Region Xəbərləri 

MÜSTƏQİLLİYƏ GEDƏN YOL

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” bu müstəqilliyi qazanmaq heç də asan olmayıb. Öz ömrünü xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyev, doğma vətəninə qayıdaraq 1990-cı ildə Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi. Bu dövrdə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər gördü. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Soveti üçrəngli cümhuriyyət bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı kimi təsbit olunması barədə qərar qəbul etdi. Həmin qərarda yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması Azərbaycan Respublikasının ali qanunverici orqanına təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi oldu. Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirildi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırıldı. Ölkə ərazisində baş vermiş və baş verməkdə davam edən bütün qeyri-qanuni hadisələr məhz Naxçıvan Ali Məclisində müzakirə olunur və müvafiq qərarlar qəbul olunurdu. Bu müzakirələrdə mövcud siyasi vəziyyət əhatəli təhlil olunur, ölkədəki böhranlı vəziyyətdən çıxış yolları aranırdı.
Naxçıvanda həyata keçirilən bütün tədbirlər Azərbaycana nümunə oldu.
Bu tədbirlərdən biri də 1991-ci il avqustun 30-da Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin elan olunması təşəbbüsü ilə çıxış etməsi idi. Bunun nəticəsi olaraq sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında”Bəyannamə qəbul olundu. Elə həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
Ulu Öndər Heydər Əliyev AXC-nin yarandığı günü, müstəqillik günü kimi dəyərləndirib, bunu faktlarla əsaslandırıb.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali məclisinin sədri seçildi, həm də Azərbaycan Respublikası ali Sovetinin müavini oldu.
Bu illər tariximizin ən parlaq səhifələrini təşkil edir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə aparılan siyasəti, onun xalqı üçün etdiyi təşəbbüs, bu gün də dövlətçiliyimiz üçün böyük məktəbə çevrilib. Müstəqil Azərbaycanın gələcək inkişafının istiqamətləri məhz burada müəyyənləşdirilib.
Bu günümüzün təməli, məhz Heydər Əliyevin bütün bu siyasi uzaqgörənliyinin nəticəsidir. O, Azərbaycan müstəqilliyinin möhkəm təməlini qoydu. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişafı reallaşdırdı. Bu dövrdə yeni islahatlar həyata keçirilir, qanunlar qəbul olunurdu. Bunlar hamısı 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyada öz əksini tapdı. Beləliklə sosial sabitliyin əsası qoyuldu və Müstəqil Azərbaycan formalaşdı.
Mustafabəyli Sevinc – A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbin coğrafiya müəllimi

Daha çox xəbərlər