Milli Məclisin komitəsində yuxarı instansiya məhkəmələrinin hakimlərinin təyin edilməsi məsələsinə baxılıb
ARANTV.AZ xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında yuxarı instansiya məhkəmələrinin hakimlərinin təyin edilməsi məsələsinə baxılıb və məqbul sayılıb.
Dövlət başçısı konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq və Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq hakimlərin təyinatı ilə bağlı bir sıra məsələlərin müzakirəsini Milli Məclisə təqdim edib. Yuxarı instansiya məhkəmələrində – Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki Apellyasiya Məhkəmələrində 30-dək vakansiya mövcuddur ki, ilk dəfə də Məhkəmə-Hüquq Şurası bütün vakanasiyaların komplektləşdirilməsi üzrə təkliflər hazırlayıb.
Qeyd olundu ki, son illər dövlət başçısının rəhbərliyi ilə ölkədə ardıcıl olaraq aparılan məhkəmə islahatları ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə xidmət edir. Elektron Məhkəmə İnformasiya Sisteminin yaradılması ilə bağlı reallaşdırılan tədbirlər məhkəmə fəaliyyətində əsaslı dəyişikliklərə səbəb olub. Bu ilin sonunadək bütün məhkəmələrin bu sistemə keçidi ilə bağlı tədbirlərin yekunlaşacağı gözlənilir. Özünü doğruldan bu sistem insanların məhkəməyə müraciət imkanlarını tamamilə asanlaşdıracaq. Yəni vətəndaş məhkəməyə gəlmədən də müraciət etmək imkanı əldə edəcək. Məhkəməyə dəvət edilmə də elektron qaydada həyata keçiriləcək. Hər bir şəxs yaratdığı şəxsi elektron kabinet vasitəsi ilə məhkəmə qərarlarını əldə edəcək, hətta birbaşa elektron qaydada onun icrası prosesi ilə tanış olub, nəzarət edə biləcək. Sistemin yaradılması ilə məhkəmə infrastrukturunun müasirləşdirilməsini də şərtləndirib. Bununla bağlı son illər 40-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb. Onlardan 6 məhkəmə binası və 7 məhkəmənin yerləşəcəyi 2 məhkəmə kompleksi tikilərək istifadəyə verilib. 7 məhkəmə üçün də kompleksin inşası davam edir. Onlardan bəziləri bu il istifadəyə veriləcək. Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov məhkəmələrdə iş yükünün azaldılması ilə bağlı müvafiq addımların atıldığı və hakimlərin say tərkibinin artırılması istiqamətində müvafiq işlərin görüldüyünü dedi. Diqqətə çatdırdı ki, artıq məhkəmə fəaliyyətində 300-dən çox yeni qaydalarla hakimlər seçilib və təyin edilib. Bu il isə artıq 108 hakimliyə namizəd bütün mərhələləri başa vuraraq hakim vəzifəsinə layiq görülüb. Bu yaxınlarda onların təyinatları həyata keçiriləcək.
2019-cu il yanvarın birindən əmr icraatı qaydasında mübahisəsiz tələblər üzrə işlərə baxılması notariat orqanlarına həvalə ediləcək ki, bu da məhkəmələrin iş yükünü 60 faiz azaldacaq.

