Minalar insanların yaşamaq hüququna təhdiddir
Minalanmış ərazilərin bütün xəritələrinin Azərbaycana verilməsi üçün Ermənistana əlavə təzyiq göstərilməlidir
Azərbaycanın tarixi Qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başa çatmasından xeyli vaxt keçsə də, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb. Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı zaman bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyada ən çox minalarla çirklənmiş ərazilərdən biridir. Çünki ermənilər tərəfindən həmin ərazilərdə milyonlarla mina basdırılıb: “Onlar ərazilərimizdə ağac yerinə minalar basdırıb. İşğaldan azad edilmiş ərazilərdə 30-dan çox şəxs minaya düşərək həlak olub. Minaların partlaması nəticəsində həm hərbçilər, həm mülki insanlar həlak olub, yaralanıb. Təəssüflər olsun ki, Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin yalnız 25 faizi faydalı olub”.
Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün genişmiqyaslı işlər görür. 2020-ci il noyabrın 10-dan bu günədək 23 min hektardan çox ərazi təmizlənib, 55 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. 2021-ci ildə mina layihələrinin həyata keçirilməsinə 60 milyon dollar vəsait ayrılıb. İşğaldan azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində mart ayı ərzində 203 hektar ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. Bu ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14600 hektaradək ərazi minalardan təmizlənib. Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9300 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Həmçinin BMT-nin İnkişaf Proqramının böhran vəziyyətlər üçün nəzərdə tutulan büdcəsindən və bu təşkilatın Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan ölkəmizə 1 milyon dollar məbləğində vəsait ayrılıb. Bu layihə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyini (ANAMA) texniki təcrübə, avadanlıq, potensialın inkişafı və maliyyə vəsaiti ilə təmin edərək, Azərbaycanda minatəmizləmə əməliyyatlarının genişləndirilməsinə, icmaların su mənbələrinə təhlükəsiz şəkildə çıxışının olmasına, evlər, məktəblər və sağlamlıq klinikaları tikməsinə də kömək edəcək.
Bundan başqa Qarabağ münaqişəsi ərazilərinin minalardan təmizlənməsi üçün Böyük Britaniya Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində 500 min funt sterlinq, Qızıl Xaç xətti ilə zərərçəkənlərə isə 1 milyon funt sterlinq yardım ayırıb. Bundan öncə Böyük Britaniya Ermənistan və Azərbaycanı Ottava Konvensiyasını imzalamağa çağırıb. Həmin konvensiya bütün dünyada minaların tətbiqinin qadağan edilməsini nəzərdə tutur.
Avropa İttifaqı zərərçəkənlərə humanitar yardım kimi 500 min avronun verilməsi üçün ANAMA ilə 2021-ci il üçün memorandum imzalayıb. Həmin yardım bu il də davam etdiriləcək. Minalardan təmizləmə prosesində Slovakiyanın Bozena-5 radioidarəolunan maşınlarından uğurla da istifadə olunur.
Hazırda əsas məsələ işğalçı Ermənistanın minalı ərazilərin xəritələrini Azərbaycana verməməsinin yaratdığı fəsadlardır. Bu hal Böyük Qayıdış prosesinin uzanmasına təsir göstərməklə yanaşı, mina qurbanlarının da sayının artmasına gətirib çıxarır. Ermənistanın atdığı addım beynəlxalq qanunvericiliyə və konvensiyalara əsasən hərbi cinayətdir, beynəlxalq və humanitar hüququn norma və prinsiplərinə ziddir. Bu mənada minalanmış ərazilərin bütün xəritələrini təqdim etmək üçün dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları tərəfindən Ermənistana əlavə təzyiq göstərilməlidir.

