Xalqımızın tarixində əbədiyaşar fenomen qadın – Zərifə Əziz qızı Əliyeva
Azərbaycanın tarixində dərin iz buraxmış, əbədiləşərək müqəddəslik simvoluna çevrilmiş, millətimizin, dövlətçiliyimizin formalaşmasında müstəsna rolu olan qadın həmvətənlərimizin Herodotun barəsində qeyd etdiyi əfsanəvi hökmdar Tomrisin, Dədə Qorqud kitabələrində adıçəkilən Qazan xanın cəsur və şücayətli həyat yoldaşı Burla Xatunun, Nizaminin “Xəmsə”sində tərənnüm olunmuş Nüşabənin, Şirinin, “Gəncəli müdrikin”, əfsanəvi Koroğlunun həyat yoldaşı Nigarın, xalq qəhrəmanı Qaçaq Nəbinin silah və həyat yoldaşı Nigarın, Qarabağın əfsanəvi hökmdarı Nətəvanın, orta əsr Azərbaycan hökmdarı Uzun Həsənin anası və Şah İsmayıl Xətainin nənəsi, yüksək diplomatik qabiliyyətə malik olan və avropalı səfirləri heyran qoymuş Sara Xatunun adı ilə bağlı şanlı səhifələr mövcuddur. Şanlı tariximizdə adı qızıl hərflərlə yazılan, xalqımızın fəxri olan qadınlarımızdan biri də akademik, oftalmoloq həkim Zərifə Əziz qızı Əliyevadır. Zərifə xanım baharda-28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində Azərbaycan xalqının böyük oğlu, tibb elmləri doktoru, professor, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Zərifə xanımın dünyaya gəldiyi ailə həkim ailəsi idi, atası Əziz müəllim və anası Leyla xanım da həkim idilər. Əziz Əliyev gözəl və mehriban bir ailə başçısı idi.
Onun həyat yoldaşı Leyla xanım xeyirxahlıq və zəriflik mücəssiməsi idi. Ailədə 6 uşağın 4-ü atasının yolu ilə gedərək müqəddəs həkimlik peşəsinə yiyələndilər. Əziz Əliyevin ailə həyatı yüksək mənəvi ölçülər əsasında qurulurdu. Bu isə övladlarının gözəl ənənələrinin layiqli davamçıları və varislərinin formalaşmasına təsir etməyə bilməzdi. Zərifə Əliyevanın tükənməz enerjisi, mənəvi kredosu öz başlanğıcını buradan götürür, böyük elmə gedən yolunun, pedaqoji və həkim xidmətinin, ana qəhrəmanlığının və dünya siyasətinin mühüm simalarından biri, müasir Azərbaycanın memarı və qurucusu silahlaşlığının başlanğıcı buradadır.
Tarix səhifələrində adını əbədiləşdirmiş şəxsiyyətlərdən biri kimi akademik Zərifə Əliyevanın da həyatı fədakarlıq məşəlinə bənzəyirdi. Təmiz və saf xarakteri ilə o, nurlu bir mələk kimi istər onunla həyat telləri ilə bağlı olan, istərsə də ömrümdə bircə dəfə ona rast gəlmiş insanların qəlbində silinməz izlər buraxmışdır. Gözəl əməlləri, xeyirxahlığı, yaşam tərzi ilə o, öz ölümsüzlüyünü, daha doğrusu, həyatını uzatmış, tarix adlı bu nəhəng çayın axarını idarə etmiş,öz zəmanəsinin təkcə şahidi yox, həm də yaradıcısı olaraq, özü barədə nurlu xatirələr qoyaraq əbədiyyət əldə edərək, tariximizin əfsanəvi şəxsiyyətləri sırasında layiq olan yerini tutaraq, bu şanı və şöhrəti qazanmışdır. Zərifə xanım tarix yaratmırdı,onun rolu bu tarixi yazan dahi insanın əsas məhəbbəti olmaqdan və xalqına dövlətçiliyini gücləndirərək irəliyə aparan oğul bəxş etməkdən ibarət idi. Bir filosof deyib: “Hər dahi sərkərdənin arxasında bir qadın durur.” Zərifə xanım məhz o qadınlardandır ki, onların yanında dahi insanların ulduzu daha parlaq işıq saçır, ətrafa nurunu yayır. O, bu dünyaya saf və gözəl bir qız kimi gəlmiş, əsl azərbaycanlı ailəsinin bütün mənəvi dəyərlərini özündə cəmləşdirmişdi. O, Azərbaycan qadınının obrazını təcəssüm etdirərək, bir həyat yoldaşı və ana kimi, həkim və alim kimi birinci xanım və ictimai xadim kimi əfsanəvi talehlərin axarına qoşuldu. Böyüyüb boya-başa çatdığı ailədə ona Allah və Vətən sevgisi təlqin olunmuşdu. O,uşaq yaşlarından bilirdi ki, bu Vətənin bir zərrəsidir. Onun xeyirxah qəlbi çox az rast gəlinən və insanların qəlbini oxşayan nadir təbii sərvəti idi. Onunla ünsiyyətdə olan hər kəs rahatlıq, inam və asayiş tapırdı, hətta az tanıdığı insanlarla ünsiyyətdə olarkən təbəssümlə nurlanan simasından gələn səmimilikdən və şəfqətdən ruhuna qüvvət toplayırdı. Zərifə xanım Allahın bizə bəxş etdiyi insanlıq və üstün ləyaqət timsalı ola bilər. Onun xarakterinin sosial motivləri – xeyirxahlıq, şəfqət o qədər gözəl güclü idi ki, o həkim olmaq və bütün həyatı boyu gözəl, bacardığı işi etmək- insanlara yardım etmək qərarına gəlir. Çünki bu, onun canında, qanında idi, həyat amalı idi. Zərifə xanım insanlara dəyər verməyi bacarırdı. Xəstələrin ona bəslədiyi ümid və inam hər şeyə ayrı-ayrılıqda insani rəftarından, individual yanaşma tərzindən, münasibətindən irəli gəlirdi. O, yazırdı: “Xəstə ilə qayğıkeş, mehriban rəftar etmək həkimlik peşəsinin mahiyyətidir. Həkimin gündəlik əməyi qavramağı tələb edir, həm də hər şeydən əvvəl bilmək lazımdır ki, bu insanların yardıma ehtiyacı var.”Zərifə xanım bütün həyatı boyu, nurun tərəfində durmuşdu, insanlara nur bəxş etmişdi, zülməti qorxutmuşdu. “Mənim fəaliyyət spekterim nurla zülmətin arasındadır” deyirdi Zərifə xanım. Təvazökarlıq, intellekt, ailəyə sədaqət, milli qürur, həyat yoldaşına olan tükənməz məhəbbət, sarsızmaqlıq və sonsuz Vətən sevgisi onun qəlbinin ən saf incilərindən idi. Təkzibolunmaz bir faktdır ki, Heydər Əliyev kimi iradəli bir şəxsiyyətin məhəbbətinə layiq olmaq, təkcə xoşbəxtlik deyil, həmdə böyük bir məsuliyyətdir. Bu, hər qadına nəsib olmur. Yalnız seçilmiş bir qadın belə bir şəxsin sevgisinə layiq ola bilərdi. Onların bu qarşılıqlı məhəbbəti müqəddəs ailənin yaranmasına səbəb olmuşdur. Ona görə müqəddəs ki, bütün millət üçün nümunə və fəxrdir. Həmçinin, tariximizin canlı səhifəsini yazmışdır.
Zərifə xanıma və onun xatirəsinə tükənməz və incə sevgisini dəfələrlə nümayiş etdirmiş ulu öndər Heydər Əliyev bu hissələri Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasında, onun həyat və fəaliyyətinə həsr olunmuş muzeyin açılış mərasimində ifadə etmişdir və rəy kitabına bu sözləri yazmışdır. “Mənim həyat yoldaşımın adını daşıyan poliklinika ilə tanış olmaq, onun xatirəsinə həsr olunmuş guşəyə baxmaq mənim xatirimdə dərin duyğuları təlatümə gətirdi. Mənim üçün əziz olan bir insanın həyat və fəaliyyətini əks etdirən bu guşə məni çox həyəcanlandırdı. Bütün bunlar onun insani keyfiyyətlərinin, böyük elmi və tibbi xidmətlərinin layiqli abidəsidir.”
2005-ci ildə Tallində Türk və Qafqaz Xalqları Mədəniyyəti Milli Cəmiyyətləri Assossiasiyasının təşəbbüsü ilə akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti yaradılmışdır.
22 may 2009-cu ildə Bakıda akademik Zərifə Əliyeva adına ən müasir tibb avadanlıqları, cihazlarla, laboratoriyalarla təhciz olunmuş Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunun yeni binasının açılışı olmuşdur. Açılış mərasimdəki çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Zərifə Əliyeva həm istedadlı,işini bilən alim, həm də peşəkar, qayğıkeş həkim idi. O, bir çox monoqrafiya, elmi iş yazmışdır. Onun elmi fəaliyyəti hələ o vaxt sovet məkanında yüksək qiymətləndirilmişdir. Oftalomologiya sahəsində ən yüksək mükafat olan M.Y.Averbax adına mükafat akademik Zərifə Əliyevaya verilmişdir. Onun fəaliyyəti həm həkim-tədqiqatçı kimi çoxsahəlidir.1970-1980-cı illərdə onun təşəbbüsü ilə bir neçə sənaye müəssisəsində elmi-tədqiqat laboratoriyası yaradılmıdır. Bu laboratoriyaların əsas məqsədi zərərli istehsalatın insanların görmə qabiliyyətinə təsirinin tədqiq edilməsi olmuşdur və adi insanlar, fəhlələr həmin kiçik mərkəzlərdə peşəkar tibbi yardım alırdılar. Zərifə Əliyevanın səyləri sayəsində minlərlə insanın görmə qabiliyyəti bərpa olunmuşdur. Eyni zamanda o, bizim yaddaşımızda unudulmaz gözəl insan kimi və çox yaxşı həkim kimi qalmışdır. Bu gün onun adını daşıyan bu gözəl mərkəzdə bir dəfə də demək istəyirəm: Burada ən mürəkkəb əməliyyatların keçirilməsi üçün bütün şərait vardır. Burada həm də elmi fəaliyyətlə məşğul olmağa imkan vardır.Eyni zamanda burada uşaq şöbəsi də vardır….Bu institut sözün həqiqi mənasında region üçün əvəzsiz bir müəssisədir. Mən istisna etmirəm ki, buraya müalicəyə xarici ölkələrdən də insanlar gələcəkdir”
Nur mələyi kimi ömrü boyu insanlara işıq bəxş etmiş doktor Zərifə xanım yaratdığı elmi məktəblə uzun illər insanlara və insanlığa nur bəxş edərək yollarını işıqlandıracaqdır. Ruhunuz şad olsun, Zərifə xanım! Siz bizim dövrümüzün, gələcək dünyamızın nur mələyi, qaranlıqları aydınladan parlaq Günəşisiniz!
Cəmilə Nəcəfova,
10 №-li Laçın tam orta məktəbinin tədris işləri üzrə direktor müavini,
Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədr müavini


