“Batabat”da mahnıya görə adam bıçaqlayan şəxsin işi – müğənni dindirildi
Yeyib-içdikdən sonra kafedə adam bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.
ARANTV.AZ musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Akif Şükürovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, A.Şükürov “Azərsu” ASC-də sürücü vəzifəsində çalışıb.
Bıçaqlanan şəxs Rufan Hüseynov məhkəmədə iştirak etməyib. Təqsirləndirilən Şükürov zərərçəkmişlə barışdığını deyib.
Məhkəmədə bıçaqlanma baş verən kafedə müğənnilik edən Günay İbrahimova ifadə verib. O, istintaqa ifadəsini təsdiqlədiyini deyib. Qeyd edib ki, davanı görməyib. Amma söyləyib ki, hadisədə A.Şükürovun günahı yoxdur.
Prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Növbəti prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyəcək.
Məhkəmə iclası avqustun 20-də davam edəcək.
Bildirək ki, hadisə Əhmədli qəsəbəsindəki “Batabat” kafesində baş verib. Kafeyə müştəri kimi gələn Şükürov şən mahnı sifariş vermək istəyib.
Bu zaman digər müştəri Rufan Hüseynovla aralarında mübahisə başlayıb. Nəticədə A.Şükürov onu ürək nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
A.Şükürov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

