha da artıracağam.

– Artıq üç təkanla tullanmada çıxış etməyəcəksiniz?

– Bəli. Ən azından, bu mövsüm ancaq uzunluğa tullanmada mübarizə aparacağam. Bundan sonra daha beş yarışım olacaq.

– Üç təkanla tullanmada Avropa çempionu olmusunuz. Bu kimi uğurları yeni növdə də əldə etmək nə qədər realdır?

– Uzunluğa tullanmada rəqabət güclüdür. Amma bu növdə də özümə inanıram, nəyə qadir olduğumu, fiziki və sürət göstəricilərimi çox gözəl bilirəm. Məşqçim və federasiya rəhbərliyinin mənə etimadı böyükdür. Üç təkanla tullanma həm fiziki, həm də texniki baxımdan çətin olduğu üçün, həmçinin, burada zədələnmə ehtimalı yüksək olduğundan uzunluğa tullanmada rəqabət daha böyük olur. Son Avropa çempionatlarının nəticələrinə baxandan sonra görürəm ki, burada da uğur əldə etmək realdır. Özümə inanıram və bunun üçün motivasiyam da var.

– Həmin Avropa çempionluğundan sonra bu kimi yarışlarda uğurlarınızı görə bilmədik. Bunu nə ilə əlaqələndirirsiniz?

– Ondan sonrakı mövsümü də uğurlu dəyərləndirirəm. Tokio Olimpiadasına lisenziya qazandım. Yaxşı formaya düşdüyüm vaxtda isə pandemiya oldu. Dünya çempionatı və bir sıra turnirlər təxirə salındı. Pandemiya dönəmindən sonra isə səhhətimdə ciddi problemlər yaşandı. Həddindən artıq çox zədə ilə üzləşdim. Son olaraq belimdə ağrılar var idi. Son Avropa çempionatında isə beşinci yeri tutmuşdum, gümüş və bürünc medal əldə edə bilərdim. O yarışdan sonra güclü ağrılar hiss etdim. Bu üç il ərzində zədəsiz ay olmadı və bunun öhdəsindən gələ də bilmirdik.

Ötən il Türkiyədəki İslam Həmrəyliyi Oyunlarından sonra qərarımı verdim. Məşq prosesləri zamanı hər şey normal olurdu, amma yarışlara bir-iki ay qalmış zədələnirdim. Bu məni üç təkanla tullanmadan soyudurdu. Sağlamlığıma da ciddi fəsadlar törədəcəyini düşündüm və növü dəyişmək qərarına gəldim. Bu ilin martında müalicə aldım, apreldə isə yavaş-yavaş məşqlərə başladım. Məşqdə bir daha yoxladıq, amma yenə belimdə ağrılar oldu. Bundan sonra tam qərara gəldik ki, bu növdə çıxış etməyi dayandıraq. Gələcəkdə bunun tam müalicəsi olsa, yenidən üç təkanla tullanmağa qayıtmaq olar. Amma mən düşünürəm ki, uzunluğa tullanma da mənim üçün uğurlu olacaq. Artıq 12-13 ildir ki, bu növdə mübarizə aparırdım, əvvəlki həvəs qalmamışdı. Bunun isə əsas səbəbi zədələr idi. Mənə mübarizə aparmaq üçün yeni başlanğıc lazım idi.

– Polşadakı Avropa Oyunlarında iştirak edəcəksinizmi?

– İndi ağrılarım yoxdur. Normal şəkildə məşq edirəm. Yaxşı formada olduğumu da düşünürəm. Polşada uzunluğa tullanmada iştirak edəcəyəm. Əsas hədəf medal qazanmaqdır.

– Tokio-2020-də üç təkanla tullanmada iştirak etdiniz. Uzunluğa tullanmada dünya arenasında rəqabət böyükdür. Paris-2024-ə vəsiqə qazana biləcəksinizmi?

– Avqustdakı dünya çempionatına lisenziya qazanmaq əsas məqsəddir. Beş yarışın hamısında 7,9 metrdən yuxarı nəticə göstərsəm, mundiala qatılacağam. Olimpiya ilində də bu növə tam köklənmək niyyətindəyəm. Uğuru hiss edən və bunun arxası ilə gedən insanam. Cəmi üç həftə məşq etmişəm və səkkiz metr nəticə göstərmişəm. Üzərimdə işləsəm, 8,2 metr və 8,3 metr nəticə də göstərə bilərəm. Qaçışda, tullanmada hələ də müəyyən problemlər var. Bunları tam şəkildə aradan qaldırsaq, Paris-2024-ə vəsiqə qazanmaq və orada uğurlu çıxış etmək olar.

Daha çox xəbərlər