Azərbaycan itkinlərin axtarışında yeni dövrə keçir: Xüsusi radarlar alınır
İtkin düşən şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni texnologiyaların tətbiqi planlaşdırılır.
Musavat.com xəbər verir ki, Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ən yüksək humanitar prioritetlərdən biri olaraq qalır. Bu məqsədlə beynəlxalq təcrübədən, müasir texnologiyalardan və ən yaxşı metodlardan istifadə davam etdirilir.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri Qəzənfər Əhmədov bildirib.
Onun sözlərinə görə, gələn il yeraltı radarlarla təchiz olunmuş xüsusi müşahidə sistemlərinin alınması planlaşdırılır. Bu tip sistemlər artıq bir neçə Skandinaviya ölkəsində uğurla sınaqdan keçirilib və yeraltında yerləşən iri obyektləri, o cümlədən insan qalıqlarını aşkar etməyə imkan verir.
Bundan başqa, yeni nəsil pilotsuz uçuş aparatlarının tətbiqi də nəzərdə tutulur. Bu sistemlər uzun müddət havada qala bilir və qabaqcıl skaner və sensorlarla təchiz ediləcək. Onlar mümkün axtarış zonalarını və maraq doğuran əraziləri müəyyənləşdirməyə kömək edəcək.
Qəzənfər Əhmədov qeyd edib ki, bu pilotsuz aparatların mühüm üstünlüklərindən biri də xəritələşdirmə imkanlarıdır. Onlar bir gün ərzində 45 kvadrat kilometrdən artıq ərazinin xəritəsini hazırlaya bilir.
O vurğulayıb ki, müasir texnologiyalar gələcək humanitar axtarış əməliyyatlarının mühüm hissəsinə çevriləcək, mütəxəssislərin təcrübəsini tamamlayacaq və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsində daha yüksək nəticələrin əldə olunmasına kömək edəcək.