Təhsil 

“Repetitorluğun qarşısını bu yollarla almaq mümkün deyil”

“Kobud bir misal var: qarşıqla verirsən, amma çömçə ilə istəyirsən. Sual olunur, məktəblərdə imtahana salınan suallara uyğun bilik və bacarıq verə bilirik? Bunlar nəzərə alınmalıdır. Gücümüz buna çatır, ona görə də sualları da qaşıqla istəməliyik”.

Bunu TV Müsavat-a müsahibəsində keçmiş təhsil naziri Misir Mərdanov deyib.

O bildirib ki, hazırda ölkə təhsilində ən ciddi problem repetitorluqla bağlıdır:

“Mən deyərdim ki, təhsilimizdə çox ciddi repetitorluq sistemi yaranıb. Doğrudur, dünyanın hər yerində repetitorluq var. Amma heç bir ölkədə belə geniş yayılmayıb.

Sanki paralel ikinci bir təhsil şəbəkəsi mövcuddur. Bu, bir tərəfdən, məktəbi, digər tərəfdən, müəllimi nüfuzdan salır. Uşaq sinifə getməlidir, dostu-yoldaşı olmalıdır. Repetitorluqda isə bunların heç biri yoxdur. Düşünürəm ki, təhsilin ən ciddi problemi repetitorluqdur. Bunun qarşısını cərimələrlə almaq mümkün deyil”.

Bəs sabiq nazir fikirlərində nə qədər haqlıdır?

kamran.jpg (28 KB)

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb:

“Məktəb təhsilinin əsas funksiyası şagirdlərə akademik biliklər, həyati bacarıqlar və ali təhsilə keçid üçün lazımi hazırlıq verməkdir. Lakin uzun illərdir müşahidə olunan tendensiyalar göstərir ki, məktəb bu vəzifəni tam yerinə yetirə bilmir. Bunun ən bariz göstəricisi isə geniş yayılmış repetitorluq sistemidir. Repetitor hazırlığı Azərbaycanda təhsilin ayrılmaz hissəsinə çevrilib və artıq elə bir vəziyyət yaranıb ki, məktəbə getmədən yalnız repetitor yanına gedərək ali məktəbə qəbul olmaq adi hal kimi qəbul edilir. Bu, təhsil sistemində ciddi boşluqların və uyğunsuzluqların olduğunun göstəricisidir.

Mövcud vəziyyəti statistik göstəricilər də təsdiq edir. Son illərin məlumatlarına görə, abituriyentlərin təxminən 80-90%-i repetitor yanına gedir. Böyük şəhərlərdə, xüsusilə Bakıda və Sumqayıtda bu göstərici daha da yüksəkdir və bəzi hallarda 95%-ə çatır. Regionlarda isə bu faiz bir qədər aşağı olsa da, bu daha çox maddi imkanların məhdudluğu ilə bağlıdır. Çünki ucqar kəndlərdə repetitor tapmaq daha çətindir və ya ailələrin buna ayırmağa maliyyə imkanı yoxdur. Bununla belə, daha varlı ailələrin övladları repetitor dəstəyi ilə daha yüksək nəticələr əldə etdiyi halda, maddi imkanı zəif olan ailələrin övladları ali məktəbə qəbul olmaqda çətinlik çəkir. Bu isə repetitorluğun sadəcə təhsil deyil, sosial bərabərsizlik yaratdığını da göstərir”.

Ekspertin fikrincə, repetitorluğun bu qədər geniş yayılmasının əsas səbəblərindən biri məktəb proqramının və tədrisin ali məktəb imtahanları ilə uzlaşmamasıdır:

“Dərsliklərdə olan materiallarla qəbul imtahanlarında tələb olunan biliklər arasında ciddi fərqlər var. Məktəbdə verilən təhsil imtahanlarda yüksək nəticə əldə etmək üçün yetərli deyil və şagirdlər əlavə hazırlıq olmadan universitetə qəbul ola bilmirlər. Bu isə məktəb təhsilinin effektivliyini sual altına qoyur. Əgər məktəb şagirdləri imtahana tam hazırlamırsa, bu halda repetitorlar təhsil sistemində boşluğu dolduran əsas vasitəyə çevrilir.

Digər bir problem müəllimlərin repetitor hazırlığı ilə məşğul olmasıdır. Təhsil sistemindəki maaş problemləri və məktəbdə dərs keçməyin maddi baxımdan qeyri-cəlbedici olması bir çox müəllimlərin repetitorluğa üz tutmasına səbəb olub. Məktəbdə az əməkhaqqı alan müəllimlər dərsdən sonra və ya hətta rəsmi dərs saatlarında repetitor hazırlığı keçməklə əlavə gəlir əldə edirlər. Bəzi hallarda məktəb müəllimləri dərsdə mövzuları tam izah etmir, şagirdləri repetitor yanına getməyə məcbur edirlər. Bu isə məktəbin nüfuzuna zərbə vurur və təhsil sisteminin iki paralel quruma – məktəb və repetitorluq şəbəkəsinə bölünməsinə səbəb olur.

Bu vəziyyətin uzunmüddətli perspektivdə yaratdığı problemlər kifayət qədər ciddidir. İlk növbədə, məktəb öz əsas funksiyasını itirir və formal bir quruma çevrilir. Şagirdlərin əsas diqqəti məktəbə yox, repetitor dərslərinə yönəlir və məktəbdə keçirilən dərslərə maraq azalır. Bundan əlavə, repetitorluq təhsildə qeyri-bərabərliyi artırır. Daha yaxşı repetitor yanına gedənlər ali məktəbə daha yaxşı hazırlaşır, maddi imkanı olmayanlar isə geridə qalır. Bu, təhsildə sosial ədalətsizlik yaradır və nəticədə yalnız müəyyən sosial təbəqədən olan insanlar ali təhsilə rahat çıxış əldə edə bilirlər”.

Kamran Əsədov bildirib ki, dünya təcrübəsində repetitorluğun qarşısını almaq üçün müxtəlif mexanizmlər tətbiq edilir:

“Məsələn, Finlandiya və Sinqapur kimi ölkələrdə repetitor hazırlığına minimal ehtiyac duyulur. Finlandiyada məktəblər tam şəkildə şagirdlərin imtahanlara hazırlaşmasına kömək edir və məktəb proqramı ilə imtahan sualları arasında tam uyğunluq var. Sinqapurda isə məktəblərdə əlavə dərslər keçirilir və şagirdlərə pulsuz əlavə hazırlıq imkanları yaradılır. Bu sistemlərdə repetitorluq bir əlavə dəstək kimi qalıb, lakin məcburiyyətə çevrilməyib.

Cənubi Koreyada repetitorluq uzun müddət təhsil sisteminin əsas hissəsi olub, lakin hökumət son illərdə bu sistemin qarşısını almaq üçün ciddi addımlar atıb. Məktəblərdə axşam saatlarında əlavə dərslər təşkil edilir və repetitor xidmətlərinin qiymətləri tənzimlənir. Eyni zamanda, repetitor dərslərinin məktəbdən fərqli materiallardan istifadə etməsinə nəzarət edilir və repetitorluğun məktəb təhsilini əvəz etməsinin qarşısı alınır.

Almaniya və ABŞ-da isə məktəblərin daxilində universitetə hazırlıq proqramları həyata keçirilir. Şagirdlər bu proqramlarda iştirak edərək əlavə dəstək alır və repetitor xidmətlərinə ehtiyac duymurlar. Məktəblərin verdiyi təhsilin universitet tələbləri ilə uyğunlaşdırılması repetitorluğun qarşısını alan əsas faktorlardan biridir”.

Ekspert deyib ki, Azərbaycan təhsil sistemində də repetitorluğun qarşısını inzibati yollarla almaq mümkün deyil. Əsas məsələ məktəblərdə tədrisin keyfiyyətinin artırılması və repetitorlara ehtiyacın azaldılmasıdır:

“Bunun üçün bir neçə əsas dəyişikliklər həyata keçirilməlidir:

Məktəb proqramı qəbul imtahanlarına uyğunlaşdırılmalıdır. Hazırkı sistemdə məktəb dərslərində verilən biliklər və imtahan sualları arasında böyük uçurum var. Şagirdlərin məktəb proqramı əsasında imtahanlara hazırlaşması təmin edilməlidir.

Müəllimlərin maaşı artırılmalı və repetitorluğa olan asılılıq azaldılmalıdır. Əgər müəllimlər layiqli əməkhaqqı alsalar, onlar üçün repetitorluq əlavə qazanc mənbəyi kimi vacib olmayacaq və onlar məktəbdə daha effektiv dərs keçməyə maraqlı olacaqlar.

Məktəblərdə əlavə hazırlıq kursları təşkil olunmalıdır. Şagirdlər üçün məktəb daxilində pulsuz və ya aşağı qiymətə imtahana hazırlıq kursları keçirilməlidir. Bu, repetitorluğa olan ehtiyacı azaldacaq və təhsildə bərabər imkanlar yaradacaq.

Məktəblər arasında akademik rəqabət artırılmalıdır. Finlandiya və Sinqapur təcrübəsində olduğu kimi, məktəblər öz nəticələrinə görə qiymətləndirilməli və yüksək nəticə göstərən məktəblər mükafatlandırılmalıdır.

Təhsilin əsas məqsədi şagirdlərə bilik vermək və onları gələcək həyatlarına hazırlamaqdır. Əgər məktəb bu funksiyanı tam yerinə yetirə bilmirsə, repetitorluq məcburiyyətə çevrilir. Bunun qarşısını almaq üçün yalnız cərimələr və məhdudiyyətlər kifayət deyil, təhsil sisteminin özündə fundamental dəyişikliklər edilməlidir. Məktəb elə bir səviyyəyə çatdırılmalıdır ki, şagirdlər əlavə dərs olmadan da yüksək nəticə əldə edə bilsinlər. Əks halda, repetitorluq təhsilin ayrılmaz hissəsi kimi qalacaq və məktəblər yalnız formal bir institut olaraq mövcud olacaq”.

Daha çox xəbərlər