“Əl-Fəcr” qəzetində “Mehriban Əliyeva… səxavət, vətən eşqi və vətən övladlarına dəstək uğrunda uzun bir yol” adlı geniş məqalə dərc olunub
ARANTV.AZ xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu kütləsinə malik gündəlik “Əl-Fəcr” ərəbdilli qəzetinin 26 avqust nömrəsində “Mehriban Əliyeva…səxavət, vətən eşqi və vətən övladlarına dəstək uğrunda uzun bir yol” adlı geniş məqalə dərc olunub. Yazıda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət və ictimai xadim kimi fəaliyyətindən bəhs edilir.
Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət və ictimai xadim kimi fəaliyyətindən, Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafında, xalqın mədəni irsinin qorunmasında, Azərbaycanın dünyada müsbət imicinin möhkəmlənməsində böyük xidmətlərindən bəhs edilir. Onun mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələr qeyd olunur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın siyasət, iqtisadiyyat, səhiyyə, idman və mədəniyyət kimi sahələrin inkişafında mühüm rol oynadığını qeyd edən müəllif, göstərdiyi diqqət, qayğı, vətən sevgisi, təvazökarlığı və tolerantlığı sayəsində milyonların sevgisini qazandığını önə çəkir. Mehriban Əliyevanın yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik olduğu qeyd olunan məqalədə onun ziyalı bir ailədə doğulub və tərbiyə aldığı oxucuların diqqətinə çatdırılır. Vurğulanır ki, birinci xanım insanların, xüsusən də qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onlar üçün firavan yaşayışın təmin olunmasında böyük rol oynayır. Müəllif 2004-cü ildə təsis olunan və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan və Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun xətti ilə cəmiyyətin müxtəlif sahələrinin inkişafına mühüm töhfələr verdiyini, uşaqlar və onların problemlərinin həllinə böyük diqqət və qayğı ilə yanaşmasını böyük örnək olduğunu yazır. Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən müəllif, həmçinin onun klassik Azərbaycan xalq musiqi janrı olan Muğamın təşviqində əvəzsiz xidmətlər göstərdiyini, bir çox ölkələrdə təbliği və tanıdılması üçün mühüm işlər gördüyünü oxucuların diqqətinə çatdırıb. Baş redaktor məqaləsində Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanda dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edildiyini, Qəbələdə hər il caz musiqi festivalının keçirildiyini, bir sözlə onun Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verdiyini bildirir. Jurnalist Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradıldığını, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpa işləri həyata keçirildiyini qeyd edib. Müəllif Azərbaycan şifahi xalq ədəbiyyatının, milli irsinin, mədəniyyət və musiqisinin qorunması və inkişafında göstərdiyi səylərin nəticəsi olaraq Mehriban xanım Əliyevanın 2004-cü ildə UNESCO-nun, İslam dünyasının müxtəlif sahələrində xidmətlərinin nəticəsi olaraq 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyünü diqqətə çatdırib.

