Region Xəbərləri 

Ümummilli lider, Heydər Əliyev çıxışlarının birində demişdir:

“Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir”.
Bu sözlərə istinad olaraq deyə bilərəm ki, Zəngilan əlverişli coğrafi mövqedə yerləşən qədim Azərbaycan torpağıdır. Vətənimizin bütövlüyünün təmin edilməsi XX əsrin sonlarında tarixinə vurulan ağır zərbələrdən sonra onun xarici və daxili siyasətinin başlıca meyarı olmuşdu.
Böyük Qayıdış Zəngilandan başlayıb…
Məhz bu istiqamət üzrə 2016-cı ilin aprel döyüşləri və 2020-ci il iyul hərbi əməliyyatları bir qığılcım rolu oynamışdır. Bu həqiqətlərin tarixi davamı olaraq, 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zirvə nöqtəsini təşkil etmişdir. Hərbi əməliyyatlar “Dəmir yumruq” adlı hərbi döyüş taktikasının yüksək peşakarlıqla təşkili və tətbiqi nəticəsində məharətlə yerinə yetirildi. Döyüş taktikalarının düzgün yerinə yetirilməsi, Zəngilan rayonunun işğaldan azad olunmasına imkan yaratmış oldu. Zəngilan rayonu Azərbaycan Silahlı Qüvvələri tərəfindən 18 oktyabr 2020-ci il tarixindən qanlı döyüşlərin başlaması 20 oktyabr 2020-ci il tarixdə şəhər mərkəzi başda olmaqla 4 qəsəbəsi və 49 kəndinin azad edilməsi ilə nəticələnmişdir.
Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi. Barbar həyat tərzi sürmüş erməni işğalçıları Vətənimizin bu tarixi torpağının qədim abidələrini, məzarlıqlarını vəhşicəsinə çapıb talamış, bununla da əsrlər boyu türklərə olan nifrətlərini açıq şəkildə nümayiş etdirmişlər. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyev başda olmaqla igid oğullarının qəhrəmanlığı ilə ərazimizin azad olmasında məharətlə çıxış etmiş, hətta əhval-ruhiyyələrini müharibənin ilk günlərindən qələbəyə kökləmişlər.
Şanlı Qələbədən sonra Prezident İlham Əliyev Zəngilan rayonuna 7 səfər etmiş, burada aparılan bütün bərpa və quruculuq işləri ilə bilavasitə özü tanış olmuşdur. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub.
“Azad Zəngilan Böyük Qayıdışın ilk ünvanlarından biridir. Vətən müharibəsindən dərhal sonra başlanılmış bərpa-quruculuq işləri sürətlə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi iştirakı və nəzarəti altında Zəngilanda aparılan quruculuq işləri müasirliyi və innovativliyi ilə bir çox dünya ölkələrinin də diqqətini cəlb edir. Ölkəmizdə ilk “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının məhz Zəngilanda tətbiq olunması, bütövlükdə rayonun “yaşıl enerji” zonasına çevrilməsi ilə Zəngilan dünyanın ən müasir yaşayış məntəqələrindən biri olacaq.
Zəngilanda həyata keçirilən önəmli layihələrdən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Beləki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. Zəngilan ərazisində günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerjigenerasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həmvətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq.
Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Azərbaycan Ordusunun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Xalqımız bu tarixi Zəfəri böyük səbirsizliklə gözləyirdi və hər birimiz üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması sübut etdi ki, Azərbaycan əsgəri Vətənini qorumaq uğrunda canından keçməyə hazırdır.
Qarabağ Azərbaycandır! Zəngilan Azərbaycandır.
Elnarə Cəfərova – N.Nərimanov adına Bərdə şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi

Daha çox xəbərlər