Bakıda tələbələr arasında ölümlə nəticələnən kütləvi davanın təfərrüatları məlum oldu (VİDEO)
ARANTV.AZ aztoday.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırmalar zamanı məlum olub ki, baş verən dava heç də Bakı İdarəetmə ve Texnologiya Kollecinin ərazisindən kənarda baş verməyib. Kollecdə təhsil alan tələbələrin dediyinə görə, dava məhz Bakı İdarəetmə ve Texnologiya Kollecinin bufetində başlayıb və kollecin həyətində də davam edib. Belə ki, bir qrup tələbə mübahisə zəminində kollecin bufetində Qalib Əsgərova hücum edərək, ona ağır bədən xəsarətləri yetirmişlər. Kollec səlahiyyətlilərinin hadisəyə müdaxiləsi nəticəsində dava edən tərəflər kollecin binasından çıxarılıb. Daha sonra isə dava kollec binasının kənarında davam edərək, ölümlə nəticələnib. Sosial şəbəkələrdə yayılan video-görüntülərdən də məlum olur ki, Qalib Əsgərov kollecdən çıxarkən, paltarı cırılmış vəziyyətdədir. Bu da davanın kollec binasının daxilində başlandığını deməyə əsas verir.
Qalib Əsgərovun ailə üzvlərinin verdiyi açıqlamada isə bildirilir ki, Qalib Əsgərov da heç zaman epilepsiya xəstəliyi olmayıb. Ailə üzvlərinin sözlərinə görə, dəfələrdə tibbi müayinələrdən keçirilən Qalib Əsgərovun səhhətində heç bir problem qeydə alınmayıb.
Qalib Əsgərovun yaxınları həmçinin iddia edirlər ki, məlum hadisə zamanı təkcə Cümşüd Balabəyov yox, başqa tələbələr də davanın iştirakçısı olub və Qalib Əsgərova ağır-bədən xəsarətləri yetiriblər.
Ailə üzvləri həmçinin Bakı İdarəetmə və Texnologiya Kollecinin rəhbərliyini istintaq prosesinin obyektiv aparılmasına mane olmaqda günahlandırır.

