Cəbhədən Xəbər 

Vətən Müharibəsi ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi

30 ildən sonra nail olduğumuz, dünyaya səs salan tarixi Zəfərimizdən bizləri ikiillik zaman ayırır. Bu iki il 30 illik işğal dövrünün bütün reallıqlarını nəzərdən keçirməyə imkan yaratdı.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq xalqına Qələbəni bəxş edən orduya çevrilib. Ulu Öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi siyasəti, apardığı islahatları müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev , qətiyyətli Ali Baş Komandan kimi ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsində, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla, hərbi avadanlıqlarla təmin olunmasına xüsusu diqqət yetirməklə qələbə əzmində olan ordu yaratdı. Nəticədə Qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən Vətən Müharibəsində tətbiq etdiyi, dünya hərb tarixində misli görünməmiş unikal döyüş taktikası ilə hətta ən mükəmməl silahlı qüvvələrə malik olan supergücləri belə heyrətləndirdi. Xalqımızın Ordumuza inam və etibarı özünü tamamilə doğrultdu. Haqqın və ədalətin bərpa edilməsi naminə başlanan müharibə Xalq-İqtidar-Ordu birliyinin qarşısıalınmaz, yenilməz güc olduğunu bütün dünyaya göstərdi. İldırım sürətilə müharibə planının cəmi 44 gün ərzində məharətlə reallaşdıran, 30 il işğal altında qalan torpaqlarımızı düşməndən təmizləyən ordumuz xalqımızın qürur mənbəyinə çevrildi. Vətən Müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Eyni zamanda Azərbaycan Ordusu döyüş taktikasına görə MDB məkanında ön sıralarda olduğunu real müharibə meydanında isbat etdi. Qüdrətli Azərbaycan Ordusu ilə fəxr edirik!

Şəbnəm Məmmədzadə,
Füzuli rayon 59 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Daha çox xəbərlər