Rəsmi Bakıdan Ermənistanın gizlətdiyi faktlarla bağlı mühüm açıqlama
İyunun 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger ilə görüşüb.
Musavat.com xəbər verir ki, nazir Ceyhun Bayramov Ermənistanın hərbi təcavüzü nəticəsində təxminən 4 minə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını diqqətə çatdıraraq, itkin düşmüş şəxslər məsələsinin Azərbaycan üçün prioritet humanitar istiqamətlərdən biri olduğunu vurğulayıb. Bu çərçivədə Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri, basdırılma faktları və mina xəritələri ilə bağlı mövcud məlumatların tam şəkildə təqdim edilməsinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Tərəflər Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair Saziş layihəsində itkin düşmüş şəxslər məsələsinə dair müddəanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu istiqamətdə etimadın qurulması və humanitar nəticələrin aradan qaldırılması üçün praktiki addımların vacibliyini qeyd ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin 44 günlük Vətən müharibəsindən sonra humanitar öhdəliklərinə sadiq qalaraq, mürəkkəb təhlükəsizlik şəraitinə və mina təhlükəsinə baxmayaraq genişmiqyaslı axtarış işləri həyata keçirdiyini, aşkarlanmış 2 mindən artıq erməni hərbçisinin cəsədini qarşı tərəfə təhvil verdiyini diqqətə çatdırıb. Bu addım Azərbaycanın beynəlxalq humanitar hüquqa hörmətinin və humanitar məsələlərdə konstruktiv yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilib.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Görünən odur ki, Azərbaycan itkin düşmüş vətəndaşlarımızla bağlı məsələni dövlət siyasətinin prioritet istiqaməti olaraq diqqətdə saxlamağa davam edir.

Mövzunu Milli Məclisin deputatı Rizvan Nəbiyev ilə müzakirə etdik. R.Nəbiyev Musavat.com-a şərhində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının, eyni zamanda İtkin Düşmüş Şəxslər üzrə Dövlət Komissiyasının üzvü kimi sülh quruculuğu prosesində vətəndaş cəmiyyətinin rolundan danışıb:

“Almaniyanın Saarbrücken şəhərində – Fransa ilə sərhəddə yerləşən və əsrlər boyu davam edən münaqişələrin təsiri altında formalaşmış bir bölgədə tələbə olarkən, münaqişədən sonrakı cəmiyyətlər barədə birbaşa təcrübə əldə etdim. Mən öyrəndim ki, belə cəmiyyətlərdə barışıq insanların bir-birinin ağrı və əzabını qəbul etməsi ilə başlayır. Vətəndaş cəmiyyəti bu prosesdə xüsusi rol oynayır. Qeyri-hökumət təşkilatları və zərərçəkənlərin assosiasiyaları onilliklər boyu yaxınlarının yolunu gözləmiş ailələrin səsini çatdırır, xatirələri yaşadır və zərərçəkənlərə dəstək göstərirlər. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında humanitar əməkdaşlıq etimadın möhkəmləndirilməsi üçün yeni imkanlar yarada bilər. Ermənistan tərəfindən itkin düşmüş şəxslər, dəfn yerləri və müvafiq sənədlərlə bağlı məlumatların təqdim olunması etimadın formalaşmasına mühüm töhfə verərdi.
2020-ci ildən sonra azad edilmiş ərazilərdə 32 kütləvi məzarlığın aşkar olunması dərin narahatlıq doğurur. Birinci Qarabağ müharibəsi zamanı 61 ailə iki nəfərdən yeddi nəfərədək yaxınını itirib və onların hamısı bu günə qədər itkin hesab olunur.
Uzun illər ərzində Azərbaycan vətəndaş cəmiyyəti, insan hüquqları müdafiəçiləri, mina qurbanları, etnik təmizləmədən sağ çıxmış şəxslər və itkin düşmüş insanların ailələri beynəlxalq ictimaiyyətə sülhsevər və hüquqi əsaslara söykənən çağırışlarla müraciət ediblər.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Ermənistanı itkin düşmüş şəxslərin axtarışını asanlaşdırmaq məqsədilə kütləvi məzarlıqların yerləşdiyi əraziləri göstərən xəritələri Azərbaycana təqdim etməyə çağırıb.
Bu baxımdan, Beynəlxalq İtkin Şəxslər üzrə Komissiya (ICMP) ilə əməkdaşlıq və onun dəyərli təcrübə və ekspertizasından faydalanmaq xüsusi əhəmiyyət kəsb edir.
2025-ci ilin avqust ayında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin nümayəndələri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Məcburi İtkin Düşmələr üzrə Komitəsinin (CED) Katibliyi ilə görüş keçiriblər.

Görüş zamanı Azərbaycan nümayəndələri Azərbaycana qarşı müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərdən heç birinin Ermənistanda məsuliyyətə cəlb edilməməsindən narahatlıqlarını ifadə ediblər. Əksinə, həmin şəxslərdən bəziləri Ermənistan cəmiyyətində qəhrəman kimi təqdim olunublar.
Son günlərdə yayımlanan açıq məktubda Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Bakı Hərbi Məhkəməsində müharibə cinayətləri ilə bağlı mühakimə olunan erməni əsilli şəxslərin “girov” və ya “siyasi məhbus” kimi təqdim edilməsinin yolverilməz olduğunu vurğulayıblar”.
Deputat qeyd edib ki, Azərbaycan QHT-ləri, həmçinin, Ruben Vardanyan və ağır cinayətlərə görə məhkum olunmuş digər şəxsləri qurban kimi təqdim edən beynəlxalq kampaniyalara qəti etirazlarını bildiriblər: “Onların fikrincə, bu cür yanaşmalar həmin şəxslərin törətdiyi cinayətlər nəticəsində zərər çəkmiş əsl qurbanların – azərbaycanlıların taleyini kölgədə qoyur. Bu gün QHT-lərin Ermənistan tərəfinə mesajı aydındır-itkin düşmüş şəxslər məsələsi heç vaxt siyasi təzyiq aləti kimi istifadə edilməməlidir.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, itkin düşmüş şəxslər məsələsi yalnız hüquqi və ya siyasi məsələ deyil – bu, hər şeydən əvvəl humanitar məsələdir. Eyni zamanda bu, ədalət, barışıq və davamlı sülh məsələsidir”, deyə R.Nəbiyev vurğulayıb.