Qürur salnaməsi
“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”
Ümummilli Lider Heydər Əliyev
27 sentyabr 2020-ci il…Bilirdik ki, Qarabağımızın azad olunacağı gün yaxındadır. Bu torpaq hər zaman qəhrəmanlar yetişdirib. 44 gündə addım- addım yaxınlaşdıq Zəfərə. Vətən oğullarının canı, qanı bahasına Qarabağ düşmən tapdağından azad edildi. İgid-igid Azərbaycan oğulları mənfur düşməni doğma torpaqlarımızdan “itiqovan” kimi qovaraq, qələbə qazandı. Bu gün Azərbaycan torpaqlarından Zəfər qoxusu gəlir. DƏMİR YUMRUQ gücü hesabına qazanılan ZƏFƏR.
Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi, hərbi-diplomatik arenada əldə etdiyi uğurlar, Müzəffər Ordumuzun rəşadəti xalqımıza İkinci Qarabağ müharibəsində Zəfər sevincini yaşatdı. Bir-birindən gözəl, əsrarəngiz diyarlarımızı azad görmək bizim üçün tarixi hadisə olmaqla yanaşı, sözlə ifadəsi mümkünsüz bir hissdir.
Əsarətdə qalan torpaqlarımızın qisası alındı. 44 günün hər bir günü bizim üçün Zəfər günü oldu. Hər bir qarış torpağımız şəhid qanı ilə suvarıldı… Müzəffər Ali Baş Komandanımız İlham Əliyev hər dəfə işğaldan azad olunan kəndlərin, rayonların xəbərlərini bizə çatdırdıqca, qələbəyə inamımız daha da artdı. Çətin və şərəfli günlərdən keçdik… Cəbhədə düşmənə qan udduran igid qardaşlarımızın qəhrəman Analarının, özləri kimi mərd həyat yoldaşlarının dözümünün şahidi olduq… Onlar başlarını dik tutub “Vətən uğrunda” dedilər… Dəfələrlə raket atəşinə məruz qaldı şəhərlərimiz…Daha nələr… nələr…Amma heç nə inamımızı sarsıtmadı…. Çünki Qarabağımız azad olunurdu…
Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra qarşılaşdığımız ən ağrılı hadisə erməni vandalizminin canlı şahidi olmaq idi.
“Qafqazın Xirosiması” adlanan Ağdam şəhərində, eləcə də mədəniyyət paytaxtımız Şuşada xalqımıza məxsus tarixi abidələrə, milli-mədəni irsimizə, millətin mənəvi dəyərlərinə, təbiətimizə qəsd edən işğalın nəticələrini görürlər. Təbii ki, insanlar işğal zamanı erməni vandalizminin nəticələrini ürək ağrısı ilə seyr edirlər.
Erməni vandallığının söz qarşılığı yoxdur! Mənfur düşmən illərlə terror törətdi torpaqlarımızda. Ancaq bir məqamı – Azərbaycan xalqının mərdanəliyini, döyüşkənliyini, torpağa, Vətənə bağlılığını, sarsılmaz olduğunu unutdu! Heç nə bizi sarsılda bilmədi və bir olub, cəmi 44 günə Qarabağımızı azad etdik!
Qarabağ – doğma Azərbaycanımızın döyünən ürəyi! İllərlə səndən bəhs edəndə, danışanda, görüntülərini izləyəndə gözlərimiz dolur, o yerlərdə yalnız xəyalımız dolaşırdı. Amma bu gün xəyallarımızın gerçəkləşdiyi gündür. Çünki biz Qarabağdayıq.
Cənab Ali Baş Komandanımız və Rəşadətli Azərbaycan Ordusu var olsun!
Allah şəhidlərimizə rəhmət eləsin.
Yaşasın Müstəqil Azərbaycan!
Qarabağ Azərbaycandır!
Fidan Nəsirli – Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə sektorunun baş məsləhətçisi

