Hadisə 

Sədr müavinindən ŞOK: “İntim videomla şantaj edirdi” – TƏFƏRRÜAT

Sabunçu rayonunun Bakıxanov bələdiyyəsi sədrinin müavini olan zaman dələduzluq etməkdə təqsirləndirilən Orxan Daşdəmirli və tanışı İlkin Babayevin cinayət işi üzrə məhkəmə araşdırması baş tutub.

ARANTV.AZ xəbər verir ki, rüşvət verməyə təhrik və dələduzluq ittihamları ilə hər iki şəxsə qarşı ittiham irəli sürülüb.

Araşdrıma Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin icraatında baxılıb.

O.Daşdəmirli KİV-də politoloq qismində siyasi şərhlərlə də çıxış edir.

İttihamda göstərilir ki, onlar bir nəfəri Fatmayı kəndi ərazisində yerləşən torpaq sahəsinə rəsmi çıxarış almaq vədi ilə aldadıblar. İttiham olunanlar bu məqsədlə vətəndaşdan 28 min manat alaraq ona qarşı dələduzluq edib, həmçinin vətəndaşı rüşvət verməyə təhrik ediblər. Bu torpaq sahəsi iki nəfərin olub. Orxan və tanışı İlkin onların hər birindən ayrı-ayrılıqda pul alıblar.

Sabiq sədr müavini Orxan Daşdəmirli baş verənlərin təfərrüatlarını məhkəmədə danışaraq deyib ki, digər təqsirləndirilən şəxs İlkin Babayevi dostu Nadirin vasitəsi ilə tanıyıb və aralarında münasibət yaranıb. Bir müddət sonra İlkin ona zəng edərək tanışlarının torpağına rəsmi sənəd almaq istədiyini bildirib:

“Mənə dedi ki, bunu pul qarşılığında edəcək. Lakin torpaq tanışlarının olduğu üçün onlardan pul ala bilmir. Buna görə də guya rəsmi sənəd işini mənim edəcəyimi deyib və pulu da mənim adımdan alacaq. Onun xahişindən sonra torpağın sahibi olan Abbas və Nahid adlı şəxslərlə görüşdük. Onların torpağı Abşeron rayonunda idi. Mən İlkinə dedim ki, Sabunçu hara, Abşeron hara. İlkin dedi ki, bütün işləri özü həll edəcək. Görüşün səhərisi İlkinin xahişi ilə Abbas və Nahidə zəng edərək sənədləşdirmə üçün 28 min manat lazım olduğunu dedim. İlk olaraq 10 mini alıb İlkinə verdim”.

Orxan Daşdəmirli deyib ki, bundan sonra İlkin onu intim videosu ilə şantaj edib. Tələb edib ki, Abbas və Nahidə zəng edərək əlavə pul alsın. Üçüncü dəfə isə onu ölümlə hədələyib. Orxan Daşdəmirli deyib ki, İlkindən qorxduğu üçün bunu edib.

Hər iki şəxsə zərərin özü tərəfindən ödənilməsini isə Orxan Daşdəmirli belə izah edib: “Pulu mənə verdikləri üçün məndən şikayət etdilər. Mən də məcbur qalıb ödədim”.

İlkin Babayev isə Orxanın yalan danışdığını söyləyərək bildirib ki, Orxan ona Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yüksək vəzifədə işləyən şəxsin qohumu ilə nişanlı olduğunu və həmin xidmətdə istənilən məsələyə pul qarşılığında köməklik göstərə biləcəyini deyib.

Məhkəmədə ifadə verən İlkin Babayev deyib ki, pulları Orxan alıb. Sonra isə özü Orxandan 14 min manat borc istəyib.

İlkin Babayevin sözlərinə görə, Orxan əvvəlcə Nahid adlı şəxsə torpaqla bağlı çıxarış verib. Amma həmin çıxarışın saxta olduğu məlum olub.

“Həmin ərəfədə söz-söhbət böyüdü. Bir neçə dəfə görüşdük. Görüşlərin birində Orxanın atası da gəlmişdi. Dedi ki, pulu özü ödəyəcək. Buna görə də Abbas və Nahiddən vaxt istədi. Bir neçə gün sonra Orxangil yenidən məni görüşə çağırdı. Orada Orxanın dayısı kimi təqdim etdiyi Nizami adlı şəxs də var idi. Nizami özünü kriminal aləmin üzvü kimi təqdim etdi və bildirdi ki, pulun 8 mini Orxanda, qalanı isə məndədir. Pulu ödəməyimi tələb edirdilər. Bir neçə gün sonra bildim ki, Orxan məndən polisə şikayət edib. Mənim Orxanı hədələməyim, intim videosu ilə şantaj etməyim yalandır”- deyə İlkin Babayev ifadəsinə əlavə edib.

Bildirək ki, bu işdə adı keçən şahid Abbas Hünbətov Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının prezidentidir.

Abbas Hünbətov ifadəsini ittihama uyğun olaraq verib. Sonda bildirib ki, pulu qaytarıldığı üçün şikayəti yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 min manat cərimə edilib.

Qeyd edək ki, istintaq dövründə hər iki təqsirləndirilən şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

Mənbə; Musavat.com

Daha çox xəbərlər