Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirildi. Builki toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Toplantı Azərbaycanın son bir ildə enerji sektorunda qazandığı uğurların növbəti təqdimatı oldu. Artıq 12-ci dəfə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısının keçirilməsi əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafından xəbər verir. Dövlət başçısı İlham Əliyev toplantıdakı çıxışında “Hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq” söyləyərək bildirdi ki, bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə – məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə görürük.
Azərbaycanın Avropanın enerji təminatında rolu daim yüksək dəyərləndirilir. Ölkəmizin hər bir layihəni uğurlu sonluqla başa vurmaq üçün səylər göstərməsi təqdir edilir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, bu layihələr dövlətləri, xalqları daha da yaxınlaşdırır, dövlətlərarası münasibətlərdə etimad mühitinin əhəmiyyətli faktor olduğunu açıqlayır. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsində bu amilin rolu yüksək dəyərləndirildi.
Reallıq budur ki, Azərbaycan hər zaman əməkdaşlıq, səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması çağırışlarını edir və bunu atdığı addımları ilə təsdiqləyir. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında ötən toplantıdan keçən dövrdə qazanılan uğurlardan geniş bəhs edərək bu məqamı xüsusi vurğuladı ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir.
“Əsrin müqaviləsi”nin imzalanmasından ötən bu müddət ərzində birgə səylərin nəticəsində reallığa çevrilən layihələrə diqqət yetirmək kifayətdir. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişləndi, çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin 2018-ci ilin mayında rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP istifadəyə verildi. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan icrasına başlanılan hər bir layihəni uğurlu sonluqla başa çatdırır. Cənub Qaz Dəhlizinin son tərkib hissəsi olan TAP-ın icrası 2020-ci ilin sonunda başa çatdı. Bu o dövr idi ki, Azərbaycan həmin il 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Bu faktın özü təsdiqləyir ki, Azərbaycan dövləti hansı vəziyyətin yaşanmasından asılı olmayaraq iqtisadi islahatları, layihələrin icrasını davam etdirir. Təbii ki, bu kimi mühüm amillər dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin təqdimatlarıdır.
Cənab İlham Əliyev çıxışında “Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik” söyləyərək vurğuladı ki, artıq Avropanın daha iki ölkəsinə – Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır.
Bu hədəf də açıqlandı ki, cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir: “Təbii qazın əsas mənbəyi olan “Şahdəniz” yatağımızla bağlı deyə bilərəm ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək. Daha əvvəl qeyd etdiyim kimi, bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, qazpaylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir”.
Azərbaycanın inkişafa, enerji təhlükəsizliyinə doğru atdığı addımlar liderliyini qoruyur, dünya birliyinin fəal üzvü, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Hər bir layihənin uğurla başa çatması yeni tərəfdaşlar arasında əlaqələrin möhkəmlənməsinə və onların coğrafiyasının genişlənməsinə yönələn yeni layihənin gündəmə gətirilməsi üçün stimuldur.
