Çərşənbə, 01 İyl, 2026

İnvestisiya üçün torpaq yaxşıdır, yoxsa hazır ev?

Daşınmaz əmlak uzun illərdir ən etibarlı investisiya alətlərindən biri hesab olunur. Lakin investisiya etmək istəyənlərin qarşısında vacib seçim dayanır. Torpağa yatırım daha çox qazanc vəd edir, yoxsa mənzilə qoyulan vəsait daha sərfəlidir?

Mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, Azərbaycanda istər torpaq, istərsə də fərdi evlərin qiymətinin hər il müəyyən faiz dərəcəsində artdığını nəzərə alsaq bu onu deməyə əsas verir ki, əmlaka qoyulan vəsait dəyərini itirmir, əksinə, gəlir gətirir:

“Bu il aldığınız evi gələn il satsanız, ondan qazanc əldə etmək mümkündür. Ev və torpağı müqayisə etsək, investisiya baxımından ev daha əlverişli hesab olunur. Çünki xüsusilə Bakı və ətraf qəsəbələrdə kirayə mənzillərə tələbat yüksəkdir və kirayə qiymətləri kifayət qədər bahadır. Bu da investisiya üçün ev almağın daha sərfəli olduğunu göstərir. İnvestora qazanc gətirən iki əsas amil var. Birincisi, qiymət artımıdır. Məsələn, bu il 200 min manata alınan evi gələn il təxminən 220-225 min manata satmaq mümkündür. Hazırkı bazar vəziyyəti bunu göstərir”.

Ekspert deyib ki, ikinci qazanc mənbəyi isə kirayə gəliridir:

“Məsələn, yeni binada 200 min manata alınan mənzili ayda təxminən 700-800 manata kirayə vermək mümkündür. Köhnə binalarda isə bu məbləğ 500-600 manat civarında dəyişir. Əgər mənzil ayda 800 manata kirayə verilirsə, bu il ərzində təxminən 9 min 600 manat gəlir deməkdir. Beləliklə, 200 min manata alınan mənzil həm kirayədən gəlir gətirir, həm də bazar dəyəri artır. Nəzərə alsaq ki, il ərzində əmlakın qiymətində yenidən artım baş verir, bu da investora əlavə qazanc qazandırır. 2019-cu ildən etibarən əmlak bazarında müşahidə olunan tendensiya göstərir ki, evə qoyulan vəsait investorlara gəlir gətirməyə davam edir. Hazırkı vəziyyətdə Bakı və ətraf qəsəbələrdə əmlaka qoyulan pul, xüsusilə də evlərə yatırılan investisiya dəyərini itirmir. Əksinə, həm qiymət artımı, həm də kirayə gəliri hesabına qazanc əldə etmək mümkündür. Bu baxımdan, investor öz vəsaitini əmlaka yönəldərsə, düşünürəm ki, bundan daha çox qazanc əldə edə bilər” , – deyə o qeyd edib.