Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qaynatasını qətlə yetirməkdə təqsirləndirilən Mehman Balayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 20-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il dekabrın 8-dən 9-na keçən gecə Qubanın İkinci Nügədi kəndində baş verib. Küsüb atası evinə gedən həyat yoldaşının yanına – uşaqlarını görməyə gedən kənd sakini olan 39 yaşlı M.Balayev qaynatası Heybət Heybətovla mübahisə edib və ona qol, çiyin və qarın nahiyəsindən 5 bıçaq endirib.
Dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 57 yaşlı qaynata H.Heybətov xəstəxanada ölüb.
Məlumata görə, M.Balayevin həyat yoldaşı hadisədən 3-4 ay əvvəl atası evinə qayıdıb. İki azyaşlı uşağını görməyə gələn kürəkənin qaynata ilə sözü çəp gəlib.
Polis əməkdaşları M.Balayevi şübhəli şəxs kimi saxlayaraq istintaqa təhvil verib. (olke.az)
