Çoxuşaqlı ailələrin sayı azalır – səbəblər çox, ən mühümü isə…
Sosioloq: “Bu problemin kökündə sosial və mədəni dəyişikliklər dayanır”
Azərbaycanda çoxuşaqlı ailələrin sayı getdikcə azalır. Rəsmi statistika göstərir ki, təkcə çoxuşaqlı ailələr deyil, ümumiyyətlə, yeni doğulanların sayı da ildən-ilə aşağı düşür. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ildə 102 min 310 uşaq dünyaya gəlib. Bu rəqəm 2022-ci ildə 112 min 620, 2021-ci ildə isə 122 min 846 olub. Maraqlıdır ki, 2011-ci ildə yeni doğulanların sayı 176 min, 2015-ci ildə isə 166 min nəfərdən çox idi. Azalma tendensiyası isə məhz 2015-ci ildən başlayıb.
Statistika göstərir ki, doğum səviyyəsindəki azalma təkcə qısamüddətli iqtisadi çətinliklərlə bağlı deyil, daha dərin sosial-iqtisadi və demoqrafik problemlərin nəticəsidir. Bir vaxtlar geniş ailə modeli üstünlük təşkil edirdi, indi isə insanlar daha çox azuşaqlı və ya övlad sahibi olmamağı seçirlər.
Qeyd edək ki, əhalinin sonuncu siyahıya alınmasına görə Azərbaycanda 16 min 169 ailə çoxuşaqlı hesab olunur. Onlardan 1524-ü 9 və daha çox uşaqlı, 1748-i 8 uşaqlı, 3565-I 7 uşaqlı və 9332-i 6 uşaqlı ailələrdir.
Ölkədə 23 min 150 ailədə övlad sayı 5 nəfərdir. Eyni zamanda 4 və daha çox uşaqlı ailələr 110.4 min, 3 uşaqlı ailələr 256.3 min, 2 uşaqlı ailələr 557.8 min, 1 uşaqlı ailələr 423.0 mindir.
Bəs çoxuşaqlı ailələr niyə azalır? Mütəxəssislər qeyd edir ki, səbəblər bir neçədir, amma ən mühümü iqtisadi amillərlə bağlıdır. Hazırda Azərbaycanda beş və daha çox uşağı olan ailələrə çoxuşaqlı ana kimi hər uşağa görə 105 manat ödənilir. Həmçinin çoxuşaqlı ailələr üçün geniş yaşayış sahəsinin olmaması ciddi maneələrdən biridir. Təhsil, səhiyyə, geyim və digər zəruri ehtiyacların qiymətlərinin artması da çoxuşaqlı ailələrin sayının azalmasına təsir edir.
Üzeyir Şəfiyev
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən və qlobal dünyaya açıldıqdan sonra cəmiyyətdə düşüncə transformasiyası başladı. Xaricə gediş-gəlişlərin artması, müxtəlif mənbələr vasitəsilə başqa ölkələr haqqında təsəvvürlərin formalaşması, filmlər və sosial mediada yayılan görüntülər insanlara fərqli həyat tərzlərini tanıtdı. Nəticədə insanlar gördülər ki, bir çox xarici ölkələrdə çoxuşaqlı ailə artıq bir trend deyil və buna üstünlük verilmir. Əksinə, insanlar daha fərdi həyat tərzinə üstünlük verirlər, daha rahat yaşayırlar, uşaq və ailə məsuliyyətini üzərlərinə götürmək istəmirlər. Hətta bəzi cəmiyyətlərdə insanlar evdə it və pişik saxlayır, lakin övlad sahibi olmaqdan çəkinirlər”.
Sosioloq vurğulayır ki, Sovet dövründə və ondan öncəki dövrlərdə Azərbaycanda çoxuşaqlı ailə modeli geniş yayılmışdı. Bunun əsas səbəblərindən biri də təhsil səviyyəsi ilə bağlıdır: “Qəbul olunmuş yanaşmaya görə, təhsil səviyyəsi nə qədər aşağıdırsa, çoxuşaqlı ailələrin sayı bir o qədər çox olur. İnsanların təhsil və mədəniyyət səviyyəsi artdıqca isə çoxuşaqlılığa maraq azalır. İnsanlar düşünürlər ki, daha rahat və komfortlu yaşamaq üçün az, amma keyfiyyətli övlad böyütmək lazımdır.”
Üzeyir Şəfiyev qeyd edib ki, Sovet dövründə çoxuşaqlı ailələrin sayının artması bir növ dövlət siyasəti ilə bağlı idi: “Sovet dövrünə qədər Azərbaycanda çoxuşaqlı olmaq sanki bir yarış idi. Xüsusilə müharibədən çıxmış ölkə üçün bu, itkiləri kompensasiya etmək məqsədi daşıyırdı. Dövlətdən motivasiya tədbirləri həyata keçirilirdi – çoxuşaqlı analara “Qəhrəman ana” titulu verilir, mənzil növbəsində irəli çəkilirdilər, bəzi hallarda avtomobil hədiyyə edilirdi. Yəni dövlət çoxuşaqlı ailələrə xüsusi imtiyazlar təqdim edirdi ki, bu da insanlarda stimul yaradırdı.
Lakin Azərbaycanın müstəqillik əldə etməsindən sonra bu yanaşma köklü şəkildə dəyişdi: “İnsanların həyat şəraiti ağırlaşdı, iqtisadi vəziyyət çətinləşdi. İnsanlar başa düşdülər ki, çoxuşaqlı ailə modeli real problemlər yaradır və bu yükün öhdəsindən gəlmək asan deyil. Nəticədə daha az uşağa sahib olmaq düşüncəsi formalaşdı”.
Hazırda Azərbaycanda beşdən çox uşağı olan ailələr çoxuşaqlı hesab olunur və hər uşağa görə ayda 105 manat müavinət verilir. Lakin sosioloq bildirir ki, bu məbləğ ailələrin ehtiyaclarını tam ödəmək üçün yetərli deyil: “Valideynlər düşünürlər ki, bəs bu uşaqlar böyüdükdən sonra onların təhsili, sağlamlığı, sosial qayğıları necə təmin olunacaq? İnsanlar ətraflarında çoxuşaqlı ailələrin üzləşdiyi çətinlikləri görür və bəzən bu ailələr qınaq obyektinə çevrilirlər. Çoxları soruşur: ‘Bu qədər uşağa nə ehtiyac var idi, əgər onlara baxa bilmirsinizsə?’”
Sosioloq onu da əlavə edib ki, dövlət tərəfindən əvvəlki kimi ciddi dəstək tədbirləri həyata keçirilmədiyi üçün insanlarda çoxuşaqlı ailə modelinə maraq azalıb.
Üzeyir Şəfiyev çoxuşaqlı ailələrin sayının azalmasının demoqrafik vəziyyətə də təsir etdiyini vurğulayıb: “Ölkədə təbii artım tempi aşağı düşüb. Doğrudur, Cənubi Qafqaz ölkələri arasında hələ də öndəyik, amma ümumilikdə Azərbaycan üçün xarakterik olmayan bir demoqrafik ləngimə müşahidə edilir.
Bu yaxınlarda Milli Məclisdə çoxuşaqlı ailə statusunun 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı müzakirələr aparılırdı. Düşünürəm ki, bu məsələ qanunvericiliklə tənzimlənərsə, Azərbaycanda 3 uşaqlı ailələrə maraq arta bilər. Nəticədə həm təbii artımda müşahidə olunan ləngimə prosesi dayanacaq, həm də insanlar çoxuşaqlı ailə modelinə daha isti yanaşacaqlar”.
Sosioloq hesab edir ki, çoxuşaqlı ailələrin sayını artırmaq üçün dövlət dəstəyi və sosial təminat tədbirləri gücləndirilməlidir: “İnsanlar yalnız maddi deyil, psixoloji dəstəyə də ehtiyac duyurlar. Sosial rifah yüksəldikcə və çoxuşaqlı ailələrə xüsusi güzəştlər tətbiq olunduqca, bu tendensiyanın dəyişməsi mümkündür”.