Region Xəbərləri 

Seçkilər bir dövrə yekun vurur

Azərbaycan XXI əsrə böyük bir problemlə daxil oldu. Bu Qarabağ problemi idi . Azərbaycan dövləti bütün dünyaya səs salan 44 günlük Vətən müharibəsi ilə bu problemi qismən həll etdi . 2023-cü il sentyabrın 19-da dövlətimiz ikinci dəfə torpaqlarımızın tam təmizlənməsi üçün antiterror əməliyyatı keçirdi. Dəqiq hazırlanmış plan çox uğurlu oldu. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 200 ildən artıq bir zamanda buna bənzər hadisə , belə bir Zəfər yaşanmamışdı. Artıq Azərbaycan öz ərazisinin tam sahibi idi. Bu xalqımızın, dövlətimizin, şanlı ordumuzun, vətən uğrunda canlarından keçən əsgər və zabitlərimizin və ən əsası Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğuru idi.

2024-cü il 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində keçmiş Dağlıq Qarabağ ərazisində keçirilmiş və ordakı separatçı rejimin özünü buraxmasına səbəb olmuş bir günlük hərbi əməliyyatlara işarə edən İlham Əliyev bunu ölkənin suverenliyinin tam bərpası və 30 illik işğal dövrünə son qoyan epoxal bir hadisə kimi qiymətləndirib: “30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi” söyləmişdir.

Prezident əlavə edib ki, bu il müstəqil Azərbaycanın həyatında ilk dəfə bütün ölkə boyu seçki keçiriləcəkdi və o hesab edib ki, prezident seçkisi ən önəmli seçki olduğu üçün bütün ərazilərdə keçiriləcək seçkilər birinci prezident seçkisi olmalıdır.

İlham Əliyev növbədənkənar prezident seçkisi təyin etməsi ilə bağlı qərarını həm də özünün ötən il prezidentliyinin 20 ilinin tamamlanması amili ilə bağlayıb. Prezident deyib ki, bu da bir dövrdür və bunu da bir yekun kimi qəbul edir. Azərbaycan müstəqillik əldə edəndən sonra ilk dəfə tam olaraq öz ərazisində seçki keçirməli idi. Bunun üçün Azərbaycan dövləti çox vacib olan prezident seçkilərinə getdi. Vahid və suveren Azərbaycan Respublikasının bütün şəhər və rayonlarında, kəndlərində bərabər siyasi mühitin və idarəetmənin təmin edilməsi, dövlət aparatının bərqərar olması da yeni dövlətçilik baxışlarını şərtləndirir. Bu vacib tələbatlara əsasən, ilk dəfə olaraq suveren Azərbaycan dövlətinin bütün ərazilərində – 86,6 min kv.km-lik coğrafi-inzibati torpaqlarında Prezident İlham Əliyevin dekabrın 7-si imzaladığı sərəncama əsasən 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Xankəndidə və digər azad edilmiş torpaqlarımızda seçki məntəqələri qurulacaq, seçicilər növbəti dəfə prezidentini seçəcəklər. Sözsüz ki, Xankəndi şəhərində də seçki məntəqələri yaradılacaq və bu ərazilərdə yaşayan Azərbaycan vətəndaşı olan ermənilər də seçkidə iştirak edəcəklər.

Ulu Öndər Heydər Əliyev 2003-cü ilin yanvar ayının 10-da Azərbaycan xalqına etdiyi müraciətində demişdir : “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Müdrik Azərbaycan xalqı öz Ümummilli Liderinin bu vəsiyyətinə əməl etməklə Heydər Əliyev ideallarına sadiqliyini və Ulu Öndərin siyasi varisinə etimadını bir daha təsdiq etmiş oldu. 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Azərbaycan xalqı öz düzgün seçimini etdi. Əgər tarix başqa istiqamətdə getsəydi , bilmək olmaz , xalqımız , dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.

Bu seçkilər də Azərbaycanın yeni dövrdəki hədəflərini müəyyən edir. Artıq Azərbaycan Yeni Dünya nizamına öz ərazisinin tam sahibi kimi öz müstəqilliyini və ərazi bütövlüyünü təmin olunması ilə daxil olacaq.

Öz müsahibəsində: “Gücümüz cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz müharibəni uda bilməzdik . Bu Zəfəri şərtləndirən xalqın ruhu idi, əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi” söyləyən , adı Azərbaycan tarixinə əbədi yazılmış Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək “Zəfər seçkiləri”ni yüksək əhval-ruhiyyə ilə başa vuraraq yenə öz düzgün seçimimizi edəcəyik.

Daha çox xəbərlər