Hacıqabulda ölən 3 nəfərin ADLARI – YENİLƏNİB – FOTO
Hacıqabul rayonunda yük avtomobili ilə minik maşının toqquşması nəticəsində ölənlərin və yaralananların kimliyi məlum olub.
ARANTV.AZ report-a istinadən xəbər verir ki, qəza nəticəsində Rizav Əlizadə, Samayə Əliyeva və Xatirə Əliyeva ölüblər.
Müşviq Əliyev, Əliqardaş Əlizadə, Nərmin Əlizadə və Ömər Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ölənlər və yaralananlar bir-birinə qohumdurlar.
Məlumata görə, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil “KamAZ” markalı yük avtomobilinin arxasına çırpılıb. Ölənlərdən ikisi hadisə yerində, biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xəstəxanaya yerləşdirilən yaralıların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
———–
08:25
Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabul rayonu ərazisində ağır yol qəzası ilə bağlı məlumat yayıb.
ARANTV.AZ xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində “KAMAZ” markalı yük avtomobili ilə “BMW” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış qadın cəsədi (şəxsiyyəti məlum deyil) deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatıb.
Qəza nəticəsində BMW minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Ölənlərdən ikisi qadın, biri isə yeniyetmə oğlan olub. Onların yaxın qohum olduğu bildirilir.

