“Qarabağ” klubu Ağdamda 15 uşağı bəyəndi – FOTO
“Ağdamı seçməyimiz təsadüf deyil. Klubumuz bu rayonu təmsil edir. Bu bölgə bizim üçün doğma və əzizdir. Həm də Azərbaycan ordusunun şanlı qələbəsindən sonra seçimlərə məhz Ağdamdan başlamağa qərar verdik. Seçimlərə 200 uşaq qatıldı. Düzdür, say baxımından az oldu, amma keyfiyyət gözlədiyimizdən də yaxşı idi”.
ARANTV.AZ xəbər verir ki, bunu “Qarabağ” FK-nın aşağı yaş qrupları üzrə texniki direktoru Tacəddin Doğan klubun rəsmi saytına müsahibəsində deyib.
Türkiyəli mütəxəssis 5-7 martda olmuş Ağdam seçimlərinin yekunlarından və gələcək planlardan söz açıb.
“200-ə yaxın uşağa baxdıq və 15 nəfəri seçdik. Amma bu, o demək deyil ki, 15 nəfərin hamısı Bakıya gəlib, komandamıza qatılacaq. Bizim hazırkı komandalarımızda keyfiyyətli futbolçular var. Biz seçimlərdə daha keyfiyyətli uşaqları komandalara götürəcəyik. Adlarını açıqlamaq istəmirəm, amma Ağdamda gördüyümüz 2-3 uşaqda futbolçu olmamaq üçün heç bir səbəb yoxdur. Həmin uşaqlar dünyaya istedadlı gəliblər. Biz o uşaqları öncə “Qarabağ”, daha sonra Azərbaycan futboluna qazandırmaq istəyirik. Onların valideynləri ilə danışmışıq. Əgər Bakıya gəlib, həyat qura biləcəklərsə, biz uşaqları öz komandalarımıza götürəcəyik. Əgər gələ bilməsələr, biz o uşaqlarla müqavilə imzalayıb, həmin bölgələrdəki klublara icarəyə verəcəyik. Onları daim diqqətdə saxlayacağıq. Hazırda dəqiq qərar verməmişik. Valideynlər yekun fikirlərini söylədikdən sonra qərar verəcəyik. Seçimlər davam edəcək. Ürəyində futbol sevgisi olan hər uşağa baxıb, komandamıza qazandırmağa çalışacağıq”.
O, uşaqların futbolda sonrakı inkişafına mane olan amillər haqda danışarkən isə bunları deyib:
“Buna məşqçi, valideyn və uşaq gözü ilə baxmaq lazımdır. Rəhbərliyə uşağın öncə sağlamlığı və təhsili vacibdir. Biz valideynlərlə bu məsələləri müzakirə edirik. Onlar bizimlə eyni düşünürsə, danışıqların növbəti mərhələsinə keçirik. Təhsil və digər məsələlərdən sonra uşağın futbolçu olmasına kömək edirik. Valideynlərə bəzən başa salmağa çalışırıq ki, həyat yalnız futboldan ibarət deyil. Quzanlıdan uşağı götürüb, Bakıya apara bilərik, amma dörd il sonra həmin uşağın necə oynayacağını heç kim bilmir. Uşaq futbolla yanaşı, təhsilini də davam etdirməlidir. Bu problemləri də addım-addım həll etməyə çalışırıq. Uşaqlar futbolu sevdikləri üçün iş və ya məktəb barədə düşünmürlər. Amma həm valideynlər, həm də biz bu barədə ciddi düşünürük”.

