Ət niyə bahalaşıb?
Qiymətlərin artması nə sahibkarlara, nə də əhaliyə sərf edir
“Ət olmayanda, elə bilirəm heç nə yeməmişəm”. Bu cümləni ətrafımızdakı çox adamdan eşidirik, ya da elə özümüz deyirik. Çünki ət yeməyi sevirik. Elə bu səbəbdən ölkədə ətin qiymətində 50 qəpik də artım olsa, bizi narahat edir. 2 il əvvəl 1 kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manatdır.
İnsanları iki sual düşündürür: 1 kiloqram ət üçün 15 manat yüksək rəqəm deyil? Mövcud qiymət sabit qalacaq, ya artım davam edəcək?
Ət satışı ilə məşğul olan sahibkarlar deyirlər ki, əvvəllər bu sahə yaxşı gəlir gətirsə də, indi vəziyyət dəyişib. Hazırkı qiymətlərlə 1 kiloqram ət satışından gəlir 50 qəpikdən çox deyil.
Əlbəttə, ətin qiyməti səbəbsiz yerə artmayıb. Hər bir məhsulun qiymətində artım var. Heyvandarlıqda maya dəyərinin əsas hissəsini yem məhsulları təşkil edir. Heyvan yemi bahalaşdıqca, ətin qiymətlərinin artması qaçılmaz olur. Əvvəllər Rusiya və Ukraynadan heyvan yemi gətirilirdi, ölkə daxilində də heyvan yemi məhsulları bol idi. Ancaq indi Rusiya və Ukraynadan yem gəlmir, yerli bazarda da bu məhsul bahadır. Məsələn, 2 il əvvəl qışda 1 yonca presi 3-4 manata, yayda isə 2 manata satılırdı. Ətin qiyməti də 11 manat idi. İndi pres 8 manata satılır. Əsasən buna görə ətin qiymətini daha ucuz təyin etmək olmur.
Ekspertlər isə qeyd edirlər ki, hələlik qiymətlərdə hansısa azalma gözlənilmir. Proses göstərir ki, arpanın, yoncanın qiyməti artdıqca ətin də qiyməti yüksələcək. Sabit qalsa, yəqin ki, ətin qiymətində dəyişiklik olmayacaq. Qiymətləri artıran daha bir səbəb isə kəndli ilə qəssablar arasında alverçilərin çox olmasıdır. Əvvəllər bütün rayonlarda mal bazarı eyni gün olurdu. İndi rayonlarda mal bazarları fərqli günlərdə təşkil edilir. Bu da ona gətirib çıxarır ki, bir rayonda bazar olanda, digər rayonların vasitəçilik edənlərin də o bazara axışır. Qəssabların heyvanı sahibindən almasına imkan vermirlər. Alverçilər bu yolla böyük qiymət artımı yaradırlar.
Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov bildirib ki, dünyada insan sayı sürətlə artır və bunun fonunda adambaşına düşən ət nisbəti də azalır: “2021-ci illə müqayisədə 2022-ci ildə ölkəmizdə diri çəkidə ət istehsalı 3 faiz artıb. Bununla paralel insan sayı da artır. Bu proses tək bizdə yox, dünyada gedir. Almaniyada 2021-ci ildə adambaşına 65 kiloqram ət istehlakı var idisə, 2022-ci ildə bu rəqəm 53 kiloqram olub. Tələb çoxdur, təklif də zamanla azalır. Bu qiymətlərə təsir edir. İnflyasiya fonunda da qiymətlərdə artım gedir”.
Ümumiyyətlə, ətin qiymətindəki artımlar əhalinin bu qida növündən istifadə əmsalını aşağı salır. Ətdən istifadə əmsalının aşağı düşməsi ölkə iqtisadiyyatı və istehlak bazarımız üçün heç də uğurlu hal sayılmır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütəmadi əsaslarla istehlak bazarında qiymət monitorinqi və rəqabət təhlilləri aparır. Cari il ərzində Dövlət Xidməti tərəfindən minimum istehlak səbətinə daxil olan və əhalinin ərzaq təminatında əsas yer tutan qida məhsulları, o cümlədən un və un məmulatları, şəkər tozu, iri və xırdabuynuzlu heyvan əti, toyuq əti, kərə yağı, düyü, qarabaşaq, ağartı məhsullarının və s. qiymətləri ilə bağlı monitorinqlər aparılıb.
Məlumata əsasən, ötən illə müqayisədə cari ilin oktyabr ayında aparılan monitorinqlər zamanı şəkər tozu, makaron, çay, dana əti, qoyun əti, toyuq əti, düyü, süd, pendir, yerli istehsal olan kərə yağları və soğan qiymətlərində artımlar müşahidə edilib. Bəzi məhsul kateqoriyaları üzrə isə qiymətlərin enməsi qeydə alınıb. Bu məhsullara çörək, yumurta, günəbaxan və qarğıdalı yağı, marqarin, kartof, qarabaşaq, kələm, sarımsaq daxildir. Bundan əlavə, 1 kq-lıq qablaşdırmada təqdim edilən un qiymətlərində artım müşahidə olunsa da, 50 kq-lıq un kisəsinin qiymətində azalmalar baş verib.
Əsassız qiymət dəyişikliyinin qarşısının alınması və bazarda rəqabətin təmin olunması məqsədilə Dövlət Xidməti tərəfindən 2023-cü ilin II rübündən etibarən iri və xırdabuynuzlu heyvan əti bazarı və ümumilikdə kənd təsərrüfatı sektorunda müxtəlif təchizat zəncirləri üzrə qiymət artımı səbəblərinin bazarın rəqabət vəziyyəti ilə əlaqəli olub-olmamasının araşdırılması məqsədilə geniş təhlil və araşdırmalara başlanılıb.
Kənd təsərrüfatı sektorunda müəssisə əsaslı satış və istehsalın zəif olması, regional topdansatış məntəqələrinin az olması və digər amillərin istehsal xərclərini artırdığı müəyyən edilib. Aparılan araşdırmaların nəticələrinə əsasən, heyvandarlıq (iri və xırdabuynuzlu heyvan əti) və bitkiçilik istiqamətləri (kartof, soğan, pomidor və s.) üzrə müxtəlif dəyər zəncirlərində fəaliyyətin əsasən ailə kəndli-təsərrüfatları, fərdi sahibkarlar tərəfindən həyata keçirildiyi müəyyən edilib. Bununla belə, kənd təsərrüfatı sektorunda müəssisə əsaslı satış və istehsalın zəif olması, regional topdansatış məntəqələrinin az olması və digər amillərin istehsal xərclərini artırdığı müəyyən edilib. Dövlət Xidməti tərəfindən bazarda aparılan monitorinq və rəqabət təhlilləri zamanı rəqabətin pozulduğu hallar aşkar edildiyi təqdirdə pozuntuya yol vermiş təsərrüfat subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olaraq ciddi tədbirlər görüləcəkdir.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, 2023-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycana 60 milyon 147 min dollar dəyərində (102 milyon manat) 30 min 241 ton ət idxal olunub. Ət idxalı dəyər ifadəsi ilə 15,8%, miqdar ifadəsi ilə 4,6% artıb. 2022-ci ilin 9 ayı ərzində isə Azərbaycana 51 milyon 921 min dollar dəyərində 28 min 919 ton ət idxal olunmuşdu.

