İqtisadiyyatda strateji hədəf
Hər bir ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm amillərdən biri, heç şübhəsiz ki, maliyyə təminatı ilə bağlıdır. Bu cəhətdən Azərbaycanın vəziyyəti nikbinlik üçün əsas verir. Respublikamız dünyanın bir sıra ölkələrində ciddi fəsadlarla nəticələnən qlobal böhran illərində belə yüksək sosial-iqtisadi göstəricilərə nail olub. Bu isə, ilk növbədə, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin və dünyadakı yeni çağırışlara əsasən müəyyənləşdirilən prioritet sahələrin maliyyə təminatının gücləndirilməsi ilə bağlıdır. Belə ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində Azərbaycanın bütün sahələrdə nail olduğu dinamik inkişaf göstəriciləri ölkə iqtisadiyyatının maliyyə təminatının yaxşılaşmasında özünü daha qabarıq şəkildə büruzə verir. Sevindirici haldır ki, ölkəmizdə müxtəlif sahələrə yönəldilən sərmayələrin həcmi ilbəil genişlənir.
Hazırkı dövrün çağırışlarına diqqət yetirsək görərik ki, iqtisadiyyatın inkişafında üç mühüm sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi.
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən bildirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Regional inkişaf proqramlarının uğurlu icrası bu məqsədə xidmət edir. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası ilə yaxından tanış olmaq məqsədilə cənab İlham Əliyev müntəzəm olaraq regionlara səfər edir, tapşırıq və göstərişlərini verir. Bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Görülən və görüləcək işlərin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əsasdır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident Fərman və sərəncamları imzalanır. Bu sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək. Prezident İlham Əliyev oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında iqtisadi uğurlarımızın təhlili fonunda bu mühüm məqamı qeyd etdi ki, Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 ildə çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard dollardan çox olub və bunun təqribən 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir: «Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Əlbəttə ki, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik.»
Azərbaycandakı investisiya mühitinə gəldikdə, Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 ildə ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Birbaşa xarici borc ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq.
İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Vətən müharibəsi tarixi Zəfərimizlə başa çatan kimi dərhal azad edilmiş ərazilərin bərpasına başlanılması, bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, o cümlədən elektrik enerjisi ilə təminat və yol infrastrukturunun yenidən qurulması bir daha onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir.
Tarixi torpaqlarımızda qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Hazırda qarşıda duran əsas vəzifələrdən biri də azad edilmiş ərazilərin zəngin resurslarından, infrastruktur potensialından səmərəli istifadə, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına çalışır.
Sahibinə qovuşmuş torpaqlarımız özünəməxsus iqtisadi resurslara malikdir. Böyük Qayıdış Proqramının uğurlu icrası tam şəkildə başa çatıb soydaşlarımız doğma yurd-yuvalarına qayıtdıqdan sonra bu ərazilərdə yeni həyat başlayacaq. Mövcud iqtisadi potensial Azərbaycanın dayanıqlı inkişafının təminatında stimulverici amil olacaq. Azad olunmuş ərazilərimiz böyük investisiyalar məkanına çevriləcək.
Şəmsiyyə Abbaszadə – Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatında İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi

