Cəmiyyət 

Ali təhsil və işsizlik: Gənclərin əmək bazarına inteqrasiyasında boşluqlar və perspektivlər

“Ali məktəbi bitirən gənclərin əmək bazarına inteqrasiyası hələ də Azərbaycan təhsil sisteminin zəif tərəfidir. Bu, təkcə iş tapmaq problemi deyil, həm də praktik bilik və iş təcrübəsinin formalaşmaması ilə bağlıdır. Universitetlərdə nəzəri bilik üstünlük təşkil etdiyindən məzunlar əmək bazarının tələblərinə tam uyğun səriştələrə malik olmadan çıxırlar. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, məzunların yalnız 42 faizi ixtisasına uyğun iş tapır, 30 faizi isə 6 ay ərzində işsiz qalır”.

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, “Təhsil haqqında” Qanuna əsasən, ali təhsil müəssisələri tədrisi əmək bazarının tələblərinə uyğun təşkil etməli və tələbələrin istehsalat təcrübəsi keçməsi üçün müəssisələrlə əməkdaşlıq qurmalıdır. Lakin praktikada çox universitetdə bu maddə formal xarakter daşıyır. Tələbələr müəssisələrdə real fəaliyyətə cəlb olunmur, bu isə onları işəgötürən üçün qeyri-cazibədar edir:

“Elm və Təhsil Nazirliyinin son illərdə tətbiq etdiyi Dual təhsil modeli və Universitet–müəssisə əməkdaşlığı layihələri isə bu boşluğu aradan qaldırmağa yönəlib. 2023-cü ildə 14 universitetdə pilot proqramda tələbələr dərs vaxtının 60 faizini universitetdə, 40 faizini müəssisədə keçirmiş və iştirak edənlərin 48 faizi təcrübə keçdiyi müəssisələrdə daimi işlə təmin olunmuşdur. ADA Universiteti, UNEC, Qərbi Kaspi və ADPU kimi ali məktəblərdə yaradılan karyera mərkəzləri də tələbələrin real layihələrdə iştirakına, sahibkarlıq və sosial bacarıqlarının inkişafına şərait yaradır.

Buna baxmayaraq, sistem bütün universitetlərdə eyni səviyyədə tətbiq olunmur. Xüsusilə humanitar ixtisaslarda təcrübə yerləri tapmaq çətindir, müəssisələr isə əlavə resurs tələb etdiyinə görə tələbə qəbul etməyə maraqlı olmur. Burada dövlətin stimullaşdırıcı mexanizmləri — vergi güzəştləri və sosial sığorta dəstəyi — önəmli rol oynaya bilər.

Rəqəmsal təşəbbüslər də mühümdür. “Məzun+” platforması vasitəsilə tələbələrin CV-ləri elektron bazada toplanır və işəgötürənlərlə birbaşa əlaqə yaradılır.

Dual təhsil modelinin genişləndirilməsi, təcrübə mərkəzlərinin müstəqil fəaliyyəti, işəgötürənlərin prosesə cəlb olunması və hüquqi stimullar gənclərin iş tapma ehtimalını artıracaq. Bu siyasət davamlı xarakter aldıqda, universitet məzunlarının əmək bazarına çıxışı daha səmərəli və dayanıqlı olacaq”.

Daha çox xəbərlər