Qusarda evdən oğurluq edənlər tutuldu – FOTO
Qusarda evdən oğurluq edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən bir ədəd kompüter dəsti və ona aid aksesuarlar, bir ədəd televizor, bir ədəd ütü, eləcə də müxtəlif növ tikintidə istifadə olunan təmir alətləri oğurlamaqla zərərçəkmişə 2538 manat maddi ziyan vuran iki şəxs saxlanılıb.
Araşdırmalarla onların rayon sakinləri Şahmir Ağamirov və Rəsul Savziyev olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edərək, yaşayış evinə gecə saatlarında qanunsuz olaraq daxil olduqlarını və cinayət yolu ilə əldə etdiyi əşyaları Ş.Ağamirova məxsus “Niva” markalı nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşdıqlarını bildiriblər. Oğurlanan əşyalar polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.
Qeyd olunan faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.

