Karxanalar ekoloji tələbləri pozduğundan atmosferə ciddi ziyan vurur, torpağın münbit qatı dağıdılır, çayların təbii yataqları məhv edilir
ARANTV.AZ xəbər verir ki, Ekoloji cəhətdən dayanıqlı sosial iqtisadi inkişaf. Dövlətin elan etdiyi bu strategiya ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması, təbii ehtiyatların rasional istifadəsi və bərpası, ekoloji təhlükəsizliyin təmin olunmasını əsas hədəf kimi müəyyənləşdirib. Son illər sözügedən istiqamətdə həyata keçirilən çoxsaylı ekoloji layihələr də bunu aydın göstərir. Ancaq təəssüf ki, bəzi hallarda ekologiyaya ziyan vuran hallara rast gəlinir.
Qeyri-neft iqtisadiyatı dönəmində dövlət iqtisadiyyatın ən vacib sektoru olan tikinti sahəsinin kompleks inkişafına xüsusi önəm verir. İcra olunan layihələr,geniş vüsət alan abadlıq-quruculuq işləri, reallaşdırılan irimiqyaslı layihələr də bunu aydın şəkildə nümayiş etdirir. Təbii ki, nəhəng quruculuq işləri böyük investisiyalarla şərtlənir ki, bu tələb həm dövlət, həm də özəl sektor tərəfindən qarşılanır. Nazirlər Kainetinin bu ilin altı ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncağında prezident İlham Əliyevin bu məsələyə bir daha qayıtması da dövlətin tikinti sektoruna verdiyi önəmi göstərir. “Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən qoyulan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib. Azərbaycanda inşaat materiallarının istehsalı ildən-ilə artır. Deyə bilərəm ki, biz bu gün özümüzü əsas inşaat materialları ilə təmin edə bilirik. İlk növbədə, ona görə ki, daxildə buna tələbat var. Çünki biz çox az miqdarda inşaat materiallarını xaricə satırıq. Qarşıya vəzifə qoyulub ki, idxaldan asılılığımızı azaldaq və daxili bazarı yerli inşaat materialları ilə təmin edək.”
Tikinti sektoru ümumi iqtisadi inkişafa təkan verməklə yanaşı, ciddi sosial məzmun kəsb edir və böyük əmək tutumlu sahədir. Elə bu səbəblərdən də dövlət tikinti sektorunun inkişafına kompleks yanaşır və mövcud reallıqlar da dediklərimizi təsdiqləyir. Artıq tikinti materiallarının əksəriyyəti yerli istehsal hesabına ödənilir. Bunun da təxminən 80 %-dən çoxu özəl sektorun payına düşür. Bu sahədə yerli şirkətlərin sayı son 15 ildə üç dəfəyədək artıb. Daş ,qum, çınqıl kimi tikinti materiallarına tələbatı demək olar ki, bütünlüklə yerli müəssisələr, sahibkarlar ödəyirlər. Lakin bəzi hallarda sözügədən sahədə istehsal prosesi ekoloji tələblərə cavab vermir
Əlbəttə, sözügedən karxanalar ekoloji tələbləri pozduğundan atmosferə ciddi ziyan vurur, torpağın münbit qatı dağıdılır, çayların təbii yataqları məhv edilir. Bütün bunlar isə fəsadsız ötüşmür, nəticədə ekoloji tarazılığa və sonda hər birimizin həyatına mənfi təsirni göstərir. Digər bir məsələ isə atmosferin ozon qatının dağılması, iqlimin getdikcə istiləşməsi, səhralaşma prosesinin zaman ötdükcə daha geniş əraziləri əhatə etməsi və ətraf mühitin çirklənməsi ilə əlaqədar narahatlıq doğuran qlobal ekoloji problemlərdəndir. Bu baxımdan avtomobillərin, kafe, restoran şəbəkələrinin havaya buraxdıqları zəhərli qaz və tullantıların qarşısının alınması alınması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti gündəmə gəlir.
Ölkədə həyata keçirilən ekoloji siyasətin əsas məqsədindən biri də indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsidir. Bu baxımdan mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi çox vacidir. Məhz bu yolla davamlı inkişafı təmin etmək, iqtisadi fəaliyyət zamanı meydana çıxan ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur.
Beləliklə, dövlət ekoloji problemlərin həllini dayanıqlı inkişafın başlıca şərti hesab edir və ölkənin ekoloji strategiyasınıda sözügdən məsələlər bütün parametrləri ilə ifadəsini tapıb. Qarşıya qoyulan bu hədəfin reallaşması üçün mühüm dövlət proqramları icra edilir, kompleks tədbirlər həyata keçirilir. Neftlə çirklənmiş torpaqların rekultivasiyası, göllərin sağlamlaşdırılması, ölkədə mövcud qoruq və yasaqlıqların genişləndirilməsi, milli parkların yaradılması kimi mühüm əhəmiyyət kəsb edən dövlət investisiyalı layihələr də dediklərimizi bir daha təsdiqləyir. Bununla yanaşı, ətraf mühitin qorunması sahəsində fəaliyyət koordinasiyası gücləndirilir, milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatlar mühafizə olunur. Bir sözlə, dövlət ekologiyaya Azərbaycanın bu günü və sabahı kontekstində yanaşır, güclü və sağlam gələcək üçün bunu əsas amil hesab edir.

