“New York Times” Azərbaycandakı təyyarə qəzasını manşet etdi
Dünyanın nüfuzlu media orqanlarından biri olan “New York Times”, Azərbaycanın AZAL-a məxsus təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı geniş material yayımlayıb. Məqalə qəzanın təfərrüatlarına, həlak olanların və sağ qalanların sayına, eləcə də beynəlxalq reaksiyalara diqqət çəkir.
“New York Times” yazır ki, Bakıdan Qroznıya uçan təyyarədə 67 nəfər, o cümlədən ekipaj üzvləri olub. Hadisə nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb. Məqalədə sağ qalan sərnişinlərin ifadələrinə əsaslanaraq təyyarədə partlayış səslərinin eşidildiyi vurğulanır.
“New York Times” həlak olanların ailələrinə başsağlığı verən liderlərin açıqlamalarını da oxuculara təqdim edir.
• Azərbaycan Prezidenti İlham Əliyev qəzanın baş verdiyi andan hadisəni diqqət mərkəzində saxlayıb və beynəlxalq araşdırmanın aparılmasını dəstəkləyib.
• Ukrayna Prezidenti Volodimir Zelenski hadisəni MH17 ilə müqayisə edərək Rusiyanın məsuliyyətini gündəmə gətirib.
• ABŞ hökuməti, Azərbaycan və Qazaxıstanla birgə istintaqa texniki dəstək təklif edib.
Məqalədə Azərbaycan dövlətinin məsuliyyətli və təqdirəlayiq davranışı xüsusi vurğulanır. Prezident İlham Əliyevin şəffaf və obyektiv araşdırmanın aparılması istiqamətində beynəlxalq dəstəyi cəlb etməsi, həmçinin həlak olanların ailələrinə göstərilən humanitar yardım qeyd olunur.
“New York Times” qəzanı öz manşetində yayımlamaqla, hadisənin beynəlxalq ictimaiyyət üçün nə qədər önəmli olduğunu bir daha göstərdi. Məqalədə həmçinin, liderlərin açıqlamaları, Azərbaycan hökumətinin reaksiyası və təyyarənin vurulması ilə bağlı artan şübhələrə diqqət çəkilir.
Musavat.com