“Ruhunuz şad, məkanınız nurlu olsun, igid şəhid oğullar!”
YAP Bərdə rayon təşkilatının sədri
Faqət Şadlinskaya:
Bugün ağır bir gün oldu, çoox ağır… Bərdə yenə şəhid yola salırdı əbədi məkana… Əbədinin əbədiyyət qədər yaşı var. Amma bugünkü şəhidimizin cəmi 23 yaşı var idi və əbədi 23 yaşında qalacaq… Yaşın azlığında çoxlarının edə bilmədiyini bacarıb bugün torpağa tapşırdığımız igid şəhid Mehdizadə Mirpaşa Yaqub oğlu. Ürəyində elə böyük Vətən sevgisi var idi ki, heç nə onu qorxuda bilmirdi. Vətən müharibəsindəki qəhrəmanliqları dillərdə dastan idi. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən altı dəfə medal ilə təltif olunmuşdu. Və… Vətən müharibəsində əlil oldu… Buna baxmayaraq antiterror tədbirləri zamanı yenə öndə oldu. Özü istəmişdi. “Bu işi sona biz indi çatdırmalıyıq, sabaha qoymamalıyıq!” deyirdi… Bugün isə… bugün isə Vətən ona qucağını elə geniş açmışdı ki… Çünki torpağı daha bir şəhid müqəddəsliyinə bürünəcək, bir şəhid işığinda cənnətin qapıları üzünə açılacaq, onun uca göylərini öz cənnət ətrinə bürüyəcək, bir şəhid oğul yanğisindan minlərlə ürəklərə sevgi payı verəcəkdir!!!
Və bugün həm də əziz gündür, çoox əziz!!! Özündən əvvəlki şəhidlərin qanının töküldüyü, uğrunda canlarından keçdikləri doğma torpaqların Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun qəhrəmanliği, dəmir yumruğu sayəsində düşmən tapdağından azad olunduğu gündür!!! Ona görə də səmanın neçənci qatında, cənnətin neçənci otağında şəhidlərimizin narahat ruhları Vətəndə Qalibiyyət bayrağının dalğalandiğinin mehini duyub rahatlıq tapacaq, şad olacaqlar…
Məkanınız nurlu olsun, Vətəni müqəddəsləşdirənlərimiz- əziz igid şəhidlər! Hər ğün, hər an üçün dualarımız Sizədir, Sizinlədir!!!