Sadə ermənilərlə danışıqlar çətin keçməyəcək
Yüz dəfələrlə təsdiq olunmuş faktdır ki, dünyada bütün müharibələrin sonu sülhlə nəticələnir. Hətta yüz il davamlı müharibə aparan iki ölkə sonda silahı yerə qoyaraq danışıqlar masasında oturub. Ermənistan tərəfindən zorla çəkildiyimiz ədalətsiz müharibələrin ədalətli axırı gəlib yetişdi. İrəvanda araqarışdıranların, revanşistlərin, daşnakların pozucu fəaliyyətlərinə baxmayaraq çoxluq təşkil edən erməni toplumu başa düşdü ki, sərsəm “miatsum”, “böyük Ermənistan” və “artsax” xülyaları onlara ölüm, məhrumiyyət və faciələr gətirdi. Belə axmaq ideyaların müəllifləri ağır məğlubiyyətdən sonra daha ortalıqlarda görünmürlər, batan gəmidən xilas olmağa çalışan siçovullar kimi qaçıb gizləniblər, səslərini belə çıxarmırlar. Şərdən yaranmış məlun Zori Balayan törətdiyi alçaq hərəkətləri ucbatından qaçaraq haradasa guşənişin həyat keçirir. Onun harada olduğunu, ümumiyyətlə, öldüyünü, qaldığını kimsə bilmir. Silva Kaputikyan, David Şahnazaryan, akademiklər Viktor Ambarsumyan, Abel Aqanbekyan və bir çox başqa ikiayaqlılar yaydıqları millətçilik xəstəliyi ilə sadə erməniləri də yoluxdurub sıradan çıxardılar. Bu gün Robert Koçaryan, Serjik Sarkisyan, Seyran Ohanyan kimi hərbi canilər övladlarını güdaza verdikləri on minlərlə erməni valideynlərinin üzünə çıxmağa belə cəsarət etmirlər.
2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Ermənistan Azərbaycanın diktəsi ilə kapitulyasiya aktını imzalamağa məcbur edildi. Ermənistan tərəfi o vaxt daha müharibə aparmaq gücündə olmadığını etiraf edərək əlinin arxasını yerə qoyub və Qarabağda yaşayan ermənilərin gələcək taleyini rusiyalı sülhməramlıların himayəsinə, Azərbaycan dövlətinin mərhəmətinə buraxıb.
O zaman xaricdən körükləndirilən və ümidləndirilən bəzi erməni siyasətçiləri və hərbçiləri hələ də güman edirdilər ki, hərbi eskalasiya səngiyəndən sonra toparlanacaq və yenidən Azərbaycana qarşı üçüncü Qarabağ müharibəsinə başlaya biləcəklər. Amma 2020-ci ilin noyabrından ötən müddətdə Azərbaycan dövləti Qarabağ münaqişəsini həll etmək üçün hansı qətiyyətdə və əzmdə olduğunu dəfələrlə göstərdi və ermənilərin sərsəm xəyallara qapılmasına əl yeri qoymadı. Nəhayət, 2022-ci ilin sentyabrinda atəşkəsi pozub hücum edən bütöv bir erməni hərbi hissəsi darmadağın edildi. Həmin döyüşlərdə bir neçə yüz erməni əsgər və zabiti məhv edildi, qalanları isə yaralanıb sıradan çıxdı. Həmin “dərsdən” sonra iddialı revanşistlərin və daşnakların inadı tamamilə qırıldı və sülhdən başqa yol olmadığını anladılar. Baş nazir Nikol Paşinyan nala-mıxa vursa da sülhə doğru addımlar atdı.
Artıq sülh masası arxasında oturmağın vaxtıdır. Lakin müharibə caniləri, hərbi cinayətkarlarla deyil, sadə vətəndaşlarla. İndi Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərlə danışıqlar aparılır və onların gələcək vətəndaşlıqları və taleləri müəyyən olunur. Əslində onların taleləri müəyyəndir. Əvvəldən bildirilib ki, Azərbaycanın qanunlarına tabe olanlar qalıb rahat və təhlükəsiz şəraitdə yaşaya bilərlər. Ermənilər də Bakıya birbaşa tabe olan rayonların sakinləri olacaqlar. Ancaq burada diqqət ona yönəldilir ki, danışıqlarda ermənilər arasında az-çox tanınan və nüfuz sahibi olan sadə adamlar olsun. Təbii ki, adları terror hadisələrində, qətllərdə və qarətlərdə hallananlara belə mötəbər görüşlərdə yer ola bilməz. Güman ki, bunu erməni tərəfi özü də başa düşür. Belə şəraitdə aparılan danışıqlar əlbəttə, çox da çətin keçməyəcək, tezliklə səmərə verəcəkdir. Çünki sülh bizdən daha çox ermənilərə lazımdır. Axı, hazırda çətin şəraitdə yaşayan onlardır. Terrorçu qalıqları Qarabağdan çıxarılandan sonra nəhayət, iki yüz il başları cəfəngiyyatla doldurulan, otuz beş ildir ki, üzücü müharibələrə sürüklənən ermənilər də sülh şəraitində insan kimi yaşaya biləcəklər.

