“Wi-Fi” xəbərdarlığı: Nələrə diqqət etməliyik?
Bir neçə gün öncə Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu – İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları uyğunluq sertifikatı olan telekommunikasiya vasitələri və qurğularından istifadə etməklə bağlı çağırış etdi. Bildirildi ki, uyğunluq sertifikatı olmayan avadanlıqlardan istifadə edilməsi ölkənin iqtisadi maraqlarına zidd olmaqla yanaşı, sağlam rəqabət mühitinin formalaşmasına, bazara keyfiyyətli telekommunikasiya vasitələrinin və qurğularının daxil olmasına mane olur. Xüsusilə qeyd edildi ki, bazara gətirilən sertifikatı olmayan “Wi-Fi” qurğularının zəif və dayanıqsız yayım siqnalları ötürməsi keyfiyyətsiz internet xidmətinə səbəb olur.
Məhsulun etibarlı olması ilə bağlı zəmanət varmı?
İnformasiya Texnologiyaları (İT) mütəxəssisi Fərhad Mirəliyev məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, telekomunikasiya qurğuları və vasitələri İT infrastrukturunun və şəbəkəsinin çox vacib komponentlərindən biri sayılır: “Bir çox müəssisələrdə də dövlət tərəfindən bu avadanlıqlar və qurğulara uyğunluq sertifikatı verilir. Sözügedən avadanlıqlar laboratoriya şəraitində yoxlamalardan keçirilir. Burada avadanlıqların funksionallığı, təhlükəsizliyi ilə bağlı əmin olduqdan sonra onların istifadəsinə icazə verilir. İstər özəl, istərsə də dövlət korporativ müəssisələrində bu cür avadanlıqların və qurğuların işinə, onların təhlükəsiz quraşdırılmasına nəzarət mərkəzləşmiş qaydada həyata keçirilir. Ən azından həmin müəssisələrin özündə bu məsələləri daim nəzarətdə saxlamaq üçün bir İT komanda fəaliyyət göstərir. Amma fərdi istifadəçilərlə bağlı məsələ bir az qəlizdir. Sahibkar “x” bir məhsulun xaricdən Azərbaycana gətirilməsini təmin edir və həmin məhsulun satışı tanıdığımız mağazalar şəbəkələrində aparılır. İstifadəçi də həmin satış yerlərindən məhsulu əldə edir. Amma məhsulun nə qədər etibarlı və uyğun olması ilə bağlı onda heç bir zəmanət olmur. Ona görə də bu məsələlərlə bağlı dövlət qurumları mütəmadi olaraq təftişlər etməli, standartlara uyğun olmayan avadanlıq və qurğuları satışdan kənarlaşdırmalıdırlar.
Bu qurğularla bağlı bəzi təhlükəli nüanslar ola bilər. Belə ki, hər bir cihazın özünün həm aparat, həm də proqram təminatında informasiya təhlükəsizliyi ilə bağlı gözlənilməli, qorunmalı məqamlar var. Əgər bu cür avadanlıqlar üçün yoxlamalar təşkil olunmazsa, hansısa testlərdən və laboratoriya yoxlamalarından keçirilməzsə, həmin avadanlıqlarda istehsalçı tərəfindən müəyyən təhlükəsizlik tələblərinin gözlənilmədiyi məlum ola bilər. Sözügedən “Wi-Fi” ötürücü və yaxud paylayıcı qurğular provayderin şəbəkəsindən gələn trafiki emal edir, paylayır. Burdan da belə məntiqi nəticə çıxır ki, bütün trafik həmin avadanlığın içərisindən keçir. Siz evdə və ya kiçik ofislərdə nəzarətsiz yaxud vendoru bəlli olmayan, zirzəmi şəraitində hazırlanan avadanlıq və cihazlardan istifadə etdikdə telefondan və kompyuterlərdən keçən bütün trafikin izlənilməsinə, emal olunmasına, təhlükəsizlik qaydalarına riayət olunmadan ötürülməsinə şərait yaradırsız.
Bəzən istifadəçilər “Wi-Fi” qurğularından siqnalın zəifliyindən şikayətlənirlər
Burada “Huawei” şirkətini nümunə olaraq göstərə bilərik. Bu şirkətin istehsal etdiyi çip və mikrosxemlər əksər sənaye avadanlıq və cihazlarında istifadə olunur. Bu yaxınlarda Amerikada aparılan laboratoriya yoxlanışları göstərdi ki, şirkətin çip və mikrosxemləri o qədər də etibarlı deyil və çox böyük ehtimal ki, məlumatları kənara sızdırır. Bu səbəbdən Amerikada şirkətə sanksiyalar tətbiq edildi. “Huawei” şirkəti ilə bağlı insident, böyük miqyaslı hadisədir. Amma eyni prinsiplə evlərimizdə istifadə etdiyimiz qurğular da informasiya təhlükəsizliyi üçün təhdid sayıla bilər. Çünki həmin qurğuların birinci aparat təminatı, ikinci isə proqram təminatı çox dəqiqliklə yoxlanılmalıdır. Əgər onlarda informasiya təhlükəsizliyinə təhdid yoxdursa, o zaman satışa çıxarılmalıdır. Yaxud həmin cihazlar üçün mütləq şəkildə müraciət edilərək uyğunluq sertifikatı alınmalıdır.
Bəzən evlərdə “Wi-Fi” qurğularından istifadə edənlər siqnalın zəifliyindən şikayətlənirlər. Bir qurğuya artıq 5-10 nəfər istifadəçi qoşulduğu zaman isə internetdə müəyyən ləngimələr olur və funksionallıq aşağı düşür. Bunların hamısı həmin cihazların standartlara uyğun olmayan formada, ucuz detallarla hazırlanmasından xəbər verir. Ona görə də sözügedən avadanlıqları alarkən bazarda tanıdığımız vendorların məhsullarını əldə etmək məsləhətlidir. Yaxud alacağınız ventor haqqında geniş araşdırma etmək lazımdır. Seçim edən zaman avadanlığın istehsalçı tərəfindən mütəmadi yeniləmələr alması məsələsi xüsusilə diqqətdə saxlanılmalıdır. Əgər bir avadanlıq yeniləmə almırsa yaxud yeniləməsi istehsalçının saytında yerləşdirilmirsə, onda o təhlükəli hesab olunur. Bu cür avadanlıqlardan istifadəni əlbəttə ki, dayandırmaq lazımdır. İnformasiya təhlükəsizliyi ilə bağlı tövsiyə edəcəyim məqamlardan biri də istifadə olunan avadanlıqların istehsal müddətinin ötürülməməsidir. Yəni, bir avadanlıq 3-5 il müddətində istifadə üçün nəzərdə tutulur. Bu müddəti ötürdükdən sonra həmin avadanlıqdan istifadəni davam etdirmək təhlükəlidir. Üstəlik bu müddəti ötürdükdən sonra artıq texnoloji cəhətdən də həmin avadanlıq köhnəlmiş hesab olunur. Biz onun işində fasilələr, dayanmalar, keyfiyyətsiz xidmət, aşağı performans kimi halları müşahidə edə bilərik”.