Azərbaycan-Gürcüstan münasibətləri
Cənubi Qafqaz regionu tarixən bir çox dövlətlərin şəxsi maraqlarının kəsişdiyi bir regiondur. Azərbaycanın qərb qonşusu Ermənistandan fərqli olaraq digər qonşuları o cümlədən şimal-qərb qonşusu Gürcüstanla tarixə söykənən dostluq, mehriban qonşuluq münasibətləri olmuşdur. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də belədir. Bu, həm ölkələrimiz üçün, həm bütün bölgə üçün çox vacibdir. SSRİ-i dağıldıqdan sonra Ermənistanın qonşu ölkələrə qarşı əsassız ərazi iddiaları, həmçinin Azərbaycanın ərazilərini işğal etməsi, regionda uzun müddət işğalçılıq, terrorçuluq əməllərinin hökm sürməsinə zəmin yaratmışdır. Bu da öz növbəsində bütövlükdə Cənubi Qafqaz regionu ölkələrinin iqtisadi cəhətdən inkişafına maneələr törətmişdir. Azərbaycan öz iqtisadi və təbii resurslarının potensialı hesabına bir sıra beynəlxalq və regional layihələr həyata keçirməklə təkcə özünün deyil, regionun iqtisadi inkişafına öz töhvələrini vermişdir.
Bir regionun inkişafı üçün əsas amil orada sülhün olmasıdır. 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam edən Vətən müharibəsi Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu. Regionda yeni reallıqlar yaratdı. Bütövlükdə regionda sülhün bərqərar olmasına şərait yaratdı. Müharibənin bitməsindən 3 il keçməsinə baxamayaraq amma hələdə Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb.
Prezident İlham Əliyevin 8 oktyabr tarixində Tbilisidə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda artıq Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatdığı bildirildi. Bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar.
Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və sair kimi fikirləri əsas diqqət çəkən məqamlardan oldu. Dövlət başşısı həmçinin Azərbaycan və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayaraq, bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəklədiyini, ökələrimizin ərazi bütövlüyünün beynəlxalq hüququn fundamental prinsipi olduğunu və ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyini, həmçinin Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin birmənalı olduğunu ifadə etmişdir.
Eyni zamanda üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyini, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etməsini də vurğulamışdır.
Ölkə başçısının bu səfəri də Azərbaycan-Gürcüstan mövcud əlaqələrinin genişlənməsinə və inkişafına tövhə verəcək. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Həmçinin ölkəmizin Gürcüstanla həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.
Eyni zamanda Energetika sahəsində ənənəvi sahələrdən başqa bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırmasının hazır olacağı vurğulandı.
Regionda Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır. Bizdə güclü siyasi iradə və artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.
Ölkə Prezidentinin keçən həftə Gürcüstan səfərində səsləndirilən bu və digər fikirlər bir daha iki ölkə arasında əlaqələrin daha da inkişafına zəmin yaradacaq.
Bu gün Azərbaycan dövlətinin milli maraqları ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində tam təmin olunmaqdadır. Onun hər xarici səfəri, atdığı bütün addımlar məhs bu məqsədə xidmət edir. Ölkəmizin əsas milli maraqlarından olan rəqabət qabiliyyətli və çox şaxəli güclü iqtisadiyyat qurmaq əsas proritet məqsədlərdəndir. Regionda sülhün təmin olunması və inkişafa şərait yaradılması əsas məqsəddir. Son illərdə ölkəmiz əməkdaşlıq etdiyi ölkələrlə o cümlədən qonşu dövlətlərlə də bu sahədə mühüm işlər həyata keçirmişdir. Elə günü-gündən artan Azərbaycan- Gürcüstan qonşuluq, dostluq münasibətləri də buna bir misaldır.
Liza Cabbarova – Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin direktor müavini

