Azərbaycan xalqı əlamətdar və tarixi dövr yaşayır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı ilə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi yazıldı.
2020-ci il sentyabrın 27-də erməni silahlı birləşmələri bütün təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini və cəbhə xətti yaxınlığındakı mülki yaşayış obyektlərini artilleriya və digər ağır silahlardan atəşə tutdu. Buna cavab olaraq Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin əks – hücum əməliyyatları başladı. II Qarabağ müharibəsində ”Dəmir yumruq” adını alan əks – həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.
44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan – Müzəffər Xalq – Müzəffər Ordu birliyi dəmir yumruğa çevrilərək düşmənin məhv edilməsində əsas rol oynadı. Dilindən, dinindən, irqindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları yağı düşmənə qarşı bir yumruq kimi birləşdilər.
Ali Baş Komandanın televiziya vasitəsilə xalqa müraciəti, qələbə tvitləri, torpaqlarımızın azad olması xəbərini özünün birbaşa, qürurla, özünəməxsus şəkildə Azərbaycan xalqına çatdırması xalqda və döyüşçülərimizdə çox böyük ruh yüksəkliyi yaradırdı. Ali Baş Komandanın “ Qarabağ Azərbaycandır!” cümləsi 44 günlük müharibə dövründə müharibənin simvoluna çevrildi. Qəhrəman əsgərlərimiz də bir-birinin ardınca azad etdikləri yaşayış məntəqələrimizdən Müzəffər Ali Baş Komandana məruzələrini məhz bu cümlə ilə tamamlayırdılar. Müharibə başlayan gün, sentyabrın 27-də müraciətini “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri ilə başa çatdıran Qarabağ Fatehi İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.
Sentyabrın 19-da səhər saatlarında dördü polis əməkdaşı, ikisi yol təsərrüfatı işçisi olmaqla mina partlayışında 6 nəfərin həlak olmasından sonra Azərbaycan Qarabağda, rus sülhməramlılarının məsuliyyət zonasında “antiterror əməliyyatı”na başladığını, həmin günün günorta saatlarında separatçı qüvvələrin qarşı tərəfin silahı təhvil verməyə razılaşmasından sonra əməliyyatı dayandırdığını elan etmişdi.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Bu həm müraciət həm də ata vəsiyyətini yerinə yetirmiş, 44 günlük müharibədə Ali Baş Komandan kimi öz ordusuna başçılıq edib, Azərbaycanın qan yaddaşını Zəfər tarixi ilə sonlandıran , Azərbaycanın milli qeyrət simvolu olan Qarabağımızı bizə geri verən və ən nəhayət, lokal xarakterli antiterror tədbirləri həyata keçirib Ermənistan silahlı birləşmələrinə ağ bayrağı qaldırtdıran, əsil Azərbaycan oğlunun xalqı qarşısında verdiyi bütün vədləri həyata keçirməsini təsdiq edən və yalnız xalqı və dövləti üçün gecə gündüz çalışan cənab Prezident İlham Əliyevin xalqına verdiyi müjdə, millətini ,ölkəsini sevməyənlərə isə bir mesajı idi.
Azərbaycan hər zaman öz Konstitusiyasına, qanunlarına, qoşulduğu konvensiyalara, beynəlxalq hüquq norma və prinsiplərinə əməl edir və bütün dünya bir daha şahid olur ki, ölkəmizin niyyəti sülh və təhlükəsizliyin bərqərar olmasıdır. Bu gün ölkəmizin hər bir vətəndaşı qürurla deyə bilər ki, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir!
Nuranə Seyidova – Bərdə rayon M. Məmmədov adına Qarağacı kənd tam orta məktəbin direktoru

