Öz gözəlliyi ilə turistləri cəlb edən Şəki
ARANTV.AZ xəbər verir ki, qədim tarixi, təmiz havası, saf bulaqları, duzlu-məzəli lətifələri, özünəməxsus zəngin mətbəxi… Bütün bu keyfiyyətlərinə görə Şəki turistlərin ən çox üz tutduqları məkanlardandır. İlin hər fəslində qonaqlı-qaralı olan Şəkiyə bu yay gələnlərin də sayı çoxdur. Həm əcnəbi, həm də yerli turistlər buradan xoş təəssüratla ayrılırlar.
Qədim tarixi-memarlıq abidələri, zəngin flora və faunası, ləziz mətbəxi və xüsusi yumor hissinə malik insanları ilə Şəki ölkəmizin ən maraqlı, orijinal və gözəl rayonlarındandır. Böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında yerləşən Şəki ticarət, sənətkarlıq və mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də ən qədim şəhərlərimizdən biridir. Son illər turizmin inkişafı ilə bağlı görülən işlər, yaradılan infastruktur, xidmət səviyyəsinin yüksəldilməsi bu qədim yurda səfər edənlərin sayını xeyli artırıb. Şəkidə yüksək səviyyəli turizm infrastrukturu yaradılıb. Eləcə də kənd turizimi inkişaf edib. Hətta əcnəbi turistlər arasında kənd evlərində qalmağı seçənlər də çoxdur.
Ata-babalarının doğma yurdunu görmək üçün Şəkiyə gələn türkiyəli Süməyya da buradan gözəl təəssrüatlarla ayrılacağını deyir.
Şəkiyə turist axının bir səbəbidə rayonun tranzit yolun üzərində yerləşməsidir. Gürcüstan, Bakı istiqamətindən gələn turistlərin bir çoxu ərazidən keçirlər. Şəkini görüb maraq göstərməmək isə qeyri-mümkündür. Bura turistlər əsasən qrup şəklində gəlirlər. Rayonun Turizm İnformasiya Mərkəzinin bələdçi və tərcüməçiləri onlara Şəki haqqında geniş məlumat verirlər.
Turist sayı ilbəil artdığından rayonda istirahət mərkəzləri şəbəkəsi də genişləndirilir. Ən müasir tələblərə cavab verən istirahət mərkəzlərində qonaqların istirahətlərinin səmərəliliyini təmin etmək üçün müxtəlif turlar və əyləncəli proqramlar təşkil olunur. Uşaqları isə gün ərzində animasiya qrupları rəngarəng oyunlar, canlı musiqi və şou proqramlarla əyləndirirlər. Həmçinin, balacalar üçün müxtəlif attraksionlardan ibarət əyləncə mərkəzi də mövcuddur ki, bu da ilk olaraq valideynlərin rahatlığını təmin edir.
Şəki həm də qədim ipəkçilik və sənətkarlıq şəhəridir. Bura üz tutan qonaqlar mütləq dünyada məşhur olan Şəki ipəyini və kəlağayısını alırlar. Bu da Şəki səfərdən bir xatirə kimi qalır…

