Cəmiyyət 

Sözdə hamı terrora qarşıdır, reallıqda isə…

Nasizm əleyhinə mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət Azərbaycana qarşı törədilən çoxəsrlik cinayətlərə hələ də etirazını bildirməyib

Azərbaycan bu gün multikultural ölkə olaraq, bütün xalqların və etnik qrupların həmrəyliyini həm də döyüş meydanında təcəssüm etdirməklə öz ədalətli mübarizəsini qələbəyədək apararaq ərazi bütövlüyümüzün bərpasına və təcavüzkar Ermənistanın kapitulyasiyasına nail oldu. Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Məşhur sosioloq Emil Dürkheymin söylədiyi kimi, bəşəri cinayətlər qlobal mübarizə tələb edir. Amma biz görürük ki, ekspansionistlər və imperialist güclər təəssüflər olsun ki, bu prosesdə praktiki olaraq yoxdurlar. Sözdə hamı guya terrora qarşıdır. Reallıqda isə ədalətin yerini tapmadığı xeyli məqamlar var. Nasizm əleyhinə mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət Azərbaycana qarşı törədilən çoxəsrlik cinayətlərə hələ də etirazını bildirməyib. Neonasizmin dünyadakı yeganə “qalası olan” Ermənistanın misilsiz cinayətləri layiq olduğu cəzanı almayıb. Vaxtı ilə işğal altında olan Azərbaycan ərazilərindəki dağıntılar tarixin çağdaş dövrünün ən böyük rəzalətidir desək yanılmarıq…

Ermənistanın bu təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni sərvətlərinə böyük ziyan dəymişdir. Belə ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 292, yerli əhəmiyyətli 330 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidəsi olub. Bununla yanaşı, 40 mindən çox eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi və s. işğal olunmuş ərazilərdə qalmışdı.

İşğaldan azad olunmuş ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri vardır. Ermənilər bu qiymətli təbii sərvətləri də amansızcasına dağıtmış, Ermənistana daşımış, daşınması mümkün olmayanları isə məhv etməklə ekologiyaya ciddi ziyan vurmuşlar. Bu gün işğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir. Azərbaycanın işğal altında olan torpaqlarında erməni qəsbkarları 30 il ərzində görünməmiş talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Prezident İlham Əliyev martın 2-də Azərbaycan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışı zamanı bu məsələlərə xüsusi toxundu. Qeyd etdi ki, işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Bu gün Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. Ökəmiz bu işğalın nəticələrini aradan qaldırmaq üçün böyük səy göstərir: “2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il biz bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırırıq. Biz müasir şəhərsalma – “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir”.

Erməni işğalından azad olunmuş torpaqların mina ilə çirklənməsini önə çəkən dövlət başçısı İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən müddət ərzində 300 Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb: “Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır. Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Biz Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik”.

Hazırda uzun illərdir ki, doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşayan soydaşlarımızın öz torpaqlarına təhlükəsiz şəraitdə qayıdışının təmini məqsədilə Azərbaycan işğaldan azad edilmiş ərazilərinin mina və digər partlayıcı qurğulardan təmizlənməsi, bərpa-quruculuq işləri istiqamətində tədbirlər həyata keçirir. Bütün bunlar həmin ərazilərdə davamlı inkişafa xidmət etməklə məcburi köçkün məsələsinin tamamilə həllinə yönəlmişdir. Lakin təəssüf ki, Ermənistanın pozucu və təxribatçı fəaliyyəti, xüsusilə də mövcud mina problemi regionda dayanıqlı və ədalətli sülhün təmin edilməsi, insanların həyat və sağlamlığı üçün mühüm təhlükə olaraq qalmaqda davam edir, dinc sakinlərimizin hüquqları hələ də pozulur. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizdə basdırılmış çoxsaylı piyada və tank əleyhinə minaların partlaması nəticəsində hərbi qulluqçularla yanaşı, çoxsaylı mülki şəxslərin də mina terrorunun qurbanına çevrilməsi, bununla da onların fundamental insan hüquqlarının kobudcasına pozulması faktları bunu əyani şəkildə təsdiq edir. Belə ki, 2020-ci il 10 noyabr tarixindən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 10 hərbi qulluqçu, 36 mülki şəxs həlak olmuş, 146 hərbi qulluqçu, 88 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Beləliklə, 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 3357 nəfər mina partlayışı nəticəsində həlak olmuş və ya xəsarət almışdır ki, onlardan 38 nəfəri qadın, 357 nəfəri isə uşaqlardır.

Bundan əlavə, çoxsaylı insan itkilərinə və xəsarətlərə səbəb olan mövcud mina problemi azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışı ləngidir, aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə ciddi maneə yaradır. Azərbaycan dəfələrlə Ermənistandan mina xəritələrini tələb etsə də, buna heç bir adekvat cavab verilməmişdir. Ermənistan tərəfindən verilən mina xəritələri isə ümumi minalanmış ərazilərin çox kiçik faizini əhatə etmiş və həmin sənədlərdə verilən məlumatın dəqiqliyi və etibarlılığı çox aşağı səviyyədə olmuşdur.

Daha çox xəbərlər