Ermənilərin “su terroru”
İşğal dövründə Ermənistanın Azərbaycanın flora və faunasına, ekologiyasına, su mənbələrinə vurduğu ziyanın miqyası da çox böyükdür. Tarixən Azərbaycanın əhəmiyyətli su mənbələri Qarabağ bölgəsindən qaynaqlanıb. Ermənilər Qarabağı işğalda saxlayarkən su mənbələrinin, anbarların, çayların qarşısını kəsərək, Qarabağ ətrafı bölgələrdə də ciddi ekoloji fəlakət yaradıblar. Bunun ağır fəsadları bu gün də davam etməkdədir.
Ermənistan işğal dövründə Zəngilan və Cəbrayıl rayonları ərazisində Araz çayını davamlı olaraq çirkləndirir, çayın məcrasında süni əngəllər yaradırdı. Erməni vandalları habelə, Sərsəng və Suqovuşan su anbarlarından suyun axınının qarşısını kəsmişdilər. Araşdırmaları zamanı bəlli olub ki, Ermənistan 1993-94-cü ildən bu yana hər il suvarma dövründə, yaz, yay aylarında su axınının qarşısını kəsib, keçmiş cəbhəyanı rayonlarda – Tərtər, Bərdə, Ağdamın işğalda olmayan hissəsi, Goranboy, Ağcabədi və Yevlax rayonları ərazisində əkin sahələrinə, meşə zolaqlarına sözün əsl mənasında ekoloji terror törədib. Nəticədə min hektarlarla ərazidə yaşıllıqlar məhv olub, əkinlə məşğul olan şəxslərə, Azərbaycan dövlətinə milyardlarla manat ziyan vurulub. Məlumdur ki, adları qeyd olunan rayonların su təchizatı hələ Sovet dövründən Sərsəng və Suqovuşan su anbarları hesabına həyata keçirilirdi. 44 günlük Vətən müharibəsi dövründə Suqovuşan su anbarı da erməni işğalından azad edildi. Suqovuşana Azərbaycanın nəzarəti bərpa olunandan sonra Tərtərçaya suyun axınının artırılması hesabına son 2 ildə 30 min hektara yaxın ərazimizdə suvarma işləri xeyli yaxşılaşıb. Qəzalı vəziyyətdə olan Sərsəng su anbarı isə hazırda sülhməramlıların nəzarət etdiyi, ermənilərin yaşadığı ərazidə yerləşir. Faktiki olaraq ermənilər 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatından sonra da separatçılıqdan əl çəkmir. Bu səbəbdən Sərsəng su anbarına Azərbaycanın müvafiq qurumlarının birbaşa icrası mümkün olmayıb. Bundan istifadə edən erməni tərəfi faktiki olaraq “su terroru”nu davam etdirir.
Ümumiyyətlə, Xankəndidəki separatçı rejimin həyata keçirdiyi ekosid nəticəsində son 28 ildə Sərsəng su anbarında suyun səviyyəsi 25,4 metr aşağı düşüb. Mütəxəssislərin hesablamalarına görə, anbarın su ilə doldurularaq normal səviyyəyə çatdırılması üçün minimum iki il gərəkdir. Separatçı rejimin qondarma “Su komitəsinin sədri” Georgi Ayriyayan etiraf edib ki, Sərsəngdə suyun səviyyəsinin aşağı düşməsinin daha da sürətlənməsinin əsas səbəbi elektroenerji istehsalının artırılmasıdır. Məhz bu səbəbdən Azərbaycan ekosidə görə Ermənistanı ədalət məhkəməsinə cəlb etmək niyyətindədir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyinə görə, Ermənistanın Azərbaycanın bir zamanlar işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələyə hüquqi müstəvidə baxılmalıdır. Xankəndidəki separatçı rejim isə bizi yeni ekoloji terror aktı ilə hədələyir. Rejimin başçısı Araik Arutyunyan bəyan edib ki, Sərsəng su anbarında “yaranmış vəziyyətlə əlaqədar olaraq” Azərbaycanın Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında 96 min hektar əkin torpaqları suvarılmadan məhrum olunacaq. Bu, aşkar şantaj və ekosid xəbərdarlığı sayıla bilər. Lakin Araik və ətrafındakılar unudurlar ki, Azərbaycan rayonlarına qarşı “su terroru” cəhdi separatçılar üçün çox ağır nəticələr verə bilər. Onların Sərsəng su anbarından “təzyiq vasitəsi” qismində istifadə etmələri ermənilərin gözlədikləri effektə səbəb olmayacaq, amma separatçılar üçün nəticə həddən ziyadə ağır ola bilər.
Sərsəng su anbarı ilə yanaşı, hazırda ermənilərin yaşadığı Azərbaycan ərazilərindən keçib gələn çayların da qarşısı kəsilib. Məsələn, Ağdamın əsas su mənbələrindən olmuş Xaçınçay hazırda quruyub. Ağdamın işğaldan azad edilmiş ərazilərinə dağlıq hissədən gələn bir sıra çaylar da həmçinin. Habelə, Tərtərçaya qoşulan kiçik çayların da məcrası məhv edilib, qarşısı kəsilib. Bu gün Qarabağda sürətli inkişaf Azərbaycanın əsas prioriteti olduğundan burada kənd təsərrüfatının inkişafı, infrastrukturun qurulması, əhalinin geri dönüşü üçün müvafiq beynəlxalq təşkilatlar da su mənbələri ilə bağlı məsələdə tələbkar olmalıdır. Bu, xüsusilə 10 noyabr Bəyanatının tələbidir və icrası mütləqdir.
Qeyd edək ki, Azərbaycan Respublikasına aid Sərsəng su anbarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Tərtərçayın üzərində inşa edilib. Su anbarı Azərbaycanın bir sıra rayonlarının (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektar civarında torpaq (əkin) sahəsini suvarma suyu ilə təmin etmək məqsədi ilə qurulub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı habelə, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalmışdı. Azərbaycan 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğaldan azad etdikdən sonra Sərsəng su anbarı ilə eyni vaxtda inşa olunmuş Suqovuşan (ona yerli əhali “bala Sərsəng” də deyirdi) su anbarına nəzarəti həyata keçirir. Suqovuşan su anbarı, kanallar qısa müddətdə restavrasiya edildi, anbarın suyu Tərtər çayı ilə yönləndirilməklə – 30 ildir qoyulan süni maneələri qaldırmaqla Azərbaycanın ətraf bölgələrindəki təxminən 30 min hektar ərazidə əkin sahəsinin suvarma təminatını yaxşılaşdırmağa nail oldu.

