Son sutkada Misirdə COVID-19-dan 84 nəfər vəfat edib
İyunun 17-də Misirdə daha 84 pasiyent COVID-19 virusunun qurbanı olub. Bu ölkədə yeni növ koronavirusdan həyatını itirənlərin sayı 1850 nəfərə çatıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, Misirin Səhiyyə Nazirliyi iyunun 17-də pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Qeyd olunub ki, son sutkada ölkədə yeni növ koronavirusa 1363 yoluxma qeydə alınıb, ümumilikdə isə martın 16-dan bəri virusa yoluxanların ümumi sayı 49 min nəfərdən çoxdur.
Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində Misirin karantin xəstəxanalarında 411 pasiyent sağalıb, xəstəlikdən şəfa tapanların sayı isə 13 min nəfərdən çoxdur. Sağalanların 650-si uşaqlar, pasiyentlərin 45 faizi isə qadınlardır.
Nazirliyin rəsmisi bildirib ki, Yaponiya hökuməti Misirə COVID-19-un müalicəsində effektli olan “Avigan” preparatını hədiyə edəcək.

