Çərşənbə, 01 İyl, 2026

Azərbaycana gətirilən uşaq qidasının tərkibində toksinlər aşkar edilib — Tonlarla məhsul geri qaytarılıb

“Azərbaycana idxal olunan 9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Trend” İnformasiya Agentliyinə və “Xəzər” TV-yə birgə müsahibəsində deyib.

AQTA sədrinin sözlərinə görə, bunun 2 568 kiloqramı Türkiyədən, 2 400 kiloqramı Gürcüstandan, 4 435 kiloqramı isə İsveçrədən idxal olunan uşaq qidaları olub:

“Aparılan laborator müayinələr zamanı həmin məhsulların tərkibində təhlükəli toksinlər aşkar edildiyinə görə onlar tərəfimizdən ixracatçı ölkələrə geri qaytarılıb. Müxtəlif monitorinqlər zamanı 100 kiloqramdan çox uşaq qidası insan istehlakı üçün yararsız hesab olunaraq dövriyyədən çıxarılıb və məhv edilib”.

Agentlik sədri bildirib ki, qida təhlükəsizliyi sahəsində aparılan nəzarət tədbirləri zamanı 46 müəssisədən götürülmüş 78 kolbasa və sosiska nümunəsi üzrə laborator müayinələr həyata keçirilib və nəticədə müxtəlif məhsullarda insan istehlakı üçün yararsız göstəricilər müəyyən edilib:

“Kolbasa və sosis məhsullarının üzərindəki etiket məlumatları ilə məhsulların faktiki qida dəyərləri arasında uyğunsuzluqlar da aşkarlanıb. Əsasən 10 halda məhsulun tərkibində at DNT-si tapılıb. Həmin faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və aidiyyəti müəssisələr barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər

həyata keçirilib. Bizim cəmiyyət adətən bu məsələlərdə daha çox sanitariya tərəfinə diqqət yetirir. Amma əslində, qida təhlükəsizliyində əsas məsələ gigiyenik tənzimləmədir. Yəni insanlar daha çox hansısa istehsal müəssisəsində aparılan yoxlamaları, sanitar normaların pozulmasını görür və buna diqqət yetirirlər”.