Gündəm 

Neft-qaz mədənlərində qazma işlərini və qazma qurğularına xidməti həyata keçirəcək yeni müəssisə yaradılıb

ARANTV.AZ xəbər verir ki, dənizdə və quruda yerləşən neft-qaz mədənlərində qazma işlərini və qazma qurğularına xidməti həyata keçirəcək yeni müəssisə yaradılıb. “Turan” Qazma və Mühəndislik Şirkəti” Xəzər regionunda müasir qazma və mühəndislik xidmətlərini təqdim edəcək. 

Yeni yaradılan “Turan Qazma və Mühəndislik Şirkəti” birgə idarəetmə və ortaq sahibkarlıq prinsipləri əsasında Bakıda fəaliyyət göstərəcək. Müəssisə qazma və mühəndislər xidmətləri sayəsində dünyanın aparıcı podradçılarından olan “KCA-Deutag” şirkətinin səriştəsini, SOCAR-AQŞ şirkətinin Xəzər regionu üzrə təcrübəsini və infrastrukturunu özündə birləşdirəcək. Şirkət Xəzər dənizi ilə Mərkəzi Asiya bölgəsində neft-qaz quyularının qazılması və mühəndislik xidmətlərini həyata keçirəcək. Azərbaycan vətəndaşları üçün yeni iş yerlərinin yaradılması, yerli xidmət sahələrinin təkmilləşdirilməsi istiqamətində ölkə iqtisadiyyatına töhfə vermək qarşıya məqsəd kimi qoyulub. SOCAR-AQŞ şirkətinin baş direktoru Ramin İsayev dedi ki, sifarişçilərinə müasir qazma və mühəndislik xidmətlərini təqdim edəcək müəssisə yerli və regional qazma sənayesinin inkişafında mühüm rol oynayacaq.

“KCA Deutag” şirkətinin baş icraçı direktoru Norri Makkey isə bildirdi ki, birgə müəssisə Azərbaycandan kənarda da, Xəzəryanı bölgələrdə biznes imkanlarını araşdıracaq. Regionda fəaliyyət coğrafiyasını genişləndirəcək. Azərbaycanda 20 ildən çoxdur ki, fəaliyyət göstərən şirkətin təxminən 780 nəfər işçisi var və onların 79 faizi yerli vətəndaşlardır. SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə yeni yaradılan birgə müəssisənin işinin uğurlu olacağına əminliyini vurğuladı.

Daha çox xəbərlər

Leave a Comment