Region Xəbərləri 

Əsl Azərbaycan qızı, millətin həqiqi səsi olmağı bacaran Qənirə Paşayeva vəfat edib…

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Yaxından tanıyan, tanımayan hər kəs böyük kədər içindədir və onunla ürək sözləri ilə vidalaşmağı özünə vətəndaşlıq borcu bilir.

Böyük türkçülük aşiqi Qənirə Paşayeva VƏTƏN yolunda çalışaraq özünü şəhid edən əsl Vətən fədaisi idi!!! Bəlkə də xalqımızın şəhidləri Anım günlərində həyata Əlvida deməsi də onun əbədi unudulmaz olacağının əsl nişanəsidir!!!
Dərindən dərin sevgisi ilə, tükənməz sandığı enerjisi ilə vaxtı dəyərləndirib xalq, Vətən üçün çalışmasının, yorulmazlığının, millətə, xalqa sevgisinin həddi -hüdudu yox idi Qənirə xanımın. Vətən, Millət və xalq üçün özünü böyük alqışa layiq ŞƏHİD edən, bu yolda yorulsa da dayanmadan, nəfəs almadan yüyürən, lazım olduğu insanların yanında olmağa asta- asta yeriyən yox, qaçan oldu, danısa bilməyənlərin dili, görə bilməyənlərin gözü, səsini çıxara bilməyənlərin səsi oldu Qənirə xanım. Ədalət axtarıb haqqa doğru qaçanlara haqq yoldaşlığı etdi jurnalistliyi, şairliyi, Millət vəkilliyi, Somalidəki uşaqlara ilk ixtisasına uyğun həkimliyi ilə, qardaş türk ellərindəki Vətəni bütöv görmək çağırış və unudulmaz çıxışları ilə. Bunu bütün xalq, tanıyan – tanımayan hər kəs görürdü və qarşılığını verərək ona dəyər verir, onu çooox sevirdi… Hər günündə, hər anında unutmadığı, özunun də dediyi kimi, inandıği Ölümün varlığı vardı… Ona görə bu həyatdan koç edəndən sonra da insanlara gərəkli olacağını düşündüyü, heç kimin etməyi bacarmadığı, ürək eləmədiyi bir addım da atmışdı Qənirə xanım: rəsmi dövlət qurumunda təsdiqlətdiyi vəsiyyətində ölümü zamanı yararlı olarsa orqanlarını ehtiyacı olan xəstələrin yaşaya bilməsinə bağişlamısdı… Bax beləcə, hətta Vətən hüdudlarını aşan böyük xalq sevgisi qazanmisdı Qənirə xanım… Və elə bu böyük sevgidən Ölüm tanıdı onu… Ölüm də gördü ondakı gözəlliyi – fədakarlığı… Ölüm də bəyəndi… Ölüm də sevdi… Həyatın qanununa çevirdiyi üstün gücü ilə hamıya, hər şeyə qalib gəlib onu apardı özü ilə… Amma Ölüm unudur: xalq, Vətən üçün ürəyinin odu -istisi ilə sözün əsl mənasında çalışanlar yox olmurlar, əbədiyyətə qovuşurlar…
Bütün bunlara görə xalqımız onu son mənzilə uğurlayarkən ürəkdən deyir: əsl Azərbaycan qızı, məkanın cənnət olsun!

Daha çox xəbərlər