Cəmiyyət 

Etiraf mədəniyyət(sizliy)i…

Künc zərbəsi

Radikal müxalifət qatılmadığı seçkilər haqqında böhtan kampaniyasının sifarişini haradan alır?

Hər iki nəticə gözlənilən idi – Azərbaycan xalqının iradə və birlik nümayiş etdirərək, demək olar ki, yekdilliklə öz layiqli Liderinə növbəti dəfə etimad göstərməsi də. Radikal müxalifətin xalqın yanında olmaq əvəzinə həmişəki kimi Azərbaycana düşmən dairələrin sifarişlərini yerinə yetirmək məqsədilə böhtan və qarayaxma kampaniyasını genişləndirməsi də. Fevralın 7-də keçirilmiş prezident seçkiləri bir reallığı da ortaya çıxardı ki, özlərini “siyasətçi” adlandıran əli kərimlilər, arif hacılılar və onların əlaltıları sağlam düşüncə, etiraf mədəniyyəti kimi hər bir normal siyasətçi üçün lazım olan keyfiyyətləri də pərəstiş etdikləri Qərb “demokratlarına” dəyər-dəyməzinə satıblar. Belə olmasaydı, seçkilərdə prezidentlik postu uğrunda mübarizədə iştirak edər, uduzacaqları təqdirdə isə Azərbaycanda məğlub olmuş digər namizədlər kimi, eləcə də özlərinin nümunə gətirdikləri ölkələrin “demokratik prinsipləri”nə uyğun qalib gəlmiş namizədi təbrik edərdilər. Çünki seçkiqabağı bütün namizədlər üçün bərabər rəqabət şəraitinin yaradıldığı reallığını hətta ən qatı əleyhdarlarımız da etiraf etməyə məcburdurlar. Ancaq AXCP sədri Əli Kərimli də, Müsavat başqanı Arif Hacılı da bəri başdan öz biabırçı məğlubiyyətlərinin fərqində olmamış deyildilər. Sadəcə, bunu etiraf etməyə onların siyasi mədəniyyətləri, daha dəqiqi mədəniyyətsizlikləri yuxarıda yazdığımız səbəbdən çatmadı. Etiraf mədəniyyətin hörmət gətirən bir yanaşmasıdır. Məntiqi olaraq bunu bacarmayanlar da hörmətə layiq deyillər.

Sözügedən seçkilərdə Müzəffər Ali Baş Komandanın alternativsizliyini, səs çoxluğu ilə qələbə qazanmasını şərtləndirən saysız-hesabsız arqumentlər var. Ancaq bunlardan ən mühümü qeyd-şərtsiz məhz İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, bütün xarici təsir və təzyiqlərə rəğmən Qarabağda separatizmin ləğvinə nail olunmasıdır. Görünür, xüsusilə bu məqam Cənubi Qafqazda ölkəmiz əleyhinə məkrli planları suya düşənləri belə aqressivləşdirib, onlar da Azərbaycandakı qul-beçələrinə  – radikal müxalifətin dəstəbaşı olan əli kərimlilərə, arif hacılılara yeni sifarişlər veriblər.

Əslində, həm anti-Azərbaycan dairələrinin, həm də hər fürsətdə ölkəmizin adını ləkələməyə çalışan “sapının da kimdən olması naməlum

baltaların” ən layiqli cavabını həmişəki kimi, yenə xalq özü verdi. Seçkilərdə mütəşəkkil şəkildə iştirak etməklə, Azərbaycanın yeni inkişaf erasının memarına səs verməklə hamıya nümayiş etdirdik ki, azad, demokratik, şəffaf seçki necə olur, xalq-iqtidar birliyi necə sarsılmazdır. Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizin də, bir günlük antiterror tədbirlərinin uğurla nəticələnməsinin də, bu gün işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaşdırılmasının da, keçmiş məcburi köçkünlərin otuz ildən sonra öz doğma yurdlarına qayıdışının da bünövrəsində məhz bu birlik dayanır. 7 fevral seçkiləri sübut etdi ki, milliyyətindən, dini etiqadından və dilindən asılı olmayaraq bütün Azərbaycan xalqı yenə də Ali Baş Komandanının – Qalib Sərkərdəsinin yanındadır, ona inamı, etimadı sarsılmazdır!

AXCP və Müsavat Partiyasının seçkilərdə iştirakdan imtinasının səbəbini anlamaq olar. Ancaq onların iştirak etmədikləri seçkilərin nəticələrini tanımadıqlarını bəyan etmələri gülüş və ikrah doğurur. Və suallar yaranır: Uduzacağınızdan qorxub iştirak etməmisinizsə azad, şəffaf və demokratik keçirilmədiyini hansı əsasla iddia edirsiniz axı? Hazırkı dövlət başçısı İlham Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin, yəni  4 mlyon yarımdan artıq vətəndaşın səsini qazanıb. Yoxsa Azərbaycan ümumi əhalisinin yarısının, səsvermə hüququ olan insanların isə az qala hamısının seçimi, münasibəti sizin üçün heç nə ifadə etmir?

Bu gün əli kərimlilərə, arif hacılılara “BBC”lərində, nə bilim, “əmisi”lərində meydan verən, onların Azərbaycan əleyhinə çıxışlarını öz qərəzli hesabatlarının bəndlərinə çevirən bəzi Qərb təsisatlarının “demokratiya” anlayışına gəlincə, biz yaxşı bilirik onlar əslində nəyin davasını aparırlar. Otuz ildə üzləşdiyimiz ədalətsizliklər, həmin o dırnaqarası “demokratların” işğalçı Ermənistana münasibəti bizə çox şey öyrədib. Deqradasiyaya uğramış, köhnəlmiş, təzyiq vasitəsinə çevrilmiş o prinsipləri Qərb özünə saxlasın. Bizim suverenliyimizə dil uzadanlara, hər fürsətdə ərazi bütövlüyümüzü şübhə altına alanlara hörmətimiz də yoxdur, ehtiyacımız da. Elə onların əlaltılarına çevrilmiş satqınlara da…

Daha çox xəbərlər