Uğurlu idarəçilik modeli
19 il əvvəl, 15 oktyabr Azərbaycan xalqı üçün xüsusi günlərdən biri kimi tarixə düşdü. Həmin gün keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi.
İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk illərindən əhalinin rifah halının yüksəldilməsi ilə yanaşı ölkədə dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atıldı.
Aparılan uğurlu siyasət nəticəsində dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artdı, ölkənin yeni imkanları beynəlxalq əməkdaşlığı kifayət qədər gücləndirdi. Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” şüarı Azərbaycanın bu günkü inkişaf yolunda böyük rol oynadı. Bunun nəticəsidir ki, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Prezident İlham Əliyev Azərbaycan xalqının lideri kimi milli-mənəvi və bəşəri dəyərlərə sadiqliyini bütün fəaliyyəti boyu nümayiş etditmişdir. Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada sülhün, əməkdaşlığın təmin olunmasının vacibliyini ən mötəbər tribunalardan beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan etmişdir.
Qüdrətli və müzəffər ordunun yaranması vətən və xalq qarşısında cənab Prezidentin ən böyük xidmətlərindən biridir. Qüdrətli Ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində 30 il işğal altında qalan Azərbaycan torpaqlarını 44 gün ərzində işğaldan azad etdi, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Son 19 ildə Azərbaycanın hər bir sahədə əldə etdiyi bütün uğurların, nailiyyətlərin əsasında yalnız və yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan düzgün idarəçilik modeli dayanır.
Bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin sayəsində regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə Zəfər günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aparmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli lider kimi qəbul olunur. Möhtərəm Prezidentin qətiyyətlə həyata keçirməyə başladığı “Böyük Qayıdış” proqramı həm Qarabağın, həm də geniş mənada Azərbaycanın yeni sabahlarını aydın surətdə təsəvvür etməyə imkan verir.
Prezident İlham Əliyevin liderliyi ölkəmizi müasir dövrün yeni tarixi inkişaf mərhələsinə çatdırmışdır.
Bütün bunlar göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir dünyanın güclü dövlət liderlərindən biridir. Azərbaycan Respublikası Prezident İlham Əliyevin liderliyi ilə böyük sabahlara doğru inamla addımlamaqda davam edir.

Rövşanə Abbasova,
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı

