Dünya liderləri İlham Əliyevi təbrik edirlər – YENİLƏNİR
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Fürsətdən istifadə edərək, Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığın möhkəmlənməsinə şəxsi dəstəyinizə və töhfənizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu il xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan xalqı ölkənin tərəqqisi və inkişafında mühüm xidmətləri olan uzaqgörən lider Heydər Əliyevin 100 illiyini qeyd edir.
Əziz dost, əməkdaşlığımızın dövlətlərimiz, xalqlarımız üçün daha böyük uğurlar gətirəcəyini səbirsizliklə gözləyirik.
Sizə sülh, tərəqqi və uğurlarla zəngin gələcək arzulayıram. Qoy Azərbaycan bundan sonra da çiçəklənsin və inkişaf etsin!”
14:51
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“Milli bayramınız – Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Allahdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər diləyir, ölkənizə və xalqınıza daha böyük tərəqqi və firavanlıq, ölkələrimiz arasında fəxr etdiyimiz əlaqələrin daha da inkişafını arzulayıram.
Xahiş edirəm, ən xoş arzularımı qəbul edin”.
Bundan başqa, Tailand Krallığının Baş naziri General Prayut Çan-o-ça da dövlətimizin başçısına təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Tailand Krallığının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Otuz ildən çoxdur ki, Tailand və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da möhkəmlənəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
13:11
Filippin Prezidenti Ferdinand Romualdez Markos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Filippin xalqı və hökuməti adından Sizə ən səmimi təbriklərimi çatdırıram.
Son üç onillikdə Filippin ilə Azərbaycan arasında səmimi münasibətlər mövcuddur. İnanıram ki, dövlətlərimiz dostluq əlaqələrini gələcək illərdə də davam etdirəcək.
Filippin iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və pandemiyadan sonrakı bərpa kimi ümumi narahatlıq doğuran qlobal çağırışların həllində Azərbaycanla işləməyə hazırdır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.