Region Xəbərləri 

Azərbaycan yeni minilliyin başlanğıcında

Hələ 2003-cü ilin oktyabr ayından prezidentlik səlahiyyətlərinin icrasına başlayan İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək istər hüquqi və dövlət quruculuğu, istərsə də beynəlxalq arenada sayısız uğurlara imza atmışdır. Bir çox dövlətlərlə diplomatik əlaqələr yaradılmışdır.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Onu da qeyd edək ki, son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Təbii ki, qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
4 iyul 2024-cü il tarixdə Qazaxıstanın Astana şəhərində ŞƏT-in zirvə toplantısı keçirildi. Azərbaycanın ŞƏT kimi mötəbər qurumun zirvə görüşünə ikinci dəfə dəvət olunması Prezident İlham Əliyevin şəxsiyyətinə yüksək hörmətin göstəricisi olmaqla yanaşı, ölkəmizin dünya miqyasında təsirinin, o cümlədən Şərqlə Qərb, Şimal və Cənub arasında körpü kimi əsas rolunun əyani təsdiqi hesab edilə bilər. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
Görüşdəki çıxışda bir sıra məsələlərə toxunan prezident vurğulayıb ki, təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək:
“Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır”.
Qeyd edək ki, COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, – deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.
Hər kəsə də məlumdur ki, türk ölkələri eləcə də Qazaxıstan ilə əlaqələrin genişləndirilməsi,Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətidir. Dövlətimizin və dövlət başçımızın əsaslı səyləri yaxın gələcəkdə Qazaxıstanla eləcə də digər türk dövlətləri ilə iş birliyi əsasında yeni uğurlara imza atılacağına böyük zəmin yaradır.
Samirə Qasımova-Xanərəb kənd tam orta məktəbdə Peşə təmayüllü siniflər layihəsində-qrup rəhbəri

Daha çox xəbərlər