25 il öncə qapı qırılsaydı… – media bu gün “şəhid jurnalistlər”dən yazardı
İndiki cavanlar bilməz, 25 il əvvəl bu günlər ciddi gərginlik içindəydik. O vaxtlar mən başqa bir qəzetə rəhbərlik edirdim, amma bir ayağım da “Yeni Musavat”da idi.
Fevralın ya 5-i idi, ya 6-sıydı, xəbər gəldi ki, Naxçıvandan gəliblər, Səbayel polisinin rəisi Nazim Nağıyevin əliylə Elbəyi Həsənlini götürüblər, təyyarəyə mindirib muxtar respublikaya aparıblar.
Həmkarımızın günahı o idi ki, bundan bir həftə əvvəl Naxçlvana səfərdə olmuş, oradan yaxşı bir reportaj hazırlamış, yazının axırına bir Nehrəm lətifəsi əlavə etmiş və qəzəbə gəlmişdi.
Belə, ortabab bir lətifəydi, heç o qədər də gülməli deyildi. Təzədən yazardım, vaz keçirəm. Nə olar, nə olmaz. Əslində o lətifədən daha gülməlilərini nehrəmlilər özləri çox yerdə danışıblar. Amma nəyə görəsə bəzi dairələr bu lətifəyə görə çox qəzəbnak olmuşdular, camaatı qızışdırmışdılar, yeri-göyü dağıdırdılar.
Burasını dəqiq xatırlayıram, fevralın 7-si idi, Milli Bankın yanındakı redaksiyamızda oturub qəzet çıxarırdıq, Birdən bir əmoğlu zəng elədi ki, hardasan, redaksiyanızı dağıdırlar. Mən pəncərədən baxdım ki, redaksiyamıza heç bir təhlükə yoxdur. Əmoğlu dedi ki, Şəhriyar klubunun yanından keçirəm 100-150 adam yığışıb binaya hücum edir.
Zahid Mirəlioğlu, Firudin Qədiroğlu və bir neçə başqa əməkdaşla gəldik hadisə yerinə. Gördük, Naxçıvandan bir təyyarə dolusu “zəhmətkeş” gəlib və həqiqətən redaksiyanın qapısını qırır, Şəhriyar adına klubun içindən redaksiyaya sızmağa çalışırlar. Hay-küy, qara-qışqırıq, söyüş-qarğış ərşə qalxıb. Hücuma gələnlərin əlində armatur, dəyənək və sair predmetlər var. Rəis Nazim Nağıyev də başının dəstəsi ilə bir kənarda durub ictimai asayişin təhlükəsizliyinə nəzarət edir. Heç nə, eləcə, məlul-müşkül şəkildə get-gedə aqressivləşən adamlara baxır. Heç demə, bunlar da Elbəyinin yazıısna görə qəzəbləniblər və Elbəyini alıb-apardıqları bəs deyil, redaksiyanı darmadağın etmək istəyirlər.
Birdən Firudin Qədiroğlu yanımdan aralanıb qapını sındırmaq istəyənlərə qoşuldu. İçəridə barrikada qurmuşdular deyə qapını qırmaq, içəri keçmək olmurdu. Firidunu kənara çəkdim ki, sən hara gedirsən, dedi, dayımqızı içəridədir, gedim onu xilas edim.
Yeri gəlmişkən, onun dayısıqızı dünən saxlanmış jurnalist Şahnaz Bəylərqızıdır, indi də içəridədir. Allah qapısını açsın.
Amma o vaxt Allahdan, o qapı açılmadı. Yoxsa biz indi “7 fevral faciəsindən 25 il ötdü – qəddar hücumda ölən jurnalistlərin xatirələri anıldı” başlıqlı yazılar verirdik.
Hadisə yerinə yeni-yeni həmkarlarımız gəlirdi. Biri gəldi, hündür səslə etiraz etdi. Qapısındıranlardan iki nəfər ayrılıb onun dalınca düşdü. Tutsalar, onun bir yerini sındıracaqdılar. Sonra hazırda qəzetimizdə işləyən bir jurnalist də gəldi və sakit səslə aqressorlara dedi ki, indi belə hərəkətə nə ehtiyac var. Vəssalam. O, bunu dediyini gördü, dərhal “zəhmətkeşlər” onu dövrəyə aldılar. Biri acıqlı-acıqlı soruşdu: “Ə, vapşe, sən nə deyirsən”. Həmkarımız ona cavab verməmiş başqa biri daha konkret sual qoydu: “Ə, sən haralısan, vapşe”? Bax, bu, çox strateji sual idi. Sual-cavab bir metrliyimdə gedirdi. Həmkarımız 1 saniyədə dedi, Gürcüstandanam. Adamlar aralanıb getdilər.
Mən sonra bu barədə bir zarafatyana yazı yazdım. Çünki həmkarımız gürcüstanlı deyildi (hərçənd sonradan gürcüstanlı oldu), qarabağlıydı. Amma həmin vaxt haralı olduğunu desə, mütləq döyüləcəkdi. Qahmar çıxacaqdım, məni də döyəcəkdilər. Hətta o, bakılı, şirvanlı, irəvanlı, naxçıvanlı olduğunu desəydi, yenə döyüləcəkdi. Sonuncu hallarda onu ona görə döyəcəkdilər ki, irəvanlı, naxçıvanlı ola-ola gedib qoşulub müxalifətə. Amma o vədələr gürcüstanlı olmaq bir növ neytral ölkədən olmaq kimi bir şey idi. Hamımız yaxşı qurtardıq.
Xüləs, həmin gün Azərbaycan prospekti -37 ünvanında qan tökülmədi. Bircə, hazırkı əməkdaşımız Etibar Seyidağanın əli yaralanmış, 3-4 damcı qanı getmişdi. Barrikadanın o tərəfindəymiş. Qalan hər şey yaxşı oldu. Haradan zəng gəldisə, “hiddətlənmiş zəhmətkeşlər” sakitləşdilər, karvana düzülüb “28 May” tərəfə getməyə başladılar.
Axşam bəzi TV-lərdə bu hadisəyə dair tok-şou təşkil etdilər. Studiyaya dəvət olunmuş adamlar sübut etməyə çalışırdılar ki, adı çəkilən kənd unikal kənddir, onlarla heç kim zarafat edə bilməz.
Adı insidentin təşkilatçısı kimi çəkilənlərdən biri stduyada özünü lezvalayırdı. Hiss olunurdu ki, dövlət rəhbərliyi tərəfindən möhkəm danlanıb, ona deyiblər ki, ağrımayan başımıza niyə dəsmal bağlayırsan, Bakıya hücuma nə ehtiyac vardı.
O və onun ortaqları, güman ki, bu hadisəni özlərini güclü göstərmək, yeri gəlsə, hakimiyyəti qorumaq üçün hər şeyə hazır olduqları haqda mesaj vermək üçün təşkil etmişdilər.
İndi 25 ildən sonra baxaq, görək, adı 7 fevral hücumunu təşkil etməkdə keçən adamlar haradadırlar.
Biri türmədədir, ard-arda iş kəsirlər. Biri Avropadadır, 20 ilə yaxındır ölkəyə gəlib-gedə bilmir. O biri də tutduğu gəlirli vəzifədən götürülüb, səsi gəlmir. Elbəyi isə xaricdədir, gah iqtidardan yazır, gah da müxalifətdən.
P.S. Sözügedən hadisə ana şəkildə soldakı ağacların altında baş verib.